Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4279/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «behin və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «behin və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beh məbləğinin iki qat həcmdə olmaqla 1.000 ABŞ dolları, məhkəmə xərcləri və həmçinin qərarın çıxarıldığı gün göstərilən hesablamaya uyğun olaraq zərərin əvəzinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh mənzilin satılması ilə bağlı mətbuatda elan vermişdir. Buna cavab olaraq iddiaçı mənzilə baxış, sənədləri nəzərdən keçirmiş, cavabdehin şərtlərini müzakirə edərək, almaq istəyini (oferta) bildirmiş və cavabdeh bu əmlakı iddiaçıya satmağa razılaşmışdır (aksept). İddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alğı-satqısı və daşınmaz əmlakın alğı-satqısını təmin etmək üçün girov qoyulması haqqında ilkin müqavilə bağlanmışdır. Müqaviləyə satıcının öhdəlikləri (aksept), dövlət reyestrindən mülkiyyət hüququ çıxarışının surəti və mənzildə alıcıya təhvil verilmiş əşyaların siyahısı əlavə olunmuşdur. 500 ABŞ dolları məbləğində beh iddiaçı tərəfindən həmin gün, avqustun 8-də ödənilmişdir. Bunu cavabdehin əlyazma qəbzi və müqavilənin 2-ci bəndi sübut edir. İddiaçı əvvəlcədən (17 avqust) cavabdehə notariat kontorunda daşınmaz əmlakın alğı-satqısı müqaviləsi rəsmiləşdirmək dəvəti ilə məktub göndərmiş, lakin telefonla cavabdeh xaricdə - Türkiyədə olduğunu bildirmiş, mənzil satmaq fikrini dəyişdiyini və onu kiməsə kirayə verəcəyini demişdir. İddiaçı cavabdehə Türkiyədən qayıtdıqdan sonra müqaviləni qeydiyyata almaq üçün əlavə vaxt təklif etmiş, lakin cavabdeh belə qərarın səbəbini izah etmədən satışa razılıq verməmişdir. İddiaçı müqaviləyə və Mülki Məcəllənin 492-ci maddəsinə uyğun olaraq behin qaytarılmasını tələb etsə də, cavabdeh cavab verməkdən imtina etmişdir. İddiaçı bir neçə gündən sonra həmin əmlakın ünvanına gələrək orada bu mənzili kirayəyə götürdüyünü bildirən bir kişi ilə rastlaşmışdır. İddiaçı cavabdehə bir neçə dəfə zəng edib, bu barədə bildirişlə (məhkəməyə təqdim ediləcək) səs yazısı var. Cavabdeh borcun ödənilməsi tələbinə məhəl qoymayaraq hədə-qorxu gələrək təhqiramiz ifadələr işlətmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş məsuliyyəti izah edərək öhdəliyin yerinə yetirilməsi üçün maksimum vaxt vermiş, lakin cavabdeh öz mövqeyini dəyişməmiş, öhdəliklərin icrasından yayınmış və tezliklə mənzili başqasına satmışdır. Cavabdehin vicdansız davranışı və mənzilin satışını başa çatdırmaqdan və beh məbləğini ikiqat ödəməkdən bilərəkdən imtina etmiş, nəticədə iddiaçıya zərər dəymişdir. Belə ki, iddiaçı mənzilin qiymətləndirilməsi, layihələndirilməsi və dizaynı üçün xüsusi olaraq İrandan gələn memarlıq ekspertinin səyahət və viza xərclərini ödəmişdir və cavabdeh tərəfindən alğı-satqının qeydiyyatı tarixini təxirə salması səbəbindən iki dəfə viza və yeni aviabilet almaq məcbriyyətində qalmışdır (sübut əlavə olunur). Bundan əlavə, iddiaçı satın aldığı mənzilin kirayəsindən də fayda alacağını gözləyirdi. Kirayədən əldə olunan fayda, habelə beh məbləğini bank depozitinə qoymaqla (faiz dərəcəsinin sübutu əlavə olunur) əlavə mənfəət əldə edə bilərdi. Ona görə də, cavabdehin təqsiri üzündən bu fayda əldən çıxmışdır. Şəhərin tam mərkəzində Sahil metrosunun yanında və inkişaf etmiş infrastrukturu olan ərazi nəzərə alınmaqla belə mənzilin kirayəsi üçün ağlabatan qiymət ayda 750 manatdır (qiymət sübutu əlavə olunur). İddiaçı özü üçün mənzil kirayə götürməli olmuşdur, çünki evin yaxınlığında yerləşən mənzilə köçmək ümidi ilə şəxsi mənzilində əsaslı təmir işlərinə başlanılmışdır (mənzilin kirayəyə götürülməsi sübutu əlavə olunur). Tələb edilən zərərin hesablanması aşağıdakı qaydadadır: - 280 manat x 6 aylıq kirayə ödənişi = 1.680 manat; - 3 aviabilet = 87,32 manat + 194,57 manat + 104,95 ABŞ dolları; - 2 viza = 70 + 70 = 140 manat; - 1.000 ABŞ dolları beh üzrə 7,75 % (Mərkəzi Bankın uçot dərəcəsi) x 6 il = 465 ABŞ dolları; - 1.000 ABŞ dolları beh üzrə 9,25 % (Mərkəzi Bankın uçot dərəcəsi ilə faktiki 17 % bank depoziti arasındakı fərq) = 555 ABŞ dolları. - 750 manat (2017-ci ilin mart ayından başlayaraq aylıq kirayə haqqı) x 66 ay = 49.500 manat; - 9.000 manat (illik kirayə haqqı) x 17 % x 5 il = 7.650 manat. Toplam: real zərər: (2101,89 manat + 104,95 ABŞ dolları + 465 ABŞ dolları) = 2101,89 manat + 569,95 ABŞ dolları (968,92 manat); itirilmiş mənfəət (əldən çıxmış fayda): 57.150 manat + 555 ABŞ dolları - 500 ABŞ dolları (beh məbləği) = 57.150 manat + 55 ABŞ dolları (93,50 manat). İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq yazılı izahat təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən bəzi hadisələr xronoloji ardıcıllıqla təsvir edilməmişdir. Belə ki, bəzi hadisələr ona iddia ərizəsinin hazırlanması və məhkəmə gedişatı zamanı məlum olmuşdur. Məsələn cavabdeh tərəfindən mənzilin xx.xx.2016-cı il tarixində satılması faktı və onun behi və digər zərəri ödəməyə razı olmaması. Əgər mənzil onunla cavabdeh arasında alğı-satqı müqaviləsinin bağlanmasından sonra müqavilənin qüvvədə olduğu vaxt ərzində satılmışdırsa ona alıcı kimi öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar yalnız iddia ərizəsi ilə müraciət etmək qalır. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (Mülki Məcəllənin 646-cı maddəsi). Satıcı bu öhdəliyi şüurlu şəkildə pozmuşdur. Onun təqsiri məhkəmə gedişatı zamanı təsdiq edilmişdir. Cavabdeh öhdəliyi yerinə yetirməli olduğu halda, qanunun tələb etdiyi tərzdə hərəkət etməmişdir (Mülki Məcəllənin 425-ci maddəsi). Həmçinin hazırki iş üzrə əlavə tələb qismində beh müqaviləsi üzrə tələblərinin yerinə yetirilməməsidir. Hansı ki, bağlanmış əsas müqavilənin tələblərinin yerinə yetirilməsini təmin və sübut edir. Hazırki iş üzrə onlar arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bütün əhəmiyyətli şərtləri razılaşdırılmışdır. Belə bir mövqe iddia müddətinin əlavə tələblərə tətbiqi barədə Mülki Məcəllənin 376-cı maddəsində də “əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir” qeyd edilmişdir. Cavabdehin müddət haqqında ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddətinin keçməsinə dair göstərən halları sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin o, öz ərizəsinə dair hər hansı bir izah (sübut) təqdim etməmişdir. O, məhkəmə iclasında iddia edirdi və indi də iddia edir ki, müddət qanunla müəyyən edilmiş qaydada, o cümlədən Mülki Məcəllənin 372.2-ci maddəsində müəyyən edildiyi kimi gözlənilmiş, hansı ki daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il olduğunu nəzərdə tutur. Qeyd etmək lazımdır ki, iddia müddətinin axımı müqavilə ilə müəyyən edilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən sonra başlanır. Bu normanı həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da xx.xx.2014-cü il tarixli qərarı ilə də təsdiq etmişdir. Cavabdehin behi qaytarmasına dair sübut mövcud deyildir. Qanunun və müqavilənin tələblərinə əsasən beh iki qat qaytarılmalıdır. Bu faktı da cavabdeh qəbul etmək istəmir. O, cavabdehin özünü qəribə aparmasından şübhələnib cavabdehə rəsmi məktub göndərmişdir. Məktubun surəti və həmin məktubun çatdırılmasına dair qəbz də vardır. Məktubda cavabdehin notariat kontoruna gəlməsini və bu barədə ona bir və ya iki gün öncə məlumat verməsini xahiş etmiş, lakin bu baş verməmişdir. Cavabdeh ona Türkiyədə olduğunu və evi satmadığını bildirmişdir. O da bunun müqabilində verdiyi behi geri istəmiş, lakin cavabdeh ona kobud cavab vermiş və telefonu söndürmüşdür. Cavabdeh əvvəldən onu aldatmaq istəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, əvvəlki məhkəmə iclasında təqdim etmiş olduğu iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə etdi və izahatında bildirdi ki, iddiaçı ona böhtan atır. İddiaçı alğı-satqının vaxtını dəyişdiyinə görə o, evi satmaqdan imtina etmişdir. O, evi başqa adama satmış və behi iddiaçının özünə qaytarmışdır. İddiaçı onun harada işlədiyini bilirdi, hətta onu şəhərdə gördüyünü də qeyd etmişdir. Yəni bu altı il ərzində ondan gəlib həmin pulu tələb edə bilməzdi ki? İddiaçı hazırki iddianı qaldırmaqla, ona böhtan atır. Göstərilənlərə əsasən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 iyul 2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu Xaqani küçəsi 20 saylı evin 6 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 475 nömrəli reyestr kitabının 43876 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 08 avqust 2016-cı il tarixli beh müqaviləsindən görünür ki, tərəflər cavabdehin mülkiyyətində olan mənzilin iddiaçıya satılmasına dair razılıq əldə etmişlər. Cavabdehlə iddiaçı arasında alğı-satqı müqaviləsi 28 avqust 2016-cı il tarixədək rəsmiləşdirilməli idi. İddiaçı cavabdehə 500 ABŞ dolları məbləğində beh vermişdir. Cavabdeh həmin behi yazılı şəkildə təsdiq etməklə, qəbul etmişdir. - 10 avqust 2016-cı il tarixli, poçt vasitəsi ilə rəsmi şəkildə cavabdehə göndərilmiş müraciətdə iddiaçı cavabdehə bildirmişdir ki, aralarında xx.xx.2016-cı il tarixdə bağlanmış beh müqaviləsinin şərtlərinə əsasən onlar ünvan 1 ünvanda yerləşən 6 nömrəli mənzilin alğı-satqısını 28 avqust 2016-cı il tarixdən gec olmayaraq rəsmiləşdirməlidirlər. Cavabdehin məhz 28 avqustda həmin müqavilənin əqd edilməsi haqqında müraciətinə iddiaçı tərəfindən baxılmışdır. Həmin gün həftənin bazar, yəni iş olmayan gününə düşdüyünə görə, təklif etmişdir ki, onlar evin alğı-satqısını 27 avqustda, bu tarix cavabdehi qane etməsə, onda 26 avqust 2016-cı il tarixdə ünvan 2 ünvanda yerləşən notariat kontorunda saat 11:00-da rəsmiləşdirsinlər. Xahiş edir ki, ona əvvəlcədən xəbər verməklə, bütün lazımi sənədlərlə, evin açarlarla və behlə həmin kontorun notariusunun yanına gəlsin. - 21 avqust 2016-cı il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən mənzil Cavabdeh tərəfindən 50.000 manata X2. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 30 noyabr 2022-ci il tarixli **********91 saylı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ-nin 30 noyabr 2022-ci il tarixli **********61 məktublarından görünür ki, cavabdeh iddiaçı ilə bağladığı beh müqaviləsinin şərtlərinə riayət etmədən, beh müqaviləsinin əhatə etdiyi dövr ərzində – xx.xx.2016-cı il tarixdə alğı-satqı müqaviləsi bağlamaqla mənzili X5 özgəninkiləşdirmişdir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı cavabdehə 500 ABŞ dolları beh verdiyi halda sonuncu mənzilini satmamaqla ona zərər dəyməsini bildirmiş, mənzilin qiymətləndirilməsi, layihələndirilməsi və dizaynı üçün xüsusi olaraq İrandan gələn memarlıq ekspertinin səyahət və viza xərclərini ödəməsini göstərərək məhkəməyə İİR-dən mütəxəssis qismində şəxs dəvət olunmasını təsdiq edən sübutlar kimi aviabiletlər, vizalar və s. sənədləri təqdim etmiş, lakin həmin şəxslə mənzilin dizayn və s. işlərinin görülməsinə dair aralarında bağlanmış müqavilə və s. sənədlər məhkəməyə təqdim olunmamışdır. Cavabdehin iddiaya etirazının əsası kimi iddiaçının alğı-satqı müqaviləsinin bağlanması üçün vaxtında gəlməməsinə, behi iddiaçıya qaytarmasına, behi qaytarmasına dair şahidlərinin olmasına istinad etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, əvvəla cavabdeh iddiaçının alğı-satqı müqaviləsi bağlamaq üçün vaxtında gəlmədiyinə dair sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin cavabdehin bu dəlili ilə bağlı qeyd etməyi zəruri sayır ki, bu dəlil özü-özlüyündə ziddiyyətlidir. Belə ki, iddiaçı alğı-satqı müqaviləsi bağlamaq üçün vaxtında gəlməsə idi, cavabdeh behi iddiaçıya qaytarmalı deyildi, beh məbləğini özündə saxlamalı idi. Lakin cavabdeh həmin pul vəsaitini geri qaytardığını təkidlə bildirir. Habelə, cavabdeh onun tərəfindən behin qaytarılmasına dair faktı təsdiq edə biləcək şahidlərin olmasına istinad etsə də, hər hansı şəxsin şahid qismində dəvət edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Əksinə, iddiaçının məhkəməyə təqdim etdiyi, sifarişli xəbərnamə ilə cavabdehə göndərdiyi 10 avqust 2016-cı il tarixli ərizədən göründüyü kimi, iddiaçı alğı-satqı müqaviləsinin bağlanması üçün 27 avqust, bu tarix qane etmədiyi təqdirdə, 26 avqust 2016-cı il tarixdə saat 11.00-da notariat kontoruna gəlməsini xahiş etmişdir. İddiaçı hər bir vasitə ilə alğı-satqı müqaviləsinin bağlanmasında maraqlı olduğunu nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı beh müqaviləsinin şərtlərinə (28 avqust 2016-cı il tarixədək alğı-satqı müqaviləsi rəsmiləşdirəcəklərinə dair öhdəliyinə) riayət etməmiş, beh müqaviləsinin əhatə etdiyi dövr ərzində – xx.xx.2016-cı il tarixdə alğısatqı müqaviləsi bağlamaqla mənzili X4 adına özgəninkiləşdirmişdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin iddiaçıya beh məbləğini qaytarmasına dair mötəbər sübutları da mövcud deyildir. Belə ki, iddiaçı beh məbləğini iddiaçıya müqavilə bağlamaqla, qəbzə imza etdirməklə vermiş, cavabdeh isə bu məbləği qaytardığına dair yazılı sənəd (qəbz, iltizam və s.) təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. - 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. - 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. - 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti üzrsüz səbəbdən ötürülmüş, cavabdeh də iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı bu növ iddialar üzrə iddia müddətinin altı il olduğuna istinad etsə də, məhkəmə qeyd edir ki, iddiaçının bu dəlili əsassızdır. Belə ki, mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi, altı illik müddət daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə müəyyən edilmişdir. Hazırda isə iddiaçının tələbi daşınmaz əmlakla bağlı deyil, beh müqaviləsi üzrə ödənilmiş məbləğin ikiqat həcmdə qaytarılması və s. əlaqədardır. Belə olan halda isə bu növ iddialar üzrə iddia müddəti üç il müəyyən edildiyindən, iddia tələbinin iddia müddətinin keçməsi səbəbilə təmin edilməsi mümkün deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddia behin ikiqat qaytarılması hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi behin ikiqat qaytarılması hissəsində rədd edildiyindən, bu tələbdən irəli gələn iddianın digər (vurulmuş zərərin əvəzinin ödənilməsi) hissəsinə də hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, iddia bu hissədə də rədd olunmalıdır. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 271 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «behin və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası əsaslı olsa da, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən, iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 271 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «behin və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 271 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4279/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4279/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver