Məhkəmə qərarları › İş №2(006)-4297/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4297/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4297/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikdirilmiş faiz günlərinin sıfırlanması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikdirilmiş faiz günlərinin sıfırlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə ərizənin icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil” müddəası isə iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. İşdə olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3308/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində borcunun (aktiv öhdəliklərinin) olmamasına dair məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsinə dair öhdəliyin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamədən görünür ki, iddiaçının istifadə etdiyi iddia edilən məbləğə cavabdeh tərəfindən faiz hesablanmasının, bir sözlə, reyestrdə iddiaçının adında aktiv qalan öhdəliyin mötəbər bir əsasının olmaması göstərilərək, İddiaçı 1067.09 manat faiz borcunun olmaması müəyyən edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı tələbkar olduğu həmin iş üzrə icra sənədi Nəsimi Rayon İcra Şöbəsinin icraatındadır və icraata xitam verilməsi müəyyən edilmir. Belə olan halda iddiaçı, hazırkı tələbində irəli sürdüyü məsələ ilə bağlı - Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikdirilmiş faiz günlərinin sıfırlanması ilə bağlı icra sənədinin icrası çərçivəsində icra icraatı qaydasında (8 indekslə) məhkəməyə müraciət etməli olduğu halda, ayrıca iddia qaldırmaqda haqlı olmamışdır. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikdirilmiş faiz günlərinin sıfırlanması tələbinə dair dair iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən (“Hökumət ödəniş portalı”, mədaxil qəbz nömrəsi **********, tarix: 21.07.25, saat: 14:02:54) ödənilmiş 31 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikdirilmiş faiz günlərinin sıfırlanması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya, icra sənədinin icrası ilə əlaqədar məsələlərin icra icraatı qaydasında həll edilməli olması izah edilsin. İddiaçı tərəfindən (“Hökumət ödəniş portalı”, mədaxil qəbz nömrəsi **********, tarix: 21.07.25, saat: 14:02:54) ödənilmiş 31 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar