Məhkəmə qərarları › İş №2(006)-4328/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4328/2020

16.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4328/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı və onun vəkili X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 onunla heç bir qohumluq əlaqəsində olmamışlar və onun ailə üzvü deyillər. Lakin onlar onun xx.xx.2014-cü il tarixdən X2 1 saylı Bakı Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin X7 X1 tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsi əsasında aldığı və xx.xx.2014-cü il tarixdən Seriya RX № ******* saylı Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilində bu günə kimi qeydiyyatda qalmışlar. O 2014-cü ildə həmin mənzili almaq istəyərkən evə baxmaq üçün bir neçə dəfə o mənzildə olmuşdur. Adlarını qeyd etdiyi şəxslərin heç birini həmin mənzildə görməmişdir və o mənzildə yaşayış olmamışdır. O həmin mənzili təmirsiz vəziyyətdə almışdır. Adlarını qeyd etdiyi cavabdehlər heç vaxt onun mənzilində yaşamayıblar. Onların onun mülkiyyətində olan mənzilində qeydiyyatda qalmaları onun hüquqlarını məhdudlaşdırır. Əmlakı üzərində sərəncam verə bilmək hüququ məhdudlaşmışdır. Caabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 mənzildə yaşamadığı halda onun mənzilində pasport qeydiyyatında qalması mülkiyyətçi kimi mülkiyyətindən sərbəst istifadə etmək, onun üzərində sərəncam vermək və sair hüquqlarını həyata keçirməyə mane olur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq cavabdehlərin məhkəmə qaydasında mənzilindən istifadə hüquqlarının itirilməsinə nail olmaq qərarına gəlmişdir. Göstərilənlərə əsasən, cavabdehlər xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1963-cü il təvəllüdlü X4 və xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan İddiaçı Əbdülxaliq oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1963-cü il təvəllüdlü X4 və xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşamadıqları üçün onların istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini, qəbul ediləcək qətnamədə bu qətnamə xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1963-cü il təvəllüdlü X4 və xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması üçün əsas olması barədə qeyd yazmağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Əbdülxaliq oğlu və onun vəkili X6 iddia tələbini müdafiə etdiklərini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ərizə təqdim edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 1 saylı ASAN xidmət mərkəzinin Ədliyyə Nazirliyinin X7 X1 tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 X11 tərəfindən İddiaçı Əbdülxaliq oğluna satılmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 (bir) ay müddətinə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1İddiaçı Əbdülxaliq oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 345 nömrəli reyestr kitabının 32246 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışına əsasən, cavabdehlər xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1963-cü il təvəllüdlü X4 və xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3 ünvan 1ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Kommunal Təsərrüfaat Birliyi 13 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 5 №-li, xx xxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 ünvan 1 ünvanının keçmiş sakinləridir. İş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş Ərizədən görünür ki Cavabdeh1 ünvan 1ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmağına razıdır və bu barədə qətnamə qəbul edilməsinə etiraz etmir. İş materiallarında olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən Nəsimi rayon Məhkəməsinə ünvanlanmış Ərizədən görünür ki, cavabdehlər iddianı tam qəbul edirlər və iddianın təmin edilməsinə, ünvan 1 ünvanına (olan) istifadə hüquqlarının olmamaasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsinə etiraz etmirlər. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 262.2-ci maddələrinə əsasən, cavabdehlərə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Belə ki, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb etmək hüququ hazırki halda iddiaçının mülkiyyətçi kimi konstitusion hüquqlarından birbaşa irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Hazırkı halda iddiaçı evi daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən yüksüz əldə etmişdir və hazırda onun mülkiyyətçisidir. Cavabdehlər, mənzilin alqı-satqı müqaviləsi bağlanarkən mənzildən qeydiyyatdan çıxacaqları ilə bağlı üzərilərin öhdəlik götürmüşlər, odur ki, onların iddiada göstərilən mənzildən istifadə hüququ aradan qalxmışdır. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Cavabdeh1, X4 və Cavabdeh3 hazırda ünvan 1 ünvanında formal qeydiyyatdadırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin həmin mənzildə istifadə hüquqlarının qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, istifadə hüququnun olmaması barədə qanuni qüvvəyə minmiş qətnamə cavabdehlərin qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə dair cavabdehlərin istifadə hüquqlarının olmaması hesab olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1, X4 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 45, mənzil 131-də yerləşən yaşayış sahəsində istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhk-əməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar