Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-43/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin pozulması nəticəsində yaranmış borcun və vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin pozulması nəticəsində yaranmış borcun və vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 yanvar 2016-cı il tarixli 001 saylı icarə müqaviləsinin pozulması nəticəsində icarə verən kimi ona dəymiş olan 65.000 manat dəyərində ziyanın Cavabdeh tutularaq icarəyə verən kimi ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X2 arasında 06 yanvar 2016-ci il tarixli «İcarə Müqaviləsi» bağlanmışdır və 01 iyul 2018-cil il tarixdə həmin müqavilənin ardı olaraq tərəflərin razılığı ilə icarə haqqı dəyişilərək yeni müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış 001 saylı, 06 sentyabr 2016-ci il tarixli icarə müqaviləsinə əsasən X2 Bakı şəhəri Nərimanov rayonu Aşıq Əli küçəsi 20-ci məhəllədə yerləşən sahəsi 179,11 m2 olan qeyri-yaşayış sahəsini «Qadın gözəllik salonu» məqsədi ilə icarəyə götürmüşdür. 06 yanvar 2016-ci il tarixli 001 saylı icarə müqaviləsinin 2.5-ci bəndinin («İcarədar» icarəyə götürdüyü obyektdə «İcarə verən»nin icazəsi olmadan heç bir tikinti və rekonstruksiya işi aparmamalıdır) şərti pozulmuşdur. Müqavilənin şərtlərinin pozulması nəticəsində obyekt rekonstruksiya edilərək otaqlara bölünmüş, ixtiyarı olmadığı halda subarendatorlara arendaya vermiş, orada olan par otağı, avropa istehsalı olan par aparatı yüksək səviyyəli saunası ilə birlikdə sökülərək tam yararsız hala salınaraq çölə atılmışdır. Baxmayaraq ki, obyekt təhvil verilərkən yüksək səviyyəli təmirli vəziyətdə olmuşdur. Öz profilinə uyğun olan bütün mebel və avadanlıqlarla təchiz olunmuşdur. Sonradan məlum olmuşdur ki, obyektin sahibindən icazə almadan həmin mebel və avadanlıqların əksəriyyətini obyektdən çıxarılıb çölə atılmışdır. Bütün bunların hesabatlarını mütəxəssislər tərəfindən aparılarkən müəyyən olunmuşdur ki, obyektə 65.000 manatdan yuxarı ziyan dəymişdir. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə iclasında cavadeh Cavabdeh və onun nümayəndəsi və vəkili X7 mülki işin artıq uzun müddətdir ki, davam etdiyini, iddiaçının hər hansı bir əsaslı səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyini qeyd edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan baxılmasını xahiş etdilər. Məhkəmə cavabdeh tərəfin fikirlərini, o cümlədən işin hallarını nəzərə alıb, mülki işə İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddia tələbini qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı ilə cavabdeh arasında olan qarşılıqlı razılaşmaya əsasən Bakı şəhəri Nərimanov rayonu Aşıq Alı küçəsi 22 saylı evin (hazırda 20-ci məhəllə) 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 179,11 m2 olan qeyri-yaşayış sahəsini «Qadın gözəllik salonu» işlədilməsi məqsədi ilə 2016-cı ildə icarəyə vermişdir. Bu haqda iddiaçı ilə aralarında 001 saylı 06 yanvar 2016-cı il tarixli icarə müqaviləsi imzalansa da, müqavilə qanunda nəzərdə tutulmuş qaydada müvafiq dövlət orqanında, yəni notariat bürosunda (kontorunda) təsdiq edilməmişdir. Hətta həmin qeyri-yaşayış sahəsinin müvafiq hüquqi sənədinin olması şübhə altındadır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya cavabdeh 001 saylı 06 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin 2.5-ci bəndinin tələblərini pozaraq ona icarəyə verilən qeyri-yaşayış sahəsində rekonstruksiya işi aparmışdır. Yəni, cavabdeh tərəfindən daxili divarlarında dəyişiklik edilmişdir. İddiaçı bu iddiası yalandır və həqiqətə uyğun deyil. Belə ki, qeyri-yaşayış sahəsində rekonstruksiya edilməmişdir. Eləcə də iddiaçı iddia ərizəsində göstərmişdir ki, qeyri-yaşayış sahəsi otaqlara bölünmüş, onun ixtiyarı olmadığı halda subarendatorlara arendaya verilmiş, par otağı, avropa istehsalı olan par aparatı, yüksək səviyyəli saunası ilə birlikdə sökülərək tam yararsız vəziyyətə salınmış və çölə atılmışdır. Bildirir ki, cavabdeh qeyri-yaşayış sahəsini icarəyə qəbul etdikdən sonra sauna otağı taxtadan arakəsmə olduğuna görə iddiaçının razılığı ilə taxtadan olan arakəsmə onun göstərişi ilə usta Elmar tərəfindən səliqəli sökülmüş və bağlanmışdır (upakovka olunmuşdur). Eləcə də unitaz, salonda olan 3 ədəd güzgü, 1 ədəd 3 x 4 metr ölçüdə köhnə kovrolit və baş yumaq üçün kreslo ayrı-ayrılıqda səliqəli bağlanaraq təxminən 2018ci ilin mart ayında qonşu blokda olan depoya yerləşdirilmişdir. Həmin əşyalar bir müddət sonra İddiaçı göstərişi ilə onun adamları tərəfindən aparılmışdır. Aralarında olan anlaşılmazlığa görə İddiaçı 18 aprel 2018-ci il tarixdə cavabdehə pretenziya xarakterli məktub ünvanlamışdır. Əgər cavabdeh ona 65.000 manat məbləğində ziyan vurmuş olsaydı, onda o, 2018-ci ilin aprel ayında, yəni 1 il 5 ay əvvəl pretenziya xarakterli məktub ünvanladıqdan sonra cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərdi. Ancaq İddiaçı Pretenziya xarakterli məktubdan sonra icarə haqqının məbləğini artıraraq qeyriyaşayış sahəsini cavabdehə icarəyə verməyə davam etdirmiş və yenidən müqavilə bağlamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X4 ifadəsində bildirdi ki, o, ustadır. Onu hər dəfəsində müxtəlif işlərin görülməsi ilə əlaqədar çağırırdılar. Bir dəfəsində onu yenə çağırmışlar. Ona bildirmişlər ki, obyektin sahibindən icazə alınmış və orada olan malların sökülərək komendantın anbarına yerləşdirilməlidir. O, da həmin malları 1-2 gün içində sökmüş və onları bağlamalara yerləşdirmişdir. Hətta saunanı sökərkən sökdüyü hissələri rəqəmləmişdir ki, ondan sonra o və yaxud başqa bir usta gəlib iş görərsə həmin hissələri tapmaq və birləşdirmək asan olsun. Bu işlərin görülməsi müqabilində pul ona Nailə və Səbinə xanım tərəfindən ödənilmişdir. X1 ifadəsində bildirdi ki, onlar, Səbinə xanımla biryerdə çalışırlar və şərikdirlər. İndiyə kimi də biryerdə işləyirlər. Onlar beş il boyunca həmin obyekti işlətmişlər. Orada təmir işləri aparılmışdır. Obyektdə kiçik bir hamam, hamamın içində isə kiçik bir sauna var idi. Sauna isə ümumiyyətlə işləmirdi. Həmin saunaya müxtəlif əşyalar yerləşdirmişlər və ondan bir növ anbar kimi istifadə edilirdi. Hər dəfəsində obyekti yoxlamaq üçün müxtəlif orqanların işçiləri gəlirdi. Onlar isə hər dəfəsində saunanın işləmədiyini və hər hansı bir təhlükənin mövcud olmadığını bildirirdilər. Təmir işlərinin aparılması zamanı onlar qərar vermişlər ki, həmin saunanı söksünlər. Rekonstruksiya işlərinin aparılması ilə əlaqədar onlar tərəfindən obyekt sahibindən icazə də alınmışdır. Ümumiyyətlə hər bir işlə bağlı onlar iddiaçıdan icazə almışlar. 2016-cı ildən 2019-cu il tarixədək onlar həmin obyektdə 3 dəfə təmir işləri aparmışlar və hər dəfəsində obyektin sahibinə məlumat vermişlər. Onlar 2019-cu ilin sentyabr ayından həmin obyektdən çıxmışlar. Bu barədə obyekt sahibinə aprel ayında məlumat vermişlər. Halbuki, müqavilədə bu barədə məlumatı onlar iki ay öncə verməli olduqları halda, aylar öncə onu xəbərdar etmişlər. Oradan çıxmaqlarının əsas səbəbi isə iddiaçının icarə haqqını artırması olmuşdur. Lakin onlar arasında belə bir danışıq olmamışdır. O zaman ki, iddiaçı icarə haqqını yenidən artıracağı barədə onlara məlumat vermiş, onlar Səbinə xanımla artıq buna razı olmadıqlarını qeyd edərək, obyekti tərk etmək qərarına gəlmişlər. Obyekti işlədərkən VÖEN Səbinə xanımın adına açılmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli 10/5771 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzrə rekonstruksiya işləri aparıldığı müəyyən edilmişdir. Lakin həmin işlərin aparılması ilə əlaqədar tədqiq olunan tikililərə nə qədər ziyan dəyməsi, qeyri-yaşayış sahəsi üzrə ilkin vəziyyətdə mövcud olmuş təmir işlərinə dair smeta və istifadə olunmuş tikinti materiallarının alınmasına dair qaimə sənədləri təqdim edildikdən sonra müəyyən oluna bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə aşağıdakıları vurğulamağı zəruri hesab edir: - 06 yanvar 2016-cı il tarixli 001 saylı icarə müqaviləsindən görünür ki, 2.5-ci bəndinə əsasən icarədar icarəyə götürdüyü obyektdə icarəyə verənin icazəsi olmadan heç bir əsaslı tikinti və rekonstruksiya işi apara bilməz; - tərəflərin izahatlarına görə icarəyə verilən obyektdə 3 dəfə təmir işləri aparılmış, həmin tikinti işləri 2017-ci ildə aparılmışdır; - cavabdeh tərəfin bildirdiyinə görə, 2017-ci ildə aparılan bütün təmir işləri barədə iddiaçıya öncədən məlumat verilmiş, təmir işlərinin aparılmasına iddiaçı tərəfindən etiraz edilməmiş; - bundan başqa, iddiaçı ilə cavabdeh arasında təmir işləri aparılandan sonra, ikinci dəfə 01 iyun 2018-ci il tarixdə yeni icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında göndərilməsi qeyd olunan pretenziya məktubu ilə bağlı qeyd edir ki, həmin pretenziya məktubunun 25 iyul 2019-cu il tarixdə cavabdehə göndərilməsi qeyd edilsə də, həmin tarix həqiqəti əks etdirmir. Çünki, pretenziya məktubunda iddiaçı cavabdehdən iddia etdiyi zərər məbləğinin 30 aprel 2018-ci il tarixədək ödənilməsini tələb etmişdir. Göründüyü kimi, pretenziya məktubu 25 iyul 2019-cu il tarixdə deyil, daha öncə, 2018-ci ilin aprel ayında göndərilmişdir. Həmin pretenziya məktubu göndəriləndən sonra isə, tərəflər arasında danışıqlar aparılmış, aylıq icarə haqqı 1.500 manatdan 2.000 manata qaldırılmaqla, 01 iyun 2018-ci il tarixdə yeni icarə müqaviləsi bağlanmışdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməməklə yanaşı, iddia ərizəsində qeyd olunanlar və məhkəmə iclasında verilən izahat, həmçinin təqdim edilmiş icarə müqavilələri ilə pretenziya məktubu arasında qeyd olunanlar arasında ziddiyyətlər mövcuddur. İddiaçı tərəf qeyd olunan ziddiyyətlərin nə ilə əlaqəli olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin pozulması nəticəsində yaranmış borcun və vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin pozulması nəticəsində yaranmış borcun və vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-43/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-43/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver