Məhkəmə qərarları › İş №2(006)-4330/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4330/2024

05.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4330/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçıun və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilməmiş kirayə haqlarının ödənilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilməmiş kirayə haqlarının ödənilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan ünvan 1-dən dərhal məcburi qaydada çıxarılmaqla son 2 ayın kirayə haqqının, yəni 720 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 14 fevral 2024cü il tarixdə ona məxsus olan mənzili (ünvan 1) cavabdehlərə yaşaması üçün aralarında olan şifahi razılaşma əsasında ayda 360 manat müqabilində kirayəyə vermişdir. İlk 4 ay ərzində kirayə haqqını razılaşdırdıqları qaydada ödəmişlər. Lakin, son 2 ayın, yəni iyul və avqust aylarının kirayə haqqını ödəməkdən imtina edirlər. Bu 2 ay ərzində hər iki cavabdehlə dəfələrlə olan söhbətindən ona məlum olmuşdur ki, onlar onun mənzilində yaşadıqları və bu gündən sonra yaşayacaqları müddətə görə kirayə haqqını ödəmək fikrində deyillər. Ona görə də o, cavabdehlərə mülkiyyətində olan, ona məxsus mənzili dərhal boşaltmağı tələb etmiş, lakin dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq onlar mənzili boşaltmamışlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-dən çıxarılmasını və otaqlarına yığdığı əşyalarının çıxarılmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərərk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 37a, mənzil 14-dən çıxarılaraq mənzilin boşaldılması və mənzilin boşaldılan gününə qədər cavabdehlərlə razılaşdırılmış icarə haqqının - ayda 360 manat olmaqla ödənilməmiş icarə haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçıun nümayəndəsi və vəkili X1 iddia tələbini müdafiə edərək onun təmin olunması xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 37a saylı evin 14 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan videogörüntülərə əsasən cavabdehlərin həmin ünvanda yaşadığı müəyyən edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 37a saylı evin 14 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanda kirayəşin olaraq yaşayırlar. Hazırda iddiaçı cavabdehlərin həmin evdən əşyaları ilə birlikdə çıxarılmalarını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, iddiaçı cavabdehə qarşı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 37a saylı evin 14 saylı mənzilindən çıxarılma tələbini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı» işi üzrə qərarında göstərilmişdir ki, «1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz… Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bu ondan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır». Həmçinin, həmin qərarda göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; üçüncü qayda təsdiq edir ki, razılığa gələn yüksək tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsində qalması və bunun qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına, həmçinin iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun «şərti və qeyri-sabit» xarakter almasına dəlalət edir. Cavabdehin hazırki müdaxiləsi nəticəsində iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüququ məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evə hər hansı mülkiyyət və ya əşya hüququ yoxdur. Çünki onun həmin evdə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə cavabdeh bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında mübahisəli yaşayış evində yaşayışın olmasına dair videogörüntülərə iddiaçının iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehlər həmin ünvanda yaşayırlar. Məhkəmə onuda qeyd edir ki, iddiaçının cavabdehin mənzildən özünə məxsus əşyaları ilə birlikdə çıxarılması hissəsində haqlı olmasında digər bir əsas isə ondan ibarət olmuşdur ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 37a saylı evin 14 saylı mənzilinin tam hüquqlu mülkiyyətçisidir. Həmin mənzil iddiaçının mülkiyyətindədir. Məhkəmə iddia tələbinin cavabdehlərdən iyul ayından başlayaraq ayda 360 manat olmaqla ödənilməmiş icarə haqqının ona ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, tərəflər arasında icarə müqaviləsinin və hər – hansı aylıq ödənişlə razılaşmanın olmasına dair iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-dən özünə məxsus əşyaları ilə birlikdə çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-dən özlərinə aid əşyaları ilə birlikdə çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar