Məhkəmə qərarları › İş №2(006)-442/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-442/2022

17.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-442/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X6 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı X6 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-nin 27.03.2019-cu il tarixli, H/010-10-02 №li əmrinə əsasən Azərbaycan Respublikas Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyinə görə, cavabdeh "xxxx" MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının və mənəvi ziyanın tutulması barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 27.03.2019-cu il tarixli H/010-19-02 №-li əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, cavabdehdən mənəvi ziyana görə 50.000 manat pulu alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5788/2019 saylı, 16.10.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-nin 27.03.2019-cu il tarixli, H/010-19-02 №li əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə aylıq əmək haqqının iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1347/2020 saylı, 08.01.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5788/2019 saylı iş üzrə 16.10.2019-cu il tarixli zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin olunması, "xxxx" MMC-dən mənəvi zərərə görə 1000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3521/2020 saylı, 20.07.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1347/2020 saylı, 08.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəlmiş, Nəsimi rayon İcra Şöbəsinin uzun müddətli tələbindən sonra 22.04.2021-ci il tarixdə işinin icrası üçün MMC-yə təqdim edilmişdir. İşə başlayandan sonra nə məhkəmə qərarı ilə qət olunan məbləği ödədilər, nə də məhkəmə qərarından sonrakı maaşını ödədilər. Şirkətin rəhbəri Eibova Sevda olsa da, faktiki olaraq bütün vəzifələri onun qızı olan Eibova Ramina icra edir. Təqribən 10 gün olardı ki, işə buraxılmadığına görə iddiaçı 28.07.2021-ci il tarixdə Əmək Müfəttişliyinə şikayət etmək üçün getmiş və orada ona bildirmişlər ki, 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə yenidən xitam verilmişdir. Yəni, yenə də iddiaçının adından saxta ərizə tərtib edilərək əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, iddiaçının əvvəlki maaşları ödənilməmişdir və işə bərpa olunduğundan sonra da ona heç bir məbləğ ödənilməmişdir. Belə olan halda ərizə yazıb işdən çıxa bilməzdi və eyni zamanda iyul ayında getməzdi. Beləliklə, 28.07.2021-ci il tarixdə əmək müqaviləsinin ləğv edilməsini bildikdə 05.08.2021-ci il tarixdə Mediasiya Şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə, «Mediasiya Haqqında» Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq iddiaçya arayış verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya son haqq-hesab ödənilməmiş və əmək kitabçası ona verilməmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin rəhbəri iddiaçının adından saxta ərizə tərtib edərək imzalamış, həmin ərizə əsasında əmr vermiş, həmin əmrin surətini iddiaçıya təqdim etməmiş və bu barədə ona ümumiyyətlə məlumat verməmişdir. Cavabdeh iddiaçını işdən çıxarılması barədə ona məlumat verməmiş, əmrin surətini ona təqdim etməmiş və onu məlumatlandırmamışdır. İddiaçının 67 yaşı var, bu cür alçaldıcı hərəkətlərə məruz qalaraq onun üçün dözülməzdir. Ona görə də cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində dost-tanış, qohumlar arasında malik olduğu nüfuz heçə enmiş, bu sarsıntılar iddiaçının və ailəsinin şəxsi səhhətinə olduqca mənfi təsir göstərmiş, müxtəlif xəstəliklərə düçar olmuşdur. Bu hal mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmişlər və iddiaçı ilə yaşayan ailə üzvləri psixoloji təsirlərə düçar olmuş və bütün bu hadisələrə görə iztirab çəkərək psixoloji vəziyyətləri kritik həddə çatmışlar. Cavabdehdən onlara vurduğu mənəvi zərərə görə 50.000 manat tutulmalıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" MMC-nin 01 iyun tarixli əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 50.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Eiubova Ramina İlham qızı iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia tələbi tam əsassızdır. İddiaçının bir neçə imzası mövcuddur və istənilən sənəddə müxtəlif imzalardan məharətlə istifadə edə bilir. İddiaçının yazdığı ərizələrin əsillərindən görünür ki, bütün ərizələrdə iddiaçının şəxsən özünün imzası vardır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndələri qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" MMC-nin 01.06.2015-ci il tarixli, 40 saylı əmrin surətindən görünür ki, İddiaçı texnoloq 01.06.2015-ci il tarixdən etibarən baş mühəndis vəzifəsinə keçirilmiş, aylıq əmək haqqı ştat cədvəlinə uyğun ödənilməsi göstərilmişdir.

9. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6nin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13.09.2021-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən İddiaçı cəmiyyətə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının və mənəvi ziyanın tutulması» tələbinə dair mülki işə müxtəlif məhkəmələrdə baxılaraq müvafiq qərarlar qəbul edilmiş və işə bərpa olunduğu müəyyən edilmişdir. Sonra isə İddiaçı ilə müəssisə arasında bağlanmış əmək müqaviləsinə işdənçıxma ərizəsinə əsasən 01.06.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Eyni zamanda işə bərpa olunduğu dövrdən sonra işə çıxmadığından İddiaçı son haqq-hesab ödənilməmişdir. Həmçinin müraciətdə işdənçıxma ərizəsinin yazılmadığını bildirmişdir. Qeyd olunan məsələdə fərdi əmək mübahisəsi predmeti olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

10. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli, 2(006)- 5788/2019 saylı qətnamənin surətindən görünür ki, cavabdeh "xxxx" MMC-nin 27.03.2019-cu il tarixli H/010-19-02 №-li əmrin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1347/2020 saylı, 08.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-nin apellyasiya şikayətinin rədd edilməsi, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5788/2019 saylı iş üzrə 16.10.2019-cu il tarixli qətnaməsinin mənəvi zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin olunması, "xxxx" MMC-dən mənəvi ziyana görə 1.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissələ dəyişdirilmədən saxlanılması qət edilmişdir. 12.İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3521/2020 saylı, 20.07.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.01.2020-ci il tarixli, 2(103)-1347/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.İş üzrə İddiaçı tərəfindən Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, o, tələbkar olduğu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1347/2020 saylı, 08.01.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar bildirmişdir ki, icra sənədi üzrə işə bərpa olmuşdur, fəaliyyətini həyata keçirmişdir, ona çatası əmək haqqı üzrə qarşı tərəf ilə ("xxxx" MMC) ümumi razılığa gəlmişlər. İcra sənədi məhkəməyə icra sənədi məhkəməyə geri qaytarmasını xahiş etmişdir.

14. İş üzrə İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru adına yazılmış 01.06.2021ci il tarixli ərizədən görünür ki, İddiaçı 01.06.2021-ci il tarixdə onu işdən öz xahişi ilə azad edilməsini xahiş etmişdir. Bərpa olduğu tarixdən (08.01.2021) 01.06.2021-ci il tarixə qədər işə gəlməmişdir və bununla bağlı heç bir haqq tələb etmir, son haqq hesabından imtina etmişdir.

15. İş üzrə İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış 28.07.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, məhkəmə qərarı ilə «Şərq Kimya Şirkəti»nə qəbul olmuşdur. Lakin onu işə buraxmırlar. İşə baxılması və təcili tədbirin görülməsi xahiş etmişdir. Dəfələrlə onun adından ərizə yazıblar ki, onu işdən çıxarsınlar. Lakin bunun haqsızlıq olduğuna görə məhkəmə bunu təsdiqləyib. Ordakı işçilər qanunsuz işə gəlib gedirlər.

16. İş üzrə "xxxx" MMC tərəfindən təsdiq edilmiş iş vaxtının uçotu tabellərindən görünür ki, İddiaçı 2021-ci ilin yanvar ayında 18 gün 143 saat, 2021-ci ilin fevral ayında 20 gün 160 saat, 2021-ci ilin mart ayında 17 gün 136 saat, 2021-ci ilin aprel ayında 22 gün 176 saat işləmişdir.

17. İş materiallarında olan 01.06.2021-ci il tarixli 12 saylı əmrlə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əməq müqaviləsinə 01.06.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

18. İş üzrə Hacızadə X2 Şurasına 05.08.2021-ci il tarixli ərizə ilə müraciət edərək, əmək mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmişdir.

19. İş üzrə mediator Gülnar Qulizadə tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24.09.2021-ci il tarixli, 2021-001699 nömrəli arayışından görünür ki, arayış İddiaçı tərəfindən təsvir edildiyi kimi, əmək mübahisə üzrə 24.09.2021-ci il tarixdə, 16.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasınla "xxxx"xxxx"xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi və saatı barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1719 saylı, 15 dekabr 2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 65-ci, 66-cı vərəqlərində İddiaçı adından olan 01.06.2021-ci il tarixli ərizələrdə «İşçi (tanış oldum)» qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən səriştəliklə (əvvəlcədən məşq edilməklə) oxşadılmaqla icra olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

21. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin 27.03.2019-cu il tarixli H/010-19-02 №-li əmrin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.01.2020-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli qətnaməsinin mənəvi zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin olunması, "xxxx" MMC-dən mənəvi ziyana görə 1.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissələ dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.07.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 01.06.2021-ci il tarixli işdən öz razılığı ilə azad edilməsi haqqında ərizə İddiaçı adından imzalanmış, nəticədə iddiaçı işəgötürənin 01.06.2021-ci il tarixli 12 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə işdən azad olunmuşdur. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması və əvvəlki vəzifəsinə bərpa olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

22. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

24. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsinə dair ərizənin üzərindəki imza həqiqətən də İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.

25. Göründüyü kimi mübahisələndirilən ərizənin imzalanması zamanı lazımi subyektin iştirakı şərti pozulmuş və qeyd olunan ərizə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş şərtlərin kobud şəkildə pozulması ilə tərtib edilmişdir.

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi 01.06.2021-ci il tarixli ərizənin iddiaçı tərəfindən imzalanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır və bu ərizə iddiaçının işdən azad olunmasına əsas ola bilməz, çünki 01.06.2021-ci il tarixli 12 saylı əmrin verilməsinə əsas olmuş İddiaçı ərizəsi özü tərəfindən imzalanmadığını müəyyən edilmişdir.

27. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – "xxxx"MMC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən vəzifədən azad olunması barədə 01.06.2021-ci il tarixli 12 saylı əmr açıq-aşkar qanunsuz və əsassız olmuşdur.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.

29. Məhkəmə hesab edir ki, iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

30. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 50.000 manat tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır.

31. Belə ki, iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

32. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

33. Həmçinin, Ali Məhkəmənin Plenumu yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

34. İddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını bildirsə də, ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir.

35. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-nin 01.06.2021-ci il tarixli, 12 saylı əmri ləğv olunmalı, İddiaçı məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalı, iddia qalan hissədə təmin edilməməlidir.

36. Məhkəmə iddianın 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi bağlı hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin oluna bilməz.

37. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-nin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 01.06.2021-ci il tarixli, 12 saylı əmri ləğv olunsun. İddiaçı məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar