Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4362/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə Cavabdehnə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə Cavabdehnə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1966-cı il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. 2-ci qrup Qarabağ müharibəsinin əlilidir. Putyovka almaq üçün DOST Xidmətinə müraciət etmişdir. Həmin vaxt ona bildirmişdirlər ki, “onun adına şirkətdə iş yeri və əmək haqqı var”. Onun həmin əmək müqaviləsindən xəbəri yoxdur. Bu barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə əmək müqaviləsinin ləğv olunması üçün müraciət etmişdir. 19 sentyabr 2022-ci il tarixdə müraciətinə cavab olaraq bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfdən bu vəzifə icra edilmirsə bu barədə rayon (şəhər) məhkəməsinə müraciət edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam xitam verilməsi vəzifəsini Cavabdeh üzərinə qoymaqla, bu barədə məlumatın ƏƏSMN yanında X2 təqdim edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər.
6. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Mülki iş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdehndə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Əmək müqaviləsinin növü: müddətli. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: müddətsiz. İşçinin aylıq əmək haqqının məbləği: 300 manat.
9. Mülki iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 19 sentyabr 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir.
10. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixinə olan uçot baza məlumatlarına əsasən Cavabdeh fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir.
11. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü X1 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış, sərhədkeçmə məlumatlarını əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyyə olunmuşdur.
12. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhət Nəzarəti tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020ci il tarixində əmək müqaviləsi qeydə alınmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə «satış təmsilçisi» vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmış və əmək haqqı 300 manat məbləğində təşkil etmişdir. Hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi (qeydə alınmış) qüvvədədir. Hazırda iddiaçı Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
15. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
16. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
18. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Nəticədə bu hal iddiaçının başqa bir işdə çalışmasına maneə törədir və onun hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir.
19. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.
20. Eyni Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
21. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli № 183 qərarı ilə təsdiq edilmiş «Əmək Müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi «Elektron hökümət» portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürənin tərəfindən və ya «Elektron hökümət» portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
23. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar işəgötürən tərəfindən elektron informasiya sistemində qeydiyyata alınmalıdır.
24. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki cavabdehin qanuni təmsilçisi ölkə hüdudları daxilində olduğundan və əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların müvafiq reyestrə daxil edilməsi səlahiyyəti və imkanları mövcud olduğundan bu vəzifə ona aid edilməlidir.
25. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “Firmino" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında qeydə alınmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi vəzifəsini Cavabdeh üzərinə qoymaqla, bu barədə məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə təqdim edilməsi vəzifəsinin qoyulmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. “Firmino" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında qeydə alınmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi vəzifəsini Cavabdeh üzərinə qoymaqla, bu barədə məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə təqdim edilməsi vəzifəsinin qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.