Məhkəmə qərarları › İş №2(006)-4313/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4313/2025

09.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4313/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi cəlb olunmaqla "mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "mənzilə dair istifadə hüququnun tam tanınması və həmin mənzilə köçürmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə cavabdeh vərəsəlik əsasında ünvan 2 ünvanında yerləşən mənzil əldə etmişdir, hazırkı vəziyyətdə o, həmin mənzildən çıxarılmışdır. Həmin mənzilə dair istifadə hüqununun tanınmasını məhkəmədən istəyir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus **-ND-*** dövlət nömrə nişanlı X12 Prado avtomobilin üzərində İddiaçı ½ və Cavabdeh ½ pay hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh birgə nikah dövründə (nəqliyyat vasitəsinin şəhadətnaməsi xx.xx.2018-ci il tarixli) **-ND-*** dövlət nömrə nişanlı X12 Prado avtomobili əldə etmişdir. Belə olan halda hesab edir ki, həmin nəqliyyat vasitəsinin üzərində iddiaçının ½ pay hüququ müəyyən edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, mülki iş üzrə iddia tələbini qəbul etmir. Belə ki, mübahisəli mənzil ona vərəsəlik qaydasında mülkiyyətinə keçib, bundan başqa İddiaçı könüllü olaraq mübahisəli olan ünvan 3 ünvanında olan evdən birdəlik çıxıb gedib. Bundan başqa iddiaçı ona qarşı “nikahın pozulmasına” dair iddia tələbi ilə məhkəməyə müraciət edib. Həmin iş hazırda e-2(006)-4217/2025 saylı mülki iş Nəsimi Rayonun Məhkəməsinin icraatındadır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı uzun müddətdir ki, onunla birgə yaşamır, həmçinin ər-arvad münasibəti yoxdur, bir sözlə cavabdehin ailə üzvü deyildir. Bundan başqa tərəflərin nikahı 2009-cu ilin aprel ayında bağlanmışdır, iddiaçının, cavabdehin mərhum atası X8 mülkiyyətində olan mübahisəli mənzilə gəlin köçməyinə baxmayaraq, 2011-ci ildən həmin mənzildən köçərək müxtəlif evlərdə kirayədə yaşamışlar, lakin 2014-cü ildə yenidən cavabdehin atasına məxsus evə köçmüşlər. Daha sonra 2016-cı ildə atası rəhmətə getdikdən sonra 2017-ci ildə vərəsəlik qaydasında həmin mənzil cavabdehin mülkiyyətinə keçmişdir. İşin halarından müəyyən edilir ki, cavabdehin mənzillə bağlı subyektiv hüququ 2017-ci ildə yaranmışdır. Belə olan halda hesab edir ki, hazırkı iddia tələbinə Mənzil Məcələsinin 30.4-cü maddəsi ilə qiymət verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcələsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcələsinin 30.4-cü maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcələsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcələsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mənzil Məcələsinin 30.4-cü maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Bundan əlavə Cavabdeh məhkəməyə ünvanlandığı etirazda qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürməsi” tələbinə dair 2(006)-4313/2025 saylı mülki iş üzrə iddiaçının vəkili Vəkil tərəfindən MPM 53-cü maddəsinin tələblərinin əsasən məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh məxsus **-ND-*** dövlət nömrə nişanlı X12 Prado avtomobilin üzərində İddiaçı ½ və Cavabdeh ½ pay hüquqlarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş materialarından müəyyən edilir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006) 4313/2025 saylı qərardadı ilə iddiaçi İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməsi qərara alınmışdır. Qeyd edilənlərdən də görünür ki, 2(006)-4313/2025 saylı mülki iş üzrə iddia tələbi “mənzilə köçürməsi” ilə bağlıdır. Lakin iddiaçının vəkili tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması ilə bağlı ərizədən müəyyən edilir ki, tərəflərin birgə nikah dövründə əldə edilən “əmlakın bölünməsi” ilə əlaqədardır. Tərəflər arasında “əmlakın bölünməsi” tələbi ilə bağlı mediasiya qaydasında təklif edilməmiş, həmçinin həmin təkliflə bağlı mediasiya prosesinin aparılmasına dair sənəd təqdim edilməmişdir. Halbuki, MPM-nin 4.6-cı maddəsinin tələbinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Cavabdeh mediasiya sessiyasında iştiraka dair sənəd əldə etdikdən sonra İddiaçı qarşı birgə nikah dövründə əldə edilən “əmlakın bölünməsi” ilə bağlı məhkəməyə müraciət edəcək. Bundan başqa hesab edir ki, ilkin olaraq tərəflər arasında nikah məhkəmə qaydasında pozulduqdan sonra tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi ilə bağlı məhkəmədə mübaisəyə baxıla bilər. Hazırkı mülki icraatda müəyyən edilir ki, tərəflər arasında nikahın pozulması ilə bağlı məhkəmə qətnaməsi mövcud deyil. Bundan əlavə olaraq hesab edir ki, “mənzilə köçürməsi” tələbi ilə birlikdə “əmlakın bölünməsi” tələbinə baxılması qeyri-mümkündür. Ona görə ki, iddialar arasında heç bir əlaqə yoxdur, tam fərqli bir mübahisədir. Belə ki, Mülki Prosessual Məcələnin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin maddənin tələblərindən də görünür ki, iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Lakin xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, iddiaçının vəkili tərəfindən MPM-nin 53-cü maddəsinə istinad etsə də, nə iddianın əsasını dəyişməmiş, nə həcminin artırmamış, nə də azaltmamışdır. Əksinə əlavə iddia tələbi ilə məhkəməyə müraciət vermişdir. Belə olan halda hesab edir ki, cavabdehə məxsus **-ND-*** dövlət nömrə nişanlı X12 Prado avtomobilin üzərində İddiaçı ½ və Cavabdeh ½ pay hüquqlarının müəyyən edilməsi ilə bağlı iddia tələbinə mediasiya sessiyasında iştirak etdikdən sonra ayrıca icraatda baxıla bilər. Qeyd edilənləri, prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçının vəkili Vəkil tərəfindən verilmiş “Cavabdeh məxsus **-ND-*** dövlət nömrə nişanlı X12 Prado avtomobilin üzərində İddiaçı ½ və Cavabdeh ½ pay hüquqlarının müəyyən edilməsinə” dair xx.xx.2025-ci il tarixli ərizəyə baxılmamış saxlanılması barədə qərar qəbul edilməsinni məhkəmədən xahiş edir. İş materialları: İddiaçı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "nikahın pozulması, uşağın himayədə saxlanması, aliment tutulması, mənzilə dair istifadə hüququnun tanınması və həmin mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 11 aprel 2009-cu il tarixində Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 245 nömrəli aktla təsdiq olunmuş nikah pozulması, xx.xx.2010-cu il tarixində doğulmuş X2 və xx.xx.2015-ci il tarixində doğulmuş X3 anası İddiaçı yanında saxlanılması və onların saxlanılması üçün Cavabdeh bütün gəlirdən 1/3 hissəsi tutularaq aliment qismində İddiaçı ödənilməsi, ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-4217/2025 saylı qərardadı ilə tərəflər arasında olan “nikahın pozulması, uşağın himayədə saxlanması, aliment tutulması” tələbi ilə "mənzilə dair istifadə hüququnun tanınması və həmin mənzilə köçürmə” tələbinə ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 470244 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında nikah xx.xx.2009-cu il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində 245 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 431714 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh və anası İddiaçıdır. xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 503844 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh və anası İddiaçıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi idarəsinin 03 iyun 2025ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri 13 saylı DNK-nın 48/1-16 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 66/68, menzil 73 qeydiyyatdan keçmişdir, Bakı şəhəri 13 saylı NKnın xx.xx.2008-ci il tarixli 314/8-70 sazişə dair sözügedən bağışlama müqaviləsi ləğv edilmişdir və 5 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 2V-357 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzil xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına ümumi birgə payda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, 51/118 saylı bağ sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-26227D xx.xx.2005-ci il tarixli şəhadətnamə verilmişdir. 5 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2017-ci il tarixli 2V-357 və 2V-358 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.2018-ci il tarixdə sözügedən bağ sahəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir, lakin saylı 2 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 40-1039 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin 15 sentyabr 2025-ci il tarixli məktubundan, həmin məktuba əlavə edilmiş kompüter çıxarışından görünür ki, «X12 Prado minik» markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00311 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:30-da ilkin mediasiya sessiyası keçirilmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Mediasiya xərci İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli 74619422 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ərarvadın ümumi birgə mülkiyyətinə daxildir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gndən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 3.3, 3.6 və 3.11-ci bəndlərinin məzmununa əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Başqa sözlə əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfinədn əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. Müraciətə görə isə MM-in 228.5-ci maddəsində əks olunan bu müddəanın, yəni «mülkiyyətçinin razılığı»nın təcrübədə müxtəlif təfsirinə, o cümlədən mülkiyyətçi tərəfindən digər şəxslərin köçürülməsinə etirazın edilməməsinin faktiki razılıq kimi qəbul edilməsinə rast gəlinir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, iddiaçı cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan övladları doğulmuş, sonradan münasibətləri pisləşmiş, iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda isə iddiaçı mənzilə istifadə hüququnun tanınmasını, mənzilə köçürülməsini və əmlak bölgüsünü tələb edir. Məhkəmə işin hallarını araşdırmış və mübahisə predmetini təşkil edən əmlaklara müvafiq kateqoriyalar əsasında ayrı-ayrılıqda qiymət verilməsini məqsədəuyğun hesab edir: a) Cavabdeh məxsus **-ND-*** dövlət nömrə nişanlı X12 Prado avtomobilin üzərində İddiaçı ½ və Cavabdeh ½ pay hüquqlarının müəyyən edilməsi: Məhkəmə bu tələblə bağlı bildirir ki, iş materiallarından müəyyən edilir ki, yuxarıda göstərilmiş avtonəqliyyat vasitəsi həmin avtomobil tərəflərin birgə nikah dövründə olduğu xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Həm alınma tarixinə, həm də yuxarıda istinad olunan digər meyarlara əsasən məhkəmə qeyd edir ki, bu əmlak tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməlidir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməli və «X12 Prado minik» markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində tərəflərin hər birinin 1/2 hissədə pay hüququ müəyyən edilməlidir. b) ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi: Məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmış, nikaha daxil olduqdan sonra iddiaçı və cavabdeh, sonuncunun atasına məxsus, iddiaçının hazırda köçürülməsini tələb etdiyi ünvan 2 ünvanında yerləşən mənzildə yaşamışlar. Mənzil cavabdehin atasının mülkiyyətində olmuşdur. Cavabdehin atası 2017-ci ildə vəfat etdikdən sonra mənzil xx.xx.2017-ci il tarixdə vərəsəlik hüququ əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. Bundan sonra 2019-cu ildə iddiaçı sözügedən mənzilə qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. İddiaçı 2009-cu ildə mənzilin mülkiyyətçisinin razılığı əsasında həmin mənzilə köçürülsə də, həmin razılıq şifahi qaydada olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə əsasən Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiya-hüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməli, mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. İddiaçının tələbinin davam edən münasibətlər çərçivəsində formalaşması ilə bağlı məhkəmə qeyd edir ki, istər iddiaçının 11 aprel 2009-cu ildə cavabdehlə nikaha daxil olduqdan sonra mənzilin keçmiş mülkiyyətçisi olmuş cavabdehin atasının şifahi razılığı ilə mübahisəli yaşayış sahəsinə köçərək orada yaşaması, istərsə də mənzil xx.xx.2017-ci il tarixdən iş üzrə cavabdehin mülkiyyətinə keçdikdən sonra orada yaşamağa davam etməsi nəzərə alınmaqla iddiaçının həmin mənzildə istifadə hüququ mövcud deyildir. Belə ki, iddiaçı xx.xx.2009-cu ildə cavabdehin atasına məxsus mənzilə köçərək yaşamış, lakin onun həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mülkiyyətçinin notariat qaydasında təsdiqlənmiş və dövlət reyestrində qeydə alınmış razılığı mövcud deyildir. Bundan başqa mənzil 2017-ci ildə keçmiş ailə üzvü olan hazırki iş üzrə cavabdehin mülkiyyətinə keçdikdən sonra 2019-cu ildə ünvana qeydiyyata düşmüşdür. Tərəflər arasında münasibətlər pozulduqdan sonra isə son 6 ay (mediasiya sessiyası üçün müraciətdə göstərilən tarixə və tərəflərin izahatlarına əsasən) müddətində iddiaçı yaşayış sahəsini tərk edərək başqa ünvanda özünü yaşayış sahəsi ilə təmin etmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mənzilin nə keçmiş mülkiyyətçisi, nə də hazırki mülkiyyətçisi Cavabdeh ilə aralarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Mənzil Məcəlləsinin müdəalarında da yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmaması təsbit edilmişdir. Bu baxımdan iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Qeyd edilən mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşmanın mövcudluğu halı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, İddiaçı cavabdehə məxsus mənzilə dair istifadə hüququ yoxdur. İddiaçının sözügedən mənzilə dair istifadə hüququ olmadığından mənzilə köçürülmə hissəsində də iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, “X12 Prado minik” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə pay hüququ tanınmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Tələb etməməsi nəzərə alınaraq iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. «X12 Prado minik» markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə pay hüququ tanınsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar