Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4429/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "Cavabdeh" ASC-yə qarşı "əmrin ləğvi və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020 tarixli, 144 №-li saylı əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə əlavə ərizələr ünvanlayaraq, cavabdeh Yelobank tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020 tarixli, 144 saylı əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi, həmin əmrlə bağlı əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsi və bu barədə qeydin üzərində cavabdeh tərəfindən müvafiq yazı edilməklə imza və möhürlə təsdiq edilməsinin cavabdehə həvalə edilməsi, qanunsuz əmrin ləğv edilməsi barədə Elektron Hökumət Portalında əmək müqavilələrinin elektron qeydiyyatı hissəsinə daxil edilməsi vəzifəsinin cavabdeh və üçüncü şəxslərə həvalə edilməsi, işə düzəlmə imkanı məhdudlaşdırıldığından cavabdehdən qətnamə icra olunan günədək hər ay üçün sonuncu iş yerində aldığı orta əmək haqqı hesabı ilə təzminat ödənilməsini və iddiaçının işgüzar nüfuzuna vurulan ziyanın əvəzi olaraq sonuncu orta illik gəlirin həcmində təzminat cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehin sələfi olan “xxxxxx” X3 məsləhətçi vəzifəsində xx xxxxx 2013 il tarixdən işləməyə başlamışdır. xx xxxx 2013-cü il tarixdən bankın 11 saylı filialının müdiri vəzifəsinə təyin olunmuşdur. xx xxxx 2020-ci il tarixdə cavabdeh qərəz və təzyiq vasitəsi olaraq onu Azərbaycan Respublikası Əmək ailəsinin 70 “ç” bəndinə əsasən işdən azad etmişdir. İşdən azad olunması özü özlüyündə qanunsuz olmaqla, işdən çıxarılması da qanun pozuntuları ilə aparılmışdır. Başqa işə keçməyi ilə əlaqədar xx xxxx 2020 tarixdə işdən könüllü çıxması barədə ərizə versə də, onu bir işçi olaraq ləkələnməsi və gələcəkdə işə düzəlməyində problemin yaranması məqsədilə işdən çıxması bir gün geri tarixlə rəsmiləşmişdir. Cavabdehin müqavilənin pozulmasında istinad etdiyi qanun normasının tədbiqi qanunsuz və əsassızdır, qərəz üzərində edilmiş və onun konstitusion hüquqlarımın kobud idə pozulmasına yönəlmiş hərəkətdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, əmrdən göründüyü kimi, əmrə əsas Audit rəyi olmuşdur. İddiaçı nə auditin aparılmasında iştirak etmiş, nə də ki, həmin audit rəyi ilə onu tanış etmişlər. Əmrdə göstərilən və iddiaçının üzərinə məsuliyyəti qoyulan hallar baş verərkən, məsələ araşdırılmış və həmin şəxslər fərdi məsuliyyət daşımışlar. Bu hallar heç bir halda iddiaçının məsuliyyətini yarada bilməz. Ona görə ki, onun öz vəzifələri, işçilərin isə öz vəzifələri vardır. O ki qaldı onun nəzarət etməyi məsələsinə, bu nəzarət olmuş və vicdanla yerinə yetirilmişdir. Digər təqdirdə pozuntular çoxsaylı və mütəmadi olardı. Əmrin preambulasında göstərilir ki, “əmək vəzifələrinin kobud pozulmasına yol vermiş” “əmək funksiyasını vicdanla yerinə yetirməmiş” - bunun nədən ibarət olması göstərilməmiş, əsaslandırılmamışdır. İddiaçının vəzifəsi iddiaçının vəzifəsi, kassirin və ya başqa işçinin vəzifəsi həmin işçinin vəzifəsidir. Məsuliyyət normativ sənədlərlə müəyyən edilir və yalnız fərdi olmaqla əsaslandırılmalıdır. Başqa şəxsin iddiaçının vəzifələrindən kənar əməli iddiaçının məsuliyyətilə əhatə oluna bilməz. Nəzarət etmək anlamı da sərbəst yozula bilməz. Belə olan halda hər bir başqasının səhvinə görə, o cümlədən xadimənin də səhlənkarlığına görə əsassız məsuliyyət rəhbərin üzərinə düşər. Nəzarət o deməkdir ki, əsasnaməyə uyğun bankın filialının ümumi prosesinə rəhbərlik etmək, nəticələr əldə etmək. Əks halda iş zamanı hər bir işçinin törədə biləsi vəzifə xətası və ya baş verə biləsi texniki qəza da filial müdirinin üzərinə düşə bilər. Bu absurd və yolverilməzdir. Və yaxud, əmrin məntiqi ilə yanaşılsa, qeyd edilən hallarda iddiaçının məsuliyyəti yarandığı halda, ondan yuxarı vəzifəli şəxsin də məsuliyyəti yaranmalıdır ki, ona nəzarət etməyib. Əmrin birinci bəndində qeyd olunmuşdur ki, “qanunvericiliyin və nəzarət orqanın tələblərinə zidd olan kreditin rəsmiləşdirilməsi”nə yol vermişdir. Bunun konkret nədən ibarət olduğu göstərilməsə də, hələ işdə olarkən əsassız söz-söhbətlərdən nədən söhbət getdiyini ehtimal edərək, Mərkəzi Bankın qaydalarına görə, depozitlərlə bağlı zaloqların müşahidə şurasına çıxarılması tələb edilmir. Birincisi, bu hal təxminən 1,5 il qabaq baş vermişdir. İkincisi, bu səhvə yol verən işçi ildən ilə fəxri ad verilməklə mükafatlandırılmışdır. Üçüncüsü, həmin işçi bu hərəkətinə görə nəyin ki, məsuliyyət daşımamış, hətta öz xahişi ilə işdən azad olunmasına baş ofis tərəfindən imkan verilmişdir. Burada da, aşkar olunmuş qayda pozuntusunun subyekti məsuliyyətdən kənar qalmaqla, 1,5 il müddət sonra məsuliyyətin onun üzərinə qoyulması qərəzin təzahüridir. Əmrin ikinci bəndində qeyd olunmuşdur ki, “saxta arayışlarla kredit verilməsi halları baş vermiş, buna nəzarət etməmiş”. Bu da qərəzdən və daha yaxşı şərtlərlə iş təklifi alan daha və gedən işçiyə rəhbərin qısqanclığından doğan başqasının məsuliyyətin iddiaçının üzərinə qoymaq cəhdidir. Kredit vermənin xüsusi proseduru vardır. Filialın müvafiq əməkdaşının bu prosedur çərçivəsində yalnız müəyyən olunmuş sənədlərin müştəridən tələb etmək və toplamaq vəzifəsi vardır. Bütün risklərin yoxlanması və pozuntu aşkar etmək vəzifəsi yalnız və yalnız baş ofisin müvafiq məsul şəxslərinin üzərindədir.Əmrin üçüncü bəndində göstərilmişdir ki, “əməkdaş tərəfindən müştərinin maaş kartından qanunsuz yollarla pul vəsaitindən istifadəsi və buna nəzarət etməməsi”. Birincisi, bu hal biş verib təxminən 1,5 il qabaq. İkincisi, bu səhvə yol verən işçi ildən ilə fəxri ad verilməklə mükafatlandırılıb. Üçüncüsü, həmin işçi etməsi bu hərəkətinə görə məsuliyyət daşımayıb, hətta öz xahişi ilə işdən azad olunmasına baş ofis tərəfindən imkan verilib. Burada da, aşkar olunmuş qayda pozuntusunun subyekti məsuliyyətdən kənar qalmaqla, 1,5 il müddət sonra məsuliyyətin onun üzərinə qoyulması qərəzin təzahüridir. Əmrin dördüncü bəndində qeyd edilmişdir ki, “filialın kassiri tərəfindən valyuta əməliyyatlarının pozuntusuna yol verilmiş və buna nəzarət etməmiş”. Çox absurd və məyus edən məntiq və yanaşmadır. Deməli, bir işçi konkret vaxtda, konkret şəraitdə - iş yerində, özü də onun iş yeriylə fiziki olaraq fərqli bir məkanda pozuntu törədir və təbii ki, pozuntunu gizli törədir. Bu aşkar olunduqda məsuliyyət ona aid edilir. Filialda belə hallar təkrarlanarsa, mütəmadi olarsa, onda hardasa müdirin məsuliyyət daşımağı başadüşülən olardı. Burada artıq iş intizamının zəif olması, nəzarətin lazımınca olamamasından danışmaq olardı. Lakin konkret bu halda bu cür yanaşma səhvdir, qərəzlidir. Əmrin sonunda bankın nüfuzuna və əmlakına ziyan dəyməsindən bəhs edilir. Konkret hansı ziyandan bəhs edilir, nədən ibarətdir bu ziyan? Sonuncu, ziyanla bağlı yekun nəticəyə yuxarıda qeyd edilənlərlə əlaqəli şəkildə baxdıqda görünür ki, əmr qanunsuzdur, əsassızdır, qərəz üzərində edilmiş və onun konstitusion hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərəkətdir. Etməli olduğu halda cavabdeh həmkarlar təşkilatına müvafiq təqdimatla müraciət etməmiş, razılıq almamışdır. Cavabdehin rəhbəri bu cür qanunsuzluğa görə məsuliyyət daşımalıdır. Cavabdeh Əmək Məcəlləsinin 71.2, 71.3, 76.2, 80.1, 299, 300-cü maddələrinin tələbləri pozulmuş, qanuni mənafelərinə və işçi nüfuzuna xələl gəlmiş, mənəvi ziyana səbəb olmuşdur. Əmək kitabçasındakı əsassız qeydə görə iddiaçı bu günədək işə düzələ bilməmişdir. Metak şirkəti ona əlverişli təklif versə də, barəsində verilən əmri gördükdə onunlə müqavilə bağlamaqdan çəkinmişdir. Həkimin də, müəllimin də, müstəntiqin də, mühəndisin də səhvi olur, lakin heç kim fərdi məsuliyyəti rəhbərin üzərinə yıxmamalıdır. O, 1. Cavabdeh Yelobank tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020 tarixli, №144 saylı Əmr qanunsuz hesab edilməsini və ləğv edilməsini; 2. Həmin əmrlə bağlı əmək kitabçasındakı qeyd etibarsız hesab edilməsi və bu barədə qeydin üzərində cavabdeh tərəfindən müvafiq yazı edilməklə imza və möhürlə təsdiq edilməsi cavabdehə həvalə edilməsini; 3. İşə düzəlmə imkanı məhdudlaşdırıldığından cavabdehdən qətnamə icra olunan günədək hər ay üçün sonuncu iş yerində aldığı orta əmək haqqı hesabı ilə təzminat ödənilməsini; 4. İşgüzar nüfuzuna vurulan ziyanın əvəzi olaraq sonuncu orta illik gəlirin həcmində təzminatın cavabdehdən xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı izahatında qeyd etmişdir ki, müştəri məmnuniyyətini təmin etmək məqsədilə Bankın müştərisi olan Akıhısa Watanabe ilə filialdan kənarda əməliyyatın həyata keçirilməsi ilə bağlı Bank rəhbərliyinin şifahi və yazılı razılığını almışdır. Lakin bununla bağlı məhkəməyə hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Digər tərəfdən filial müdiri inzibatçı olaraq filialın əsasnaməsinə və vəzifə təlimatına uyğun olaraq hər bir halda əməliyyat risklərinin minimuma endirilməsi üçün tədbirlər görməli idi. Yəni filialdan kənarda xidmətlərin həyata keçirilməsini elə təşkil etməli idi ki, sonradan qeyd edilən dələduzluq halı baş verməsin. Eyni zamanda iddiaçı bildirmişdir ki, müştəri tərəfindən qeyd edilən halla bağlı heç bir şikayət yoxdur. Bununla bağlı bildirirlər ki, filial işçisi tərəfindən dələduzluq əməlinin törədilməsi müştərinin şikayətinin olub-olmamasından asılı olmayaraq filial müdiri tərəfindən filialın fəaliyyətinin düzgün təşki edilmədiyinin əyani sübutudur. İddiaçı izahatında bildirmişdir ki, “xxxxxxxxx” BOKT ASC ilə bağlı prokurorluq orqanlarına çağırılıb izahat vermişdir və bir daha çağırılmamışdır. Qeyd edilən halla bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir və hal-hazırda həmin iş üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edilən faktın aydınlaşdırılması üçün məhkəmə tərəfindən sorğu verilə bilər. Həmçinin iddiaçı izahatında “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması” Qaydalarına istinad edərək kreditin təminatının depozit olduğu üçün Müşahidə Şurasının razılığının alınmamasının heç bir qanun pozuntusu olmadığını qeyd etmişdir. İddiaçı izahatında Bank rəhbərliyinin elektron poçt vasitəsilə təsdiqini aldığını qeyd edərək Qaydaları pozmasını dolayısı ilə etiraf etmişdir. Halbuki həmin Qaydaların 4.1-ci yarımbəndində “depozit əməliyyatları istisna olmaqla” qeyd edilmişdir. Bu halda isə həyata keçirilən əməliyyat kredit əməliyyatıdır və Müşahidə Şurasının razılığı mütləq qaydada alınmalı idi. Filial müdiri bu Qaydalara riayət etməyərək qanunvericiliyin tələblərini pozmuşdur. Bu günədək də qeyd edilən müştəri tərəfindən həmin kredit üzrə borc öhdəlikləri tam icra edilməmişdir. İddiaçı izahatında kassirin qanunsuz əməlləri ilə bağlı göstərmişdir ki, hər zaman kassanı yoxlamış, iş yükü çox olsa belə ən azı iki dəfə nəzarət həyata keçirmişdir. İddiaçının vəkili isə çıxışı zamanı filial müdirinin bu nəzarəti həyata keçirə bilməsinin mümkünsüzlüyünü irəli sürmüş və bunun onun vəzifəsi olmadığını bildirmişdir. Göründüyü kimi filial müdiri kassirin fəaliyyəti də daxil olmaqla filialın bütün fəaliyyətinə nəzarət etməli olduğunu etiraf etmiş və bunu həyata keçirdiyini bildirmişdir. Lakin nədənsə kassir Məmmədov Elşad tərəfindən 74 müştəri üzrə həyata keçirilən mübadilə əməliyyatlarına nəzarət edə bilməmiş və ya etməmiş bununla da inzibatçı olaraq vəzifəsinin öhdəsindən yetərincə gəlməmişdir. İzahatında bildirdiyi dərhal uzaqlaşdırma və məlumatsız saxlanılma isə tamamilə əsassızdır. Çünki məhkəməyə təqdim edilən audit rəyindən də göründüyü kimi kassirin əməlləri barədə filial müdirinə məlumat verilmiş və o bu barədə məlumatı olmadığını bildirmişdir. Digər tərəfdən iddiaçı güya o uzaqlaşdırıldıqdan sonra filialda hansısa sənədlərin saxtalaşdırıldığını iddia etsə də, bununla bağlı mötəbər sübutlar məhkməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəməiclasınınyeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “xxxxxx” İKB ASC-nin İdarə Heyətinin sədrinə Əməliyyat və bazar risklərin idarəedilməsi departamentinin direktoru tərəfindən ünvanlanmış təqdimatdan görünür ki, xx.xx.2019-cu il tarixində 11 saylı filialın müştərisi olan Akihisa Watanabe (Toyota və Lexus şirkətində rəhbər şəxs, hesab 207463) banka müraciətində bildirmişdir ki, ona məxsus olan plastik kart üzrə (4724********5146) say olaraq 96 əməliyyat ümumi məbləği 2 603,50 AZN ekv. vəsait onun tərəfindən aparılmamışdır. Plastik kartlar üzrə əməliyyat şöbəsinin məlumatına əsasən ödənişlərdə olan elektron adres, İP adres, devays modeli, ad, soyad Azərbaycan əsilli şəxsi Orxan İskəndərov (köhnə əməkdaş) olduğunu göstərirdi. Bəlli edilmişdir ki, kart məlumatlarının Orxan iskəndərov tərəfindən oğurlanması halı baş vermişdir, çünki X12 cari hesabı üzrə xaricə köçürmə əməliyyatlarının aparılması məqsədi ilə 11 saylı filiala məxsus olan pos-terminal filial müdirinin (İddiaçı) göstərişi ilə, filialın köhnə əməkdaşı olan Orxan İskəndərov tərəfindən müştəriyə aparılmışdır. Müştərinin əmək haqqı kartından, bankdan kənarda, pos terminal vasitəsi müştəri banka gəlmədən məxaric əməliyyatı aparılmışdır. Filialın əməliyyatçıları tərəfindən əməliyyat bankın ABS-də məxaric(terminal vasitəsi ilə) və yenidən hesaba mədaxil kimi işlənmiş, kassirlər tərəfindən avtorizasiya edilmişdir. Hesaba mədaxil edildikdən sonra vəsait ölkəxaricinə göndərilmişdir. Mədaxil/məxaric əməliyyatlarını icra edən işçilər aşağıda qeyd edilib: Kassirlər: Siraculla Mütəllimov, Elşad Məmmədov, Musa Həsənov, Samir Əliyev Əməliyyatçılar: Şəbnəm Əhmədzadə (Məmmədova), Günel Həsənova (Baxşəliyeva), Şəbinə Hüseynova, Çinarə Rəhimova; Filial müdiri: İddiaçı. Qeyd olunan əməliyyatların bu qaydada icrası ilə bağlı bankda hər hansı daxili prosedur qayda mövcud deyil. Əlavə olaraq bildirilir ki, müştəriyə dəymiş zərərin bir hissəsi 425.44 AZN İskəndərov Orxan tərəfindən digər hissəsi isə 1281.21 USD (2178.06 AZN) bank tərəfindən chargeback vasitəsi ilə geri ödənilmişdir. İş materiallarında olan xəbərdarlıq edilməsi haqqında xx.xx.2019-cu il tarixli, 49/İT saylı əmrin surətindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin 11 saylı filialın müdirinə filialın müştərisinin Bankın filialına gəlmədən filialdan kənar yerdə ona filialın əməkdaşları tərəfindən əməliyyat xidməti göstərməyə şərait yaratdığına görə, işində yol verdiyi nöqsanı və səhlənkarlığı - əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən yazılı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin X6 Bankın 11 №-li Filialında xx.xx.2020-ci ildə aparılmış mübadilə əməliyyatlarının araşdırılmasına dair xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, Bankın Əməliyyat və bazar risklərinin idarəedilməsi departamentinin direktoru vəzifəsində çalışan X5 tərəfindən xx.xx.2020-ci il tarixində X15 sədri Nikoloz Şurqaiaya təqdimat ünvanlanmışdır. Təqdimata əsasən xx.xx.2020-ci ildə X11 şöbəsi tərəfindən Əməliyyat və Bazar Risklərinin idarə Edilməsi Departamentinə (ƏBRİED) müştəri X1 tərəfindən valyuta mübadiləsi üzrə müəyyən olunmuş limiti keçməməsi barədə müraciətin araşdırılması barədə @-mail daxil olmuşdur. Müştəri müraciətində şikayət edirdi ki, xx.xx.2020-ci ildə bankın 11№ filialından 500 dollar vəsait almışdır, lakin digər bankdan yenə valyuta almaq istədiyi halda həmin bankda onun adında artıq 10 000 USD alışı əks olunduğunu bildiriblər. Kamera görüntüsü ilə əməliyyata risklər tərəfindən baxıldığında adı keçən müştərinin (X2 AZE 08801434, FİN 2CWCAAE) həqiqətən də 500 ABŞ dollarını kassir Aygün Əhmədovadan aldığı təsdiqini tapmışdır. Müştəriyə çek (qəbz) verilməmişdir. xx.xx.2020-ci ildə müştəri banka dəvət olunub, ona 500 USD valyuta mübadiləsi etməsi, Mərkəzi Bankın portalında həmin əməliyyatın səhvən 10000 USD kimi əks olunması barədə Bankdan rəsmi məktub verilmişdir... Araşdırmaya əsasən müəyyən edilmişdir ki, filial müdiri tərəfindən filialda filialın əsasnaməsinin 5.3-cü yarımbəndinin 10 və 11-ci paraqraflarında filial direktoru tərəfindən filialda daxili nəzarətin həyata keçirilməsi və əməliyyat risklərinə nəzarətin təmin edilməsi üzrə vəzifələr kobud surətdə pozulmuş, həmçinin 5.4-cü yarımbəndin filial tərəfindən bank əməliyyatlarının qanuni və səlahiyyət çərçivəsində həyata keçirilməsinin, qanunvericiliyə və bankdaxili normativ sənədlərə riayət edilməsinin və filialın cari fəaliyyətinin təşkil edilməsinə görə məsuliyyətin (o cümlədən maddi məsuliyyətin) filial direktoruna şəxsən aid olması tələbinə filial müdiri tərəfindən lazımınca əhəmiyyət verilməmişdir. İş materiallarına əlavə olunan Cavabdeh ASC-nin xx xxxx 2020-ci il tarixli 144/A saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, Bankın 11 saylı filialının müdiri əmək fəaliyyəti zamanı əmək vəzifələrinin kobud pozuntusuna yol vermiş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş və bununla da Bankın hüquqlarına və qanunla qorunan mənafelərinə əhəmiyyətli ziyan vurmuşdur. Belə ki, İddiaçı filial müdiri işlədiyi dövr ərzində: 1) Aidiyyəti şəxsə qanunvericiliyin və nəzarət orqanının tələblərinə zidd olan kreditin rəsmiləşdirilməsini həyata keçirmiş; 2) Filialın əməkdaşları tərəfindən saxta arayışlarla kreditlərin verilməsi halı baş vermiş və buna nəzarət etməmiş; 3) Filialın əməkdaşları tərəfindən filialın müştərisinin əmək haqqı kartından qanunsuz yollarla pul vəsaitlərinin istifadəsi həyata keçirilmiş və buna nəzarət etməmiş; 4) Filialın kassiri tərəfindən valyuta əməliyyatlarının pozuntusuna yol verilmiş və buna nəzarət etməmişdir. Filial müdiri tərəfindən filialda filialın əsasnaməsinin 5.3-cü yarımbəndinin 10 və 11-ci paraqraflarında filial direktoru tərəfindən filialda daxili nəzarətin həyata keçirilməsi və əməliyyat risklərinə nəzarətin təmin edilməsi üzrə vəzifələr kobud surətdə pozulmuş, həmçinin 5.4-cü yarımbəndin filial tərəfindən bank əməliyyatlarının qanuni və səlahiyyət çərçivəsində həyata keçirilməsinin, qanunvericiliyə və bankdaxili normativ sənədlərə riayət edilməsinin və filialın cari fəaliyyətinin təşkil edilməsinə görə məsuliyyətin (o cümlədən maddi məsuliyyətin) filial direktoruna şəxsən aid olması tələbinə filial müdiri tərəfindən lazımınca əhəmiyyət verilməmişdir. Bunun nəticəsində Bankın nüfuzuna və əmlakına maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh ASC-nin 11 saylı filialının müdiri ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxx 2020-ci il tarixdə ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan İT-İ ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2020-ci il tarixli, 144/A №-li əmrə əsasən, xx xxxx 2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Cavabdeh MMC-nin xx xxxxxx 2016-cı il tarixli Vəzifə Təlimatına əsasən filialın direktorunun vəzifə öhdəlikləri aşağıdakı qaydada müəyyən edilir: - Filialın cari fəaliyyətinə rəhbərlik etmək; - Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə və Bankın daxili normativ sərəncam sənədləri ilə müəyyən edilmiş qaydada sənəd dövriyyəsini, mühasibat və vergi uçotunu aparılmasını, maliyyə, mühasibat, statistik və digər hesabatlığın təqdim edilməsini həyata keçirmək; - Filialın balansında olan əmlakın, o cümlədən: pul vəsaitin, ciddi hesabatlıq blanklarının, kredit müqavilələrinin, qiymətli kağızların, girov müqavilələrinin, qeydiyyat sənədlərinin, Filialm balansda olan əmlakına hüquqlarım təsdiq edən maliyyə və mühasibat hesabdarlığın sənədlərinin, daxili sənədlərin, filial personalının sənədlərinin və saxlanılmalı digər sənədlərin, habelə filialın kompüterlərində və serverlərində elektron şəkildə saxlanılan məlumatın Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilən müddət və qaydalara uyğun saxlanılmasını təmin etmək; - Filialın fəaliyyətini, inzibati-təsərrüfat müqavilələrin maliyyə nəzarəti haqqında Əsasnaməyə uyğun təmin etmək üçün, bütün zəruri operativ-təsərrüfat məsələlərinin həllini həyata keçirir, sövdələşmələri və müqavilələri bağlayır, və onların Filial haqqında Əsasnamə və Etibarnamələr ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində icrasını təmin etmək; - Bütün bank xidmətlərin müştərilərə kompleksli və keyfiyyətli şəkildə təqdim edilməsi və bank əməliyyatlarının bütün növlərini həyata keçirməsi; - Filial tərəfindən müştərilərdən alınmış vəsaitlərin, bank sirrinin və müştəri haqqında məxfi məlumatların qorunmasım təşkil etmək; - Müştəri, nəzarət və digər dövlət orqanln ilə münasibət qurarkən, Bankın yüksək imicini dəstəkləyir, maraqların münaqişəsini həll etmək və məxfi məlumatın qorumaq üçün tədbirlər görmək; - Bank xidmətlərinin və əməliyyatlarının müştərilərə təqdim edilməsini reqlament edənBankın normativ sənədlərinin tələblərinin Filial əməkdaşları tərəfindən icra edilməsini təmin etmək və s. Məhkəmə araşdırması zamanı tətqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı Cavabdeh ASC-nin 11 №-li filialının müdiri vəzifəsində çalışmış, vəzifə səlahiyyətlərinin icrası zamanı filialda daxili nəzarətin həyata keçirilməsi və əməliyyat risklərinə nəzarətin təmin edilməsi üzrə vəzifələrini kobud surətdə pozmuş, həmçinin filial tərəfindən bank əməliyyatlarının qanuni və səlahiyyət çərçivəsində həyata keçirilməsi, qanunvericiliyə və bankdaxili normativ sənədlərə riayət edilməsi və filialın cari fəaliyyətinin təşkil edilməsinə görə məsuliyyət daşımasına baxmayaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə xələl gətirmişdir. Beləliklə, iddiaçı tərəfindən vəzifə təlimatında və əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrinin icra edilməməsi təsdiq edildiyi üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı həmin əmrin qanunsuzluğu sübuta yetirilmədiyindən əmrin ləğvi üçün əsas yoxdur. Məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini, habelə mülki işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən iddia tələbi əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020 tarixli, 144 saylı əmrin ləğv edilməsi hissəsində əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün iddiaçının digər, yəni, həmin əmrlə bağlı əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsi və bu barədə qeydin üzərində cavabdeh tərəfindən müvafiq yazı edilməklə imza və möhürlə təsdiq edilməsinin cavabdehə həvalə edilməsi, qanunsuz əmrin ləğv edilməsi barədə Elektron Hökumət Portalında əmək müqavilələrinin elektron qeydiyyatı hissəsinə daxil edilməsi vəzifəsinin cavabdeh və üçüncü şəxslərə həvalə edilməsi, işə düzəlmə imkanı məhdudlaşdırıldığından cavabdehdən qətnamə icra olunan günədək hər ay üçün sonuncu iş yerində aldığı orta əmək haqqı hesabı ilə təzminat ödənilməsini və iddiaçının işgüzar nüfuzuna vurulan ziyanın əvəzi olaraq sonuncu orta illik gəlirin həcmində təzminat cavabdehdən xeyrinə tutulmasına dair tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "Cavabdeh" ASC-yə qarşı "əmrin ləğvi və s." tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "Cavabdeh" ASC-yə qarşı "əmrin ləğvi və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-4429/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4429/2020
21.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver