Məhkəmə qərarları › İş №2(006)-4276/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4276/2025

03.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4276/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC Hərəkət Vasitələrinin Təmiri Departamentinin xx.xx.2025-ci il tarixli 13-1/3-10-11983/2025 saylı əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X4 mühəndis-texnoloq vəzifəsinə qəbul edilmişdir. Həmin tarixdən daxili dəyişmələr nəzərə alınmaqla xx.xx.2025-ci il tarixə kimi yəni, 23 ildən artıq müddətdir ki, eyni yerdə işləmişdir. O, 1998-2002-ci illərdə Azərbaycan Respublikası Texnologiya Universitetində mexanika ixtisası üzrə ali təhsil almışdır. İşlədiyi müddət ərzində ixtisası üzrə verilən bütün tapşırıqları yerinə yetirmişdir. Əmək fəaliyyəti ilə bağlı işlədiyi 23 il 3 ay müddət ərzində rəhbərlik tərəfindən ona qarşı heç bir intizam tədbiri tətbiq olunmamışdır. Əksinə rəhbərlik tərəfindən iş fəaliyyətinə görə hər zaman mükafatlandırmaya layiq görülmüşdür. İşlədiyi müddət ərzində qeyri-qanuni hallara qarşı barışmaz mövqe tutmuşdur. Belə ki, tabeçiliyində olan işçiləri öz vəzifələrinin icrası əvəzinə onları digər kənar sahələrdə işlətmişlər. Bununla əlaqədar o, rəhbərliyə öz iradını bildirmiş və qeyd etmişdir ki, tabeliyində olan işçilər qeyri-qanuni olaraq digər sahələrdə əməyə cəlb olunması qeyri-qanuni olmaqla əmək qanunvericiliyinin pozulmasıdır. Bu barışmaz mövqeyinə görə rəhbərlik onunla qərəzli mövqe tutmuş, həmişə onu məqsədli şəkildə işdən kənarlaşdırmağa çalışmışdır. Bundan əlavə qeyd edir ki, 2024-cü ilin yay aylarında anbar sənədlərini məqsədli şəkildə «itirmişlər». Əvəzində yeni tərtib olunmuş anbar uçotu sənədlərinə imza etməsini tələb etmişlər. Həmin sənədlərə baxan zaman ona aydın olmuşdur ki, anbardan xaric olan mal-materiallar artıq göstərilərək rəqəmlər şişirdilmişdir. O, bu əməlin cinayət olduğunu rəhbərliyə bildirmiş və sənədlərə imza etməkdən imtina etmişdir. Bu səbəbdən də, rəhbərlik ona qarşı qərəzli mövqe tutaraq həmişə işdən çıxarmağa bəhanə axtarmışdır. İşini, öz vəzifə borcunu qanunvericiliyin tələbinə uyğun apardığı üçün onu işdən azad edə bilməmişlər. Lakin, aprel ayında onun xəbəri olmadan attestasiya ilə əlaqədar imtahana çağırmışlar. İmtahan qeyri-obyektiv keçirilmiş, ixtisası və vəzifəsi üzrə suallar verilməmişdir. İmtahan sualları qabaqcadan heç kimə bildirilməmişdir və imtahanla əlaqədar heç bir təlim-tədris işi aparılmamışdır. Dərslərin keçirilməsi formal xarakter daşıyır. Ayda bir dəfə gələrək dərsdə şəkil çəkilib və rəhbərliyə yalan məruzə edilib. Hesab edir ki, keçirilən imtahanın məqsədi işçilərin bilik səviyyəsinin yoxlanması və artırılması əvəzinə, işçilərin işdən kütləvi şəkildə çıxarılmasına xidmət etmişdir. Həmçinin onu da qeyd edir ki, qeyri-qanuni hallar haqqında Azərbaycan Respublikası Baş Prokurorluğuna rəsmi qaydada müraciət etmişdir. Ehtimal olunur ki, baş vermiş vəzifə mövqeyindən sui-istifadə halları prokurorluq tərəfindən araşdırılacaq. Yanaşma fərdi qaydada qərəzli olduğu üçün onun əmək hüquqları pozulmuşdur. Onun 23 illik iş təcrübəsi var və öz işinin öhdəsindən gəlir. Hesab edir ki, ona qarşı qərəzli mövqe tutulduğu üçün işə bərpa olunmalıdır. O, əmrin ləğvi ilə bağlı işə bərpa tələbinə dair xx.xx.2025-ci il tarixdə Gəncə 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi mediator X6 tərəfindən keçirilmişdir. Qarşı tərəf mediasiya prosesində iştirak etmədiyi üçün heç bir barışıq əldə olunmamışdır. Bununla əlaqədar İlkin mediasiya Sessiyasında (İMS) iştirak edilməməsi barədə müvafiq arayış alınmışdır. Bu səbəbdən işə bərpa ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə qorunan əmək hüquqları ciddi pozularaq işdən qanunsuz yolla azad edilmişdir. O, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan işdən azad edilmişdir. Cavabdeh tərəfindən qanunun tələbinə əməl edilməmiş, qanunvericilik dəfələrlə pozulmuşdur ki, qeyd olunan halların heç biri araşdırılmamış, onun hüquqlarının pozulmasına əhəmiyyət verilmədən qanunsuz və əsassız əmr çıxarılmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən xitam verilməsi barədə ADY-nin Hərəkət vasitələrinin təmiri departamentinin xx.xx.2025-ci il tarixli 13-1/3-10-11983/2025 nömrəli əmri tam qanuni və əsaslıdır. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hərəkət vasitələrinin təmiri departamentində çalışan bəzi işçilərin tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi, peşəkarlıq və işgüzarlıq səviyyələrinin yoxlanılması, potensial imkanlarının aşkara çıxarılması məqsədilə hərəkət vasitələrinin təmiri departamentinin xx.xx.2024-ci il tarixli 13-1/3-5-33255/2024 nömrəli əmri ilə attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmişdir. Həmin qrafikə uyğun olaraq Departamentin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun hərəkət vasitələrinin təmiri sahəsinin sürət ölçən və nəzarət ölçü cihazlarının təmiri sexi üzrə xx.xx.2025-ci il tarixdə işçilərin attestasiyası keçirilmişdir. Həmin işçilər arasında İddiaçı da olmuşdur. Attestasiya komissiyasının üzvlərinin və iddiaçının imzaladığı xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsinə əsasən iddiaçıya yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlərə uyğun olaraq 7 sual verilmiş, iddaçı isə yalnız 2 suala cavab vermiş, digər 5 suala isə cavab verməmişdir. Sözügedən attestasiya nəticələrinə görə sürət ölçən və nəzarət ölçü cihazlarının təmiri sexinin ustası İddiaçı tutduğu vəzifəyə (peşəyə) uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixdə qərar qəbul edilmişdir. Bundan sonra, hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradovun xx.xx.2025-ci il tarixli 13-1/3-10- 11983/2025 nömrəli əmrinə əsasən işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Sürət ölçən və nəzarət ölçü cihazlarının təmiri sexinin ustası İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65.7-ci maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «c» bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmçinin bildirir ki, «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Buna uyğun olaraq xx.xx.2025-ci il tarixli attestasiyanın keçirilməsi barədə bildirişə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə saat 15:00-da attestasiyanın keçirilməsi barədə məlumatlandırılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin attestasiyası keçirilmiş, iddiaçı attestasiyanın keçirilməsi barədə əvvəldən məlumatlı olmuş, kifayət qədər hazırlaşması üçün vaxtının olmasına baxmayaraq attestasiya zamanı öz peşəsinə uyğun verilən suallara cavab verə bilmədiyi üçün tutduğu vəzifəyə uyğun olmaması barədə komissiya tərəfindən qərar qəbul edilmiş, işəgötürən tərəfindən isə işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən də, işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. Nəzərə çatdırmışdır ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən işəgötürən 68, 69, 70, 71, 73, 74, 75, 76 və 79-cu maddələrinin tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verərsə işçi məhkəmə tərəfindən işə bərpa olunmalıdır. Hazırki mübahisədə həmin müddəalara işəgötürən tərəfindən tam formada əməl edilmişdir. Bundan başqa, iddia qanunvericiliyin tələbləri pozularaq verildiyindən qanunsuz və əsassızdır, buna görə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin 1-ci hissəsi istisna olmaqla qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş və həmin tarixdən bu barədə məlumatı olmuşdur. Lakin iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ərizə ilə mediasiya təşkilatına xx.xx.2025-ci il tarixdə müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı xx.xx.2025-ci il tarixdə əldə etmiş, məhkəməyə isə 1 ay 10 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda qanunsuz hesab etdiyi əmrin ləğvi barədə 1 ay müddətində məhkəməyə müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh ADY-yə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: xx.xx.2022-ci il tarixli 248 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı işəgötürən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Lokomotivlərin təmiri departamenti tərəfindən iddiaçı Qasımov X1 təmiri departamenti Gəncə lokomotivlərin təmiri deposu teplovozların təmiri sexinə təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdə “Azərbaycan Dövlət Dəmir Yolları” X5 texniki şöbəyə mühəndistexnoloq vəzifəsinə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə xx.xx.2022-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli 13-1/3-5-33255/2024 saylı əmrdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət vasitələrinin təmiri departamentində çalışan bəzi işçilərin attestasiyasının keçirilməsi qərara alınmışdır. Komissiyanın üzvləri müəyyən edilmişdir. Eləcə də, hərəkət vasitələrinin təmiri departamentində çalışan işçilərin attestasiyadan keçirilmə qrafiki tərtib olunmuşdur. İddiaçı tərəfindən alınmış xx.xx.2025-ci il tarixdə alınmış bildirişdən görünür ki, iddiaçıya xx.xx.2025-ci il tarixdə saat 15:00-da attestasiyanın keçiriləcəyi barədə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli Attestasiya vərəqəsindən görünür ki, İddiaçı (ümumi əmək stajı 20 il 02 ay) attestasiyada iştirak etmiş, ona 7 sual verilmiş, həmin suallardan ikisinə cavab vermiş, digər beşinə cavab verməmişdir. xx.xx.2025-ci il tarixli 13-1/3-10-11983/2025 saylı əmrindən (Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Sürət ölçən və nəzarət ölçü cihazlarının təmiri sexinin ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət vasitələrinin təmiri departamentində çalışan bəzi işçilərin tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi, peşəkarlıq və işgüzarlıq səviyyələrinin yoxlanılması, potensial imkanlarının aşkara çıxarılması məqsədilə Hərəkət vasitələrinin təmiri departamentinin (departament) xx.xx.2024-ci il tarixli 13-1/3-5-33255/2024 nömrəli əmri ilə Attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmişdir. Həmin qrafikə uyğun olaraq Departamentin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Sürət ölçən və nəzarət ölçü cihazlarının təmiri sexi üzrə xx.xx.2025-ci il tarixdə işçilərin attestasiyası keçirilmişdir. Sözügedən attestasiya nəticələrinə görə Sürət ölçən və nəzarət ölçü cihazlarının təmiri sexinin ustası İddiaçı tutduğu vəzifəyə (peşəyə) uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixdə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlər, işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə və "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 270316 nömrəli əmrinin 1.6-cı yarımbəndinə əsasən Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Sürət ölçən və nəzarət ölçü cihazlarının təmiri sexinin ustası İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən ləğv edilmişdir. Gəncə 3 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞG/MT033/2025-00005 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 11:30-a təyin olunmuş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən, ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. 50 manat İMS xərci İddiaçı tərəfindən ödənilmişdir. İMS üçün ərizənin tarixi: xx.xx.2025-ci il. xx.xx.2025-ci il tarixli BPM**********96 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Gəncə 3 saylı Mediasiya Təşkilatına 55 manat ödəniş edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemi məlumatlarına əsasən İddiaçı iddia ərizəsi xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4053/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Vasitələrinin Təmiri Departamentinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Göndərişlərin izlənilməsi barədə internet resurslarından çıxarışdan aydın olur ki, hazırki iddia ərizəsi xx.xx.2025-ci il tarixdə poçt şöbəsinə və xx.xx.2025-ci il tarixdə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. "xxxx" QSC tərəfindən təqdim edilmiş “CD” diskdəki videogörüntülərdən görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiya prosesi video-lentə alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin: 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür. Belə ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Vasitələrinin Təmiri Departamentinin xx.xx.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə iddiaçı Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və ərazi aidiyyatı səbəbindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsini xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin müvafiq şöbəsinə təhvil vermiş və həmin sənədlər xx.xx.2025-ci il tarixdə məhkəmənin inzibati binasına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ötürülmüş müddətin üzürlü hesab edilməsi ilə bağlı sübutların təqdim edilməsi təklif olunsa da, buna dair sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olduğu təqdirdə, iddia təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar