Məhkəmə qərarları › İş №2(006)-434/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-434/2025

02.04.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-434/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh (Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh (Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektindəki 82 nömrəli evin 13 nömrəli mənzilinə iddiaçının sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzilə dair iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektindəki 82 nömrəli evin 13 nömrəli mənzilinə dair iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək, həmin mənzilə iddiaçının sahiblik, istifadə (mülkiyyət) hüquqlarının tanınması barədə qətnamə çıxırılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Hazırki iddia ərizəsi İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbi”nə dairdir. Cavabdeh ona məxsus (icarədarı olduğu) Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 82, 13 saylı mənzili 1990-cı ildə iddiaçıya satmış, razılaşdırılmış pulu alaraq mənzili iddiaçının sahibliyinə və istəfadəsinə vermişdir. Bundan sonra yəni xx.xx.1991-ci ildə cavabdeh 5 (beş) nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmışlar. Həmin vaxtı alqısatqı müqaviləsi rəsmiləşdirmək mümkün deyildi. O baxımdan ki, qeyd olunan mənzil cavabdehə order əsasında məxsus olmuşdur. Daha sonra o ölkəni tərk edib Rusiya Federasiyasına getmişdir. X8 və onun ailə üzvləri 1992-ci ildə Şuşa şəhərindən məcburi köçkün olaraq Bakı şəhərinə köçmək məcburiyyətində qalmışlar. Ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gəldikdə yaşamağa yerləri olmadıqları üçün ünvan 3nında yerləşən mənzilin sahibi iddiaçıdan ona məxsus mənzildə yaşamağa icazə vermələrini xahiş etmişlər və iddiaçı da icazə vermişdir. Hal-hazırda cavabdehlə əlaqə saxlayıb bu məsələni həll etmək mümkün deyil. Bu səbəbdən də mövcud iddia tələbi irəli sürülür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, Bakı-Nəsimi rayonu Moskva pr., ev 82, 13 saylı mənzilə iddiaçının sahiblik və istifadə hüququ tanınmaqla Bakı-Nəsimi r-nu Moskva pr-ti, ev 82, 13 saylı mənzilə dair iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə Qətnəmə qəbul edilməlidir. ünvan 3nında yerləşən mənzil 33 (otuz üç) ildir iddiaçının sahiblik və istifadəsindədir. 23 saylı MKİS-i tərəfindən verilmiş 15 №-li xx.xx.2023-cü il və 13 №-li xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, ünvan 1 ünvanının icarədarı Cavabdeh olub, ailə tərkibi beş nəfər olub, xx.xx.1991-ci ildə ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxıblar. Bundan sonra ünvan 3nında yerləşən mənzilin iddiaçının sahiblik və istifadəsində olmasına nə cavabdeh, nə də ki, digər şəxslər, hətta dövlət orqanları etiraz etməmişdir. İddiaçı 1990-cı ildən aldığı evi faktiki olaraq sahibliyi və istifadəsində olduğundan onun mülkiyyətçisi hesab olunur. Azərbaycan Respublikasmin Konstitusiyasi və Azərbaycan Respublikasinin tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından mərhum edilə bilməz. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin iddia ərizəsinə etirazının əsaslandırıldığı hallar: Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 82 nömrəli evin 12 nömrəli mənzili dövlət mənzil fonduna aiddir. Mənzilin keçmiş icarədarı Cavabdeh olub və ailə üzvləri ilə birlikdə xx.xx.1991-ci il tarixdən qeydiyyatdan çıxıblar. Mənzildə qeydiyyatda heç kim yoxdur. Mənzilin keçmiş icarədarı 1990-cı ildə qeyri-rəsmi olaraq Cavabdeh iddiaçıya qanunsuz olaraq guya bu mənzili satmışdır. Hal-hazırda həmin mənzildə Şuşa şəhər sakini məcburi köçkün X8 ailəsi ilə birlikdə 1992-ci ildən müvəqqəti məskunlaşmışdır. Aşağıdakı hüquqi əsaslarla hesab edilir ki, iddia ərizəsi təmin edilmədən rədd edilməlidir; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə "İcra hakimiyyətləri haqqında Əsasnamə” və "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu İcra Hakimiyyəti Başçısı Aparatının, İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi üzrə və Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı” təsdiq edilmişdir. Həmin "Əsasnamənin 3.9.6-cı bəndinə görə, yerli icra hakimiyyətləri başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirirlər. Həmin Əsasnamənin 3.9.8-ci bəndinə əsasən müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri 1990-cı ildə yaranıb və həmin dövrdə mənzillə bağlı münasibətlər 01 mart 1983-cü ildən 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənmişdir. Nəsimi rayon İcra Hakimiyyəti qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 36-cı maddəsinə əsasən mənzilə ehtiyacı olan vətəndaşlar iş və yaxud yaşayış yeri üzrə növbəlilik əsasında mənzillə təmin olunurdular. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər icra hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Əsasında birinin kirayəçi kimi tanınmasını tələb etmək hüququnu nəzərdə tutur. Hazırkı işin hallarından o da müəyyən olunur ki, iddiaçı və onun ailə üzvləri mənzilin əvvəlki kirayəçisin (Cavabdeh) ailə üzvü və ya onunla birlikdə təsərrüfat aparan şəxs qismində olmamışdır. Onların arasında dövlət mənzil fonduna aidd mənzillə bağlı alqısatqı müqaviləsinin bağlanması qanuna ziddir. Azərbaycan Respublikasının əsas və ənümdə olan Milli Priotetlərindən biri də işğaldan azad edilmiş ərazilərə "BÖYÜK QAYİDİŞ” dır. "Böyük Qayıdış”ın 2022-2025-ci illər ərzində bərpasını və keçmiş məcburi köçkünlərin azad olunmuş torpaqlarda məskunlaşdırılmasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilmişdir. Bu proqramda cənab Prezident İ.Əliyev müvafiq Nazirliklər, Komitələr və dövlət orqanlarının qarşısında çox ciddi tapşırıqlar qoymuşdur ki, azad olunmuş torpaqlarda məcburi köçkünlərin məskunlaşdırılması üçün əməli tədbirlər görsünlər. "Böyük Qayıdış” çərçivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Şuşa rayonuna məhz keçmiş məcburi köçkün ailələrinin qayıdışı davam edir. Məlumdur ki, Bakı şəhərində başqa-başqa şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrində məskunlaşmış, həmçinin "Qobu park” yaşayış kompleksindən Şuşa şəhərində evləri olmuş şəxslərin köçürülməsinə başlanmışdır. Nəzərdə tutulan "Böyük Qayıdış” dövlət proqramının həyata keçiriləcəyi təqdirdə 2025-ci ilin sonunadək Qarabağda təqribən 200 min insanın daimi məskunlaşdırılması təmin olunacaqdır. Həmin mənzildə yaşayan məcburi köçkünlərin ailəsi bu ilin sonunadak Susa şəhərinə qaydacaq və yuxarıda qeyd olunan mənzil dövlər mənzil fonduna qaydacaq. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunun həmin normasına əsaslanmaqla hesab edir ki, hazırki iş üzrə iddiaçı həmin iddia predmetinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik deyil. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, şahidin ifadəsindən və iddianın əsasını təşkil edən amillərdən də biri budur ki, doğrudan da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 82, mənzil 13 faktiki iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Həmin dövr üçün mülkiyyət hüquqlarının qeydiyyata alınması mexanizmi mövcud olmamışdır. Eyni zamanda həmin mənzil Cavabdeh order əsasında faktiki sahibliyində, istifadəsində olan mənzil olmuşdur. Qarşılıqlı razılığa əsasən faktiki alqı-satqı edərək İddiaçı Cavabdeh həmin mənzilin dəyərini ödəyərək almışdır. Alqı-satqı baş verdikdən sonra Cavabdeh ailəsi ilə birlikdə həmin mənzildən qeydiyyatdan çıxarıq Yasamal rayonunda qeydiyyata düşmüşdürlər. Bu hal doğrudan da onu təsdiqləyir ki, tərəflər arasında alqı-satqı mövcud olmuşdur və eyni zamanda, iddiaçı həmin mənzilə faktiki sahiblik və istifadə etməklə həmin mənzilə dair sahiblik və istifadə hüququ yaranmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti iddia ərizəsinə etiraz təqdim etsə də, etirazın əsasını təşkil edən amillərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mənzilin Cavabdeh məxsus olması işin mübahisəsiz halını təşkil edir. Həmin mənzilə dair Cavabdeh kirayə müqaviləsi mövcud olmuşdur və həmin mənzilə dair onun adına order təqdim olunmuşdur. Deməli illər öncə, Cavabdeh həmin mənzilin faktiki mülkiyyətçisi olmuşdur, sadəcə hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh öz iradəsinə uyğun olaraq həmin mənzili İddiaçı sahiblik istifadəsinə verməklə həmin mənzilə dair tərəflər arasında bağlanmış şifahi əqdin razılaşma predmeti olan İddiaçı ailəsi ilə həmin mənzilə köçüb yaşamağa başlamışlar. İddiaçı məcburi köçkünlərin öz mənzilində yaşamasına dair razılıq verməklə hesab edir ki, öz vətəndaşlıq borcunu yerinə yetirmiş sayılır. Həmin dövr üçün İddiaçı Cavabdeh mənzilə görə SSRİ-nin puluna görə 27.000 rubl pul ödəmişdir. İddia tam əsaslıdır və məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia əsassızdır və rədd olunmalıdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 82, mənzil 13 dövlət mənzil fonduna aiddir. Mənzilin keçmiş icarədarı Cavabdeh olmuşdur və o ailə üzvləri ilə birlikdə xx.xx.1991-ci ildə həmin mənzildən qeydiyyatdan çıxmışdır. Deməli, mənzil yenidən dövlətin hesabına qayıtmışdır. Ona aid olmayan mənzili Cavabdeh necə sata bilər. Cavabdeh mənzilin mülkiyyətçisi olmamışdır, icarədarı olmuşdur. Mənzil məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur, ona görə də belə bir iddia qaldırıb mənzili öz adlarına keçirmək istəyirlər. İddiaçının isə bu evə, ümumiyyətlə, aidiyyəti yoxdur. İddiaçı özü də boynuna alır ki, cavabdehdən evi qeyri-rəsmi qaydada almışdır. 1992-ci ildə orada məcburi köçkünlər məskunlaşmışdır. Ulu öndər Heydər Əliyevin o dövrdə olan fərmanına əsasən dövlət orqanlarına məcburi köçkünlərin məskunlaşdığı yerlərdən çıxarılması qadağan olunmuşdur. Orda hal-hazırda məcburi köçkünlər qalır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, mənzil dövlətin balansındadır. Məcburi köçkünlərin orada yaşamasına etiraz etmirlər. İddianı qəbul etmədiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından məhkəmə iclasının vaxtı və yeri barədə məlumat əks edilmiş bildiriş ona çatdırılması üçün qeydiyyatda olduğu ünvan üzrə yerli icra hakimiyyətinə göndərilmiş, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda, Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından və faktiki yaşayış yeri aşkar olunmadığından məhkəmə bildirişinin ona çatdırılmasının mümkün olmaması bildirlmişdir. Mülki Prosessual Məcəllənni 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Odur ki, məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 1992ci ildə Şuşa şəhərindən məcburi köçkün gələndə İddiaçı evi onlara təqdim etdi və dedi ki, Şuşa şəhəri alınana qədər burada müvəqqəti məskunlaşın. Cavabdeh tanımır. Hal-hazırda mübahisəli evdə qardaşı, qardaşının həyat yoldaşı və 3 uşağı yaşayır. Özü isə ailəsi ilə həmin evin yanında başqa evdə yaşayır. Məcburi köçkün gələndə anası, qardaşı, o hamısı o evdə məskunlaşmışdılar. Sonradan ailə böyüdükcə başqa evə keçiblər. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Şuşa şəhərindən məcburi köçkün X3 notarial qaydada təsdiqlənmiş ərizəsinə əsasən o, X9 ailəsilə birlikdə 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar, Şuşa şəhərindən məcburi köçkün olaraq Bakı şəhərinə köçmək məcburiyyətində qalmışdır. Ailə üzvlərilə birlikdə Bakı şəhərinə gəldikdə yaşamağa yerinin olmadığı üçün ünvan 3nında yerləşən mənzilin sahibi İddiaçı bizə ona məxsus mənzildə yaşamağa icazə vermişdir. O, ailə üzvlərilə birlikdə həmin mənzildə yaşayırdı. Bir müddət sonra qardaşı X8 ailə qurduğuna görə digər ailə üzvləri :başqa ünvanda yaşamağa başlamışlar. ünvan 3nında yerləşən mənzilin sahibi kimi biz yalnız İddiaçı tanımışılar. Eləcə də həmin şəxsdən başqa şəxsin nə bu mənzilə gəlib-getdiyini, nə də mənzilin ona məxsus olduğunu iddia edən bir şəxs görməmişlər. Qonşuların, eyni zamanda İddiaçı sözlərinə görə həmin mənzili İddiaçı rus əsilli olan mənzilin ilkin sahibindən almışdır. 23 saylı Mənzil Kommunal İstismar Sahəsinin 15 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektindəki 82 nömrəli evin 13 nömrəli mənzilinin sahibi Cavabdeh olub. Ailə tərkibi beş nəfər olub. xx.xx.1991-ci ildə ailə üzvləri ilə birlikdə qeydiyatdan çıxıbdır. Hal-hazırda həmin mənzildə Şuşa şəhəindən gəlmiş məcburi köçkün X8 ailəsi (ailə üzvləri X6, X10, X11 və X7) ilə birlikdə yaşayır. DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Cavabdeh Ağabala oğlu ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli məktubuna əsasən xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Baş Pasport Qeydiyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh xx.xx.1991-ci ildən ünvan 4 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektindəki 82 nömrəli evin 13 nömrəli mənzilinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X2 xx.xx.2024-cü il tarixli məktubuna əsasən, “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Cavabdeh ölümününü qeydə alınması haqqında məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1990-cı ildə yarandığından hazırkı mübahisə xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən həll edilməlidir. Qeyd olunan Mülki Məcəllənin: 39-cu maddəsinin 1-ci hissəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. 43-cü maddəsinə əsasən Əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. 230-cu maddəsinə əsasən, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin: 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 22 mart 2006cı il tarixli qərarı Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 82, 13 saylı mənzil dövlət mənzil fondunun balansındadır. İddiaçının nümayəndəsi və vəkilinin izahatına əsasən əvvəlki icarədar Cavabdeh ilə iddiaçı arasındakı razılaşmaya əsasən Cavabdeh həmin evi 1990-cı ildə İddiaçı satmışdır. Lakin Cavabdeh ölkəni tərk etməsi səbəbindən alqı-satqı müqaviləsini rəsmi olaraq bağlamaq mümkün olmamışdır. Hazırda iddiaçı onunla Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin mənzilə iddiaçının sahiblik, istifadə (mülkiyyət) hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Qeyd edilməlidir ki, baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayaraq, dövlət mənzil fonduna aid olması və tərəflər arasında həmin mənzilin alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, İddiaçı özü bütünlüklə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığı halda bu iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının subyektiv hüququ olmadığından onun hazırki iş üzrə iddia tələbinin qanuni əsası da yoxdur. Belə ki, Cavabdeh mübahisə predmeti olan mənzilin mülkiyyətçisi olmadığından, onun əmlak barəsində sərəncam vermək hüququ da olmamışdır. Belə olan halda İddiaçı həmin mənzilə aidiyyətinin olmaması müəyyən edilməklə, iddia etdiyi qaydada mənzilin faktiki alqı-satqısının həyata keçirilməsinə dair dəlilləri əsaslı sayıla bilməz. Ona görə də məhkəmə iddianın rədd edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, mənzil cavabdehə məxsus olduğu halda belə iddia əsaslı sayıla bilməzdi. Belə ki, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir və belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzili 1990cı ildə Cavabdeh aldığını iddia etsə də, tələbini əsaslandıra biləcək mötəbər sübutları (cavabdeh ilə aralarında bağlanmış ilkin yazılı sübutu, mübahisəli mənzilin dəyərinin hansı vaxta, kimə, harada ödəməsini təsdiq edəcək hər hansı sübutu) məhkəməyə təqdim edə bilməmişdir. Ən əsası, mübahisəli mənzil order əsasında cavabdehə verilmiş, həmin mənzil onun xüsusi mülkiyyətində olmamışdır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü ki, göstərilən maddənin (43-cü maddənin) tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Məhkəmə həmçinin şahid ifadəsinin sübut kimi qiymətləndirilə bilinməməsi ilə bağlı qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 may 2012-ci il tarixli qərarındakı hüququ mövqe ondan ibarət olmuşdur ki, “Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Məhkəmə iddianın “mənzilə iddiaçının sahiblik, istifadə (mülkiyyət) hüquqlarının tanınması” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Mənzil Məcəlləsinin 53-cü maddəsinin dispozisiya şərtləri ödənilmədiyindən, iddianın həmin hissədə təmin edilməsi istisna edilir. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı və onun ailə üzvləri mənzilin əvvəlki kirayəçisinin (Cavabdeh) ailə üzvü və ya onunla birlikdə təsərrüfat aparan şəxs qismində olmamışdır. Eyni zamanda iddiaçı bu tələbi “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbindən irəli gələrək irəli sürsə belə, məhkəmə qeyd edir ki, tələbin birinci hissəsinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə bağlı subyektiv hüquqa malik olmadığından, habelə irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin mənzilə iddiaçının sahiblik, istifadə (mülkiyyət) hüquqlarının tanınması" tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh (Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması və həmin mənzilə iddiaçının sahiblik, istifadə (mülkiyyət) hüquqlarının tanınması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması və həmin mənzilə iddiaçının sahiblik, istifadə (mülkiyyət) hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar