Məhkəmə qərarları › İş №2(006)-442/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-442/2021

26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-442/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onların blokda 5-ci mərtəbə, 179-cu mənzili alıb kirayəyə vermişdir. 3 ildir ki, həmin mənzildən başlarına kanalizasiya suyu axıdılır. İddiaçının 1 otaqlı mənzili yararsız hala düşmüşdür. Dəfələrlə cavabdehə bu barədə xəbərdar edilməsinə baxmayaraq, heç bir nəticə verməmişdir. Göstərilənlərə əsasən cavabdehin qeyri-insani, qanunsuz hərəkətlərinə qanunla yanaşması, vergidən yayınaraq kirayənişindən qazandığı pulla evinin kanalizasiya sisteminin düzəldilməsi, iddiaçıya vurduğu mənəvi zərərə görə 5000 manat, maddi ziyana görə 1000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında İV mərtəbədə yaşayır. 4 ildir ki, 5 mərtəbə 179-cu mənzildən onlara kanalizasiya suyu axır, 1 otaq, koridor yararsız hala düşüb. Bu mənzildə tez-tez dəyişən kirayənişinlər yaşayır. İddiaçı dəfələrlə cavabdehdən kanalizasiya xəttinin düzəldilməsi xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçının mənzilinə axan suyun dayandırılması üçün cavabdehin 179 №-li mənzilində kanalizasiya sisteminin düzəldilməsi, cavabdehdən iddiaçıya vurulmuş maddi ziyana görə 1600 manatın tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış teleqramda xəstəliyi ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu 51 saylı MKİS-nin mühəndisi Z.Zərbəliyev, sahə nəzarətçisi G.Fərzəliyev və "xxxx" MMC-nin ictimai işçisi R.Allahverdiyev tərəfindən tərtib edilmiş 01.06.2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, H.Əliyev küçəsi, 15 saylı binanın 175 saylı məzilin sahibinin müraciətinə əsasən mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, H.Əliyev küçəsi, 15 saylı binanın 179 saylı mənzilin sanitar qovşağının baxımsızlıq nəticəsində həmin binanın 175 saylı mənzilinə su axıdılır. Nəticədə mənzilin otağının tavanı və divarları yararsız hala düşmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10.09.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 15 saylı evin 175 saylı mənzili 03.08.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.10.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanın qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/2967 nömrəli, 23.12.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 15-in 175 saylı mənzilinin tikililərin konstuktiv elementlərinin (divar, tavan, döşəmə və s) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 175 saylı mənzilin üst mərtəbəsində 179 saylı mənzilin yerləşdiyini və aktın göstəricilərini nəzərə alaraq, 175 saylı mənzilə 179 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Aktın göstəricilərinə əsasən sızmanın texniki səbəbi 179 saylı mənzilin sanitar qovşağının baxımsızlığı olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev ev 15-in 175 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1524,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/1218 nömrəli, 29.06.2021-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 175 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 179 saylı mənzilin isə binanın 5-ci mərtəbəsində yerləşdiyini, 175 saylı mənzilin yaşayış otağı və dəhliz tikilisinin divar və tavanında yaranmış qüsurların su sızmaya aid olduğunu, Nəsimi rayon 51 saylı MKİS əməkdaşlarının tərtib etdiyi aktın göstəricilərini nəzərə alaraq 175 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 179 saylı mənzildən suyun sızması müəyyən edilmişdir və 175 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1610,00 manat məbləğində olduğu müəyyən edilmişdir. İşin materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, yuxarıda qeyd olunan ekspert tədqiqatının dəyəri cəmi 100 (bir yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən 15 saylı evin 175 saylı mənzilinə cavabdehin mənzilindən su axıtması baş vermişdir. Hazırda iddiaçı cavabdehin kanalizasiya sisteminin düzəldilməsi, və vurulmuş maddi ziyana görə 1600 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı 175 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 179 saylı mənzildən suyun sızması nəticəsində iddiaçıya 1610 manat məbləğində ziyanın vurulması müəyyən edilmişdir. İrəli sürülmüş tələb üzrə isə vurulmuş maddi ziyana görə 1600 manat məbləğində pul tələb olunur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə vurulmuş maddi ziyanı irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyana görə 1600 (bir min altı yüz) manat tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının mənzilinə axan suyun dayandırılması üçün cavabdehin 179 №-li mənzilində kanalizasiya sisteminin düzəldilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, mülkiyyətçi ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüqaqlar dövlət tərəfindən tanınan və qorunan hüquqlardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1600 (bir min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1600 (bir min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar