Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4437/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Code Academy) qarşı diplom verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə (Code Academy) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2023-cü il tarixli 56723 nömrəli müqavilə üzrə 4790 manat ödəniş edərək, 2023-2024-cü illər üzrə "xxxx"də təhsil almasına baxmayaraq, "xxxx" tərəfindən ona diplom verilməməsinə görə İddiaçı diplom verilməsi vəzifəsinin cavabdeh “Code Academy" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ilə Cavabdeh MMC ("xxxx" MMC) arasında xx.xx.2023-cü il tarixli 56723 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti İddiaçı Cavabdeh MMC-yə müqavilə üzrə ödəniş etməyi və bunun qarşılığında “X3” üzrə təhsil alaraq Cavabdeh MMC-nin həmin təhsil sahəsi üzrə verdiyi diplomu əldə etməkdən ibarət olmuşdur. Belə ki, həmin müqavilənn 1.1-ci bəndinə əsasən, “Code Academy“ təhsil alana təhsilin təşkilini, təhsil alan isə təhsilin haqqını "xxxx"ya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, Tədris programı, təhsil haqqı, ödəniş həyata keçirilməsi qaydası, müddəti, müqavilə və onun ayrılmaz tərkib hissəsi olan razılaşma protokolu ilə müəyyən edilir. Müqavilənin 1.3-cü bəndinə əsasən, Müqavilə qüvvədə olduğu müddət ərzində razılaşma protokolu tərəflərin razılığı ilə dəyişdirilə və yenilənə bilər. Həmin müqavilənin 2.1.1 -ci maddəsinə əsasən Təhsil alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədikdə onu müvəqqəti və ya daimi olaraq tədris programından kənarlaşdırmaq "xxxx"nin hüquqdur. Müqavilənin 2.2.1-ci bəndinə əsasən Təhsil alanı "xxxx" tərəfindən müəyyən olunmuş şərtlər çərçivəsində diplomla təmin elmək "xxxx"nin vəzifəsidir. Həmin müqavilənin 4.1 -ci bəndinə əsasən Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya hər hansı təqsirli hərəkəti nəticəsində digər tərəfə zərər vuran tərəf AR qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin müqavilənin 6.8-ci bəndinə əsasən müqavilə və onun tərkib hissəsi kimi razılaşma protokolu imzalandlğı tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetrinə qədər qüvvədə qalır. Həmin müqavilənin 6.9-cu bəndinə əsasən Müqavilə ilə tənzimlənməyən digər məsələlər AR mülki qanunvericiliyi ilə tənzimlənir. Müqavilə üzrə təhsil müddəti 350 gün nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə 2400 manat, xx.xx.2023-cü il tarixdə 2390 manat, cəmisi 4790 manat pul vəsaitini “CODE’' MMC-nin hesabına ödəmiş, xx.xx.2023-cü il tarixdən həmin akademiyada təhsil almağa başlamışdır. Təhsil müddətində İddiaçı öz çalışqanlığı, bacarığı və tərbiyəsi ilə akdemiyadakı müəllimlərin rəğbətini qazanmış, verilən tapşırıqların öhdəsindən gəlmişdir, dərslərdən yayınmamış, seminarlarda və mühazirələrdə iştirak etmişdir. Dəfələrlə akademiya tərəfindən təşkil olunan imtahanlarda yaxşı nəticələr əldə etmişdir. Bildirir ki, "xxxx" tərəfindən verilən təhsil proqramı üzrə tədris başa çatdıqdan sonra diplom verilməsi üçün imtahanlar və final lahiyəsi təşkil edilmişdir. İddiaçı həmin imtahanlarda da müvəffəqiyyətlə keçmiş, final lahiyəsi hazırlamış və yaxşı nəticə əldə etmişdir. Lakin final lahiyəsini belə uğurla verməsinə baxmayaraq, İddiaçı əvvəlki lahiyə imtahanında imtahanı götürən müəllim tərəfindən qərəzli olaraq və qəsdən 0 bal verilərək kəsilmişdir. Halbuki digər imtahanlar və final lahiyəsində yaxşı nəticə əldə etməsinə baxmayaraq yalnız həmin imtahanda kəsilməsi absurddur. Həmin imtahanı götürən müəllim Əhəd Tağıyev sonradan 0 bal yazmasının yanlış olduğunu və onu düzəltməyin vacibliyini "xxxx" rəhbərliyinə bildirsə də, onlar bunu qəbul etməmiş, guya İddiaçı həmin lahiyəni “pul müqabilində yazdırmasını” bildirmiş və bunun yoxlanılması üçün həmin akademiyada müəllim kimi fəaliyyət göstərməyən, İddiaçı heç bir təhsil verməyən şəxslərdən komissiya təşkil etmişlər. Həmin komissiyada olan şəxslər lahiyənin İddiaçı tərəfindən “pul müqabilində” yazdırmadığı qənaətinə gəlmiş, lakin akademiyanın rəhbərliyi yenə də qərəzli şəkildə İddiaçı yazılmış 0 balı dəyişdirməyiblər. Göründüyü kimi İddiaçı ödəniş edərək, "xxxx"də təhsil aldığı müddət ərzində keçirilən dərslərdə və imtahanlarda yaxşı nəticələr əldə etməsinə baxmayaraq akademiya tərəfindən qərəzli olaraq kəsilmiş və ona diplom verilməmişdir. “Code Acadcmy” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixində arayışda qeyd olunur ki, “İddiaçı “Code Academy" tədris mərkəzində “X9 aşdır ma” tədrisinin P236 qrupunda qeydiyyatda olmuş və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək dərslərdə 85% iştirak etmişdir”. Cavabdehin etirazı: Cavabdeh MMC (Code Academy) iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, 2015-ci ildə fəaliyyətə başlayan Code Academy, yüksək texnologiyalar sahəsində peşəkar mütəxəssislər hazırlayan xüsusi lisenziyalı əlavə təhsil müəssisəsidir. Akademiyanın əsas məqsədi Azərbaycanda texnologiya sahəsində karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək və onları fərdi və peşəkar inkişaf üçün lazımi məlumatlar və praktiki bacarıqlarla təmin etməkdir. Bu günədək 10.000-dən çox məzun yetişdirən Code Academy, ölkənin əmək bazarına əhəmiyyətli töhfələr verməkdədir. İddiaçı iddia ərizəsində təhsil prosesi, imtahanlar, qiymətləndirmə sistemi və Buraxılış layihəsinin nəticələri ilə bağlı iddialar yer almışdır. Qeyd edilir ki, İddiaçı ilə Code Academy arasında xx.xx.2023-cü il tarixində bağlanmış müqaviləyə əsasən, tələbə 350 saatlıq “X4” təhsil proqramında iştirak etməyi, ev tapşırıqları və layihə işlərini yerinə yetirməyi və bu proqram üzrə tələb olunan ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq, İddiaçı xx.xx.2023-cü il tarixində tədris prosesinə başlamış və xx.xx.2024-cü il tarixində təhsilini yekunlaşdırmışdır. Müqavilənin 2.4. “Təhsil Alan”-ın vəzifələri başlıqlı maddənin 2.4.2. bəndində “Tədris Proqramı” çərçivəsində dərsdənkənar işlənilməsi üçün verilmiş bütün tapşırıqları tamamlayaraq "xxxx"yə təhvil vermək vəzifəsi vardır İddiaçı təhsil prosesi boyunca dərslərə davamiyyəti 85% təşkil etmişdir və bu, tələbənin 350 saatlıq tədris prosesinin ən az 52 saatında dərslərdə iştirak etmədiyini göstərir. Təhsil müddətində İddiaçı davranışları qəbul edilmiş çərçivələri aşmasa da, tədris göstəriciləri daim orta zəif olmuşdur. Müəllim və mentorlarının qeydlərini əsas götürsələr, tələbənin tədrisi qavramasında mütəmadi problem olub. Tədris dönəmində tələbəyə 24 ev tapşırığı, 2 quiz və 3 mini layihə təqdim edilmişdir. Bu tapşırıqlardan bəziləri yüksək qiymətləndirilmiş, bəziləri isə zəif nəticələr göstərmişdir. Tələbə ev tapşırıqlarının dördünü ümumiyyətlə yerinə yetirməmiş və bu tapşırıqlar 0 balla qiymətləndirilmişdir. Eyni zamanda, 3 mini layihədən biri (Back-end Mini Layihə) 0 balla qiymətləndirilmiş, digər iki layihədə isə müvafiq olaraq 95 və 50 bal toplayaraq orta nəticə göstərmişdir. İddiaçı tədris dönəmi yekunlaşdıqdan sonra, tələbələr üçün nəzərdə tutulmuş Buraxılış layihəsi mərhələsinə keçid edilmişdir. Bu layihə, tələbələrin tədris müddətində əldə etdikləri bilik və bacarıqları praktik şəkildə nümayiş etdirmələri üçün nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2024-cü il tanxində Buraxılış layihəsini təqdim etmiş və layihənin qiymətləndirilməsi Code Academy-nin ekspert müəllim heyəti tərəfindən həyata keçirilmişdir. Buraxılış layihəsi təqdim edildikdən sonra, İddiaçı layihə üzrə 55 bal (100 bal üzərindən) toplamış və yekun qiymətləndirmədəki 35%-lik ağırlığı ilə 19.25 bal etmişdir. Bu bal tədris dönəmində topladığı ümumi balla (37.86) birlikdə yekun nəticəni təşkil edir. İddiaçı yekun nəticəsi 57.11 bal olaraq qiymətləndirilmişdir ki, bu da diplom almaq üçün tələb olunan minimal 65 baldan aşağıdır. Bu nəticə onun, tədris müddətində müəyyən edilən minimum standartları tam olaraq qarşılaya bilmədiyini göstərir. İddiaçı iddia ərizəsində qeyd etdiyi bəzi məsələləri aydınlaşdırmaq məqsədilə qeyd edilir ki, Code Academy olaraq tələbənin imtahan və layihə nəticələri qərəzsiz və obyektiv şəkildə qiymətləndirilir. Təhsil müddəti ərzində İddiaçı təqdim etdiyi Back-end Mini Layihəsi müvafiq müəllim heyəti tərəfindən şübhəli qəbul edilmişdir. Layihənin məzmununun tələbənin bilik səviyyəsinə uyğun olmadığını və təqdim edilən kodların tələbə tərəfindən yazılmadığını nəzərə alaraq, tələbədən layihəni yenidən işləməsi və təqdim etməsi istənilmişdir. İddiaçı yenidən təqdim etdiyi layihənin qiymətləndirilməsi zamanı həm yazılı, həm də şifahi olaraq layihə haqqmda verilən suallara qaneedici cavablar verə bilməmişdir. Bu səbəbdən, Akademiya olaraq İddiaçı layihəsini başqa bir şəxs tərəfindən hazırlanmış olduğu və ya layihəni yazmaq üçün üçüncü tərəflərə maddi vəsait qarşılığında müraciət etmiş olma ehtimalını nəzərə alaraq layihəni qəbul etməmişlər. Bu iddiaya əsaslanaraq tələbədən onun bilik və bacarıqlarını sübut etməsi üçün yeni bir mini layihəni onların nəzarəti altında hazırlamasını istənilmiş, bütün bu təkliflərə baxmayaraq, İddiaçı təklifləri rədd edərək, şikayət yolu ilə məsələni həll etməyə çalışmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı bu məsələ ilə bağlı Code Academy-yə avqust ayında pretenziya məktubu ilə müraciət etmiş və xx.xx.2024-cü ildə Code Academy tərəfindən İddiaçı göndərilən cavab məktubunda bütün bunlar ona ətraflı izah olunmuşdur. Code Academy tələbələrinə qərəzli yanaşmamış, hər bir tələbənin hüquqlarını qorumaqla, tədris prosesində şəffaflığı təmin etmək üçün bütün lazımi addımları atmışdır Code Academy hər zaman tələbələrinin inkişafını və gələcəyini düşünərək onlara müvafiq dəstəyi göstərməyə hazırdır. İddiaçı təhsil dövründə əldə etdiyi nəticələri və zəif tərəflərini nəzərə alaraq, ona fərdi konsultasiyalar, əlavə dərslər və təmənnasız dəstək təklif edilmişdir. Təkliflərindən biri, tələbənin ödənişsiz şəkildə tədris proqramını yenidən keçməsi və ya Buraxılış layihəsini yenidən hazırlayaraq balını artırması olmuşdur. Təəssüf ki, İddiaçı bu təkliflərdən imtina etmiş və iştirak sənədi ilə kifayətlənəcəyini bildirmişdir. İddiaçı 0 (sıfır) bal aldığı mini layihəsini təkrar təqdim edərək 100 bal (100 üzərindən) aldığı fərz edilsə belə, bu, yekun balına təsir etməyəcək və nəticədə yalnız 63 bal toplaya bilərdi. Buna baxmayaraq, biz hər zaman tələbənin inkişafını düşünərək, təmənnasız olaraq dəstək göstərməyə çalışmışlar. Şikayətdə yer alan əsassız iddialar fonunda belə, İddiaçı müxtəlif güzəştlər və yenidən qiymətləndirmə təklif edilmişdir. Code Academy tələbə mərkəzli bir tədris müəssisəsi olaraq, hər bir tələbənin hüquqlarını qorumaq və onların təhsil prosesini dəstəkləmək üçün çalışır. Qiymətləndirmə prosesi zamanı şəffaflığı təmin etmək və hər bir tələbəyə ədalətli yanaşmaq, əsas prioritetlərindəndir. İddiaçı da digər tələbələri kimi ədalətli və obyektiv qiymətləndirmə sistemi tətbiq edilmiş, tədris müddəti ərzində yaranan hər hansı çətinliyi həll etmək üçün dəstək göstərilmişdir. Akademiyanın məqsədi tələbələrinə lazımi bilik və bacanqlan ötürmək və onlara gələcək karyera yollarında uğur qazanmaları üçün dəstək olmaqdır. Şikayətdə yer alan iddiaların tamamilə əsassız olduğunu və İddiaçı diplom almaq üçün müəyyən edilən minimum standartları qarşılaya bilmədiyi qeyd etmək istedilirəyirik. Code Academy olaraq tələbələrin hüquqlarını qorumağa, onlara müvafiq dəstəyi göstərməyə və təhsil prosesində şəffaflığı təmin etməyə davam edəcəklər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyib, etirazda göstərilən məzmunda izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X6 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də Qeydiyyat və tələbə şöbəsinin rəhbəri vəzifəsində çalışır. İddiaçı qohumu onun dostudur. Ona Nicatın məsələsi barədə bildirdikdə dedi ki, problem deyil. Digər müəllim, Nicat və o görüşmüşlər. Nicata layihə ilə bağlı suallar verdikdə on sualdan ikisinə cavab qismən oldu, digər səkkizinə isə cavab alınmadı. Orda bir növ müşahidəçi kimi olmuşdur. Layihə plagiat olanda, ümumiyyətlə, tələbə ilə danışığa getmirlər. Sadəcə iddiaçı çox istəkli oldu deyə, gəlib özünü təsbit etməyi təklif etmişlər. “0” qiyməti ona plagiata görə verilib. Plagiat olmasa, ona “0” verilməz. Onlar sadəcə təsbit etdilər ki, “0” düzgün verilib. Təkrar qiymətləndirmədə qərəzin olması mümkün deyil, kursda yoxlamaya hansı müəllimin girəcəyini təyin edən ayrıca şəxs vardır. Təklifləri hələ də təklif olaraq qalır. X7 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də aparıcı təlimçi vəzifəsində çalışır. İşləri elə bir işdir ki, layihəyə uyğun sual verib o adamın bundan xəbəri olub-olmadığını yoxlamaq mümkündür. Qiymətləndirmə zamanı iddiaçıya suallar verdikdə, heç bir sualına cavab verə bilmədi və orada bildirdi ki, “siz elə bir dildə danışırsınız ki, sizi anlamıram”. Nicatı birinci dəfə qiymətləndirmə prosesində görmüş, ona dərs deməmişdir. Həmin layihə barəsində İddiaçı tərəfindən heç bir cavab almamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı ilə Cavabdeh MMC (Code Academy) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 56723 saylı müqavilədən görünür ki, tərəflər arasında təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. "xxxx" təhsil alana təhsilin təşkilini, təhsil alan isə təhsil haqqını Code Academy-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC və «Təhsil alan» arasında bağlanmış xx.xx.2023 tarixli № 56723 saylı müqavilə üzrə razılaşma protokoluna əsasən İddiaçı 5600 ödəmək şərti ilə (1 aylıq 810 manat endirim tətbiq edilməklə) proqramlaşdırma tədris proqrama öyrənməyə razılıq vermişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dərslərdə 85% iştirak etmişdir. İddiaçı "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ona diplom verilməsi ilə bağlı Cavabdeh MMCyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Maddə 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC ("xxxx" MMC) arasında xx.xx.2023-cü il tarixdə təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, "xxxx" təhsil alana təhsilin təşkilini, təhsil alan isə təhsil haqqını Code Academy-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçıya 350 saatlıq “X4” təhsil proqramının tədris edilməsi nəzərdə tutulmuş, İddiaçı xx.xx.2023-cü il tarixdə 2400 manat, xx.xx.2023-cü il tarixdə 2390 manat, cəmi 4790 manat pul vəsaitini Cavabdeh MMC-nin hesabına ödəmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin tədris mərkəzində təhsil almağa başlamışdır. Tədris dönəmi yekunlaşdıqdan sonra iddiaçının tədris müddətində əldə etdiyi blilik və bacarıqların praktiki şəkildə nümayiş etdirməsi məqsədilə buraxılış layihəsi mərhələsinə keçid edilmiş, İddiaçı təqdim etdiyi buraxılış lahiyəsi cavabdehin ekspert müəllim heyəti tərəfindən qiymətləndirilmiş və iddiaçı diplom almaq üçün tələb olunan minimal 65 baldan 57.11 bal topladığından ona diplom verilməsindən imtina olunmuşdur. Hazırda iddiaçı diplom verilməsi vəzifəsinin cavabdeh “Code Academy" MMC-nin üzərinə qoyulmasını xahiş edir və iddiasını öz çalışqanlığı, bacarığı və tərbiyəsi ilə akdemiyadakı müəllimlərin rəğbətini qazanması, verilən tapşırıqların öhdəsindən gəlməsi, dərslərdən yayınmaması, seminarlarda və mühazirələrdə iştirak edərək, dəfələrlə akademiya tərəfindən təşkil olunan imtahanlarda yaxşı nəticələr əldə etməsi ilə əsaslandırır. Cavabdeh isə İddiaçı təqdim etdiyi Back-end Mini Layihəsinin müvafiq müəllim heyəti tərəfindən şübhə ilə qəbul edildiyini, layihənin məzmununun tələbənin bilik səviyyəsnə uyğun olmadığını və təqdim edilən kodların iddiaçı tərəfindən yazılmadığını nəzərə alaraq, ondan layihəni yenidən işləməsi və təqdim etməsi istənildikdə, iddiaçının yenidən təqdim etdiyi layihənin qiymətləndirilməsi zamanı layihə ilə bağlı verilən suallara qənaətverici cavab verə bimədiyini, buna görə də diplom almaq üçün müəyyən edilən minimum standartları qarşılaya bilmədiyini göstərərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının öz tələbini əsaslandırmaq üçün istinad etdiyi faktiki halların məcmusundan göründüyü kimi iddia tələbi cavabdehlə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsindən ibarətdir. Beləliklə, hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390 və 442-ci maddələri təşkil edir. Belə ki, tərəflər arasında münasibətlər müqavilə münasibətlərindən irəli gəlir. Hazırkı mübahisə üzrə tərəflər arasında münasibətlərin nəticəsi kimi qeyri-maddi nəticəli hərəkət, fəaliyyətin özü çıxış edir. Mübahisənin mahiyyətinə gəldikdə isə tərəflər arasında “təhsil xidməti göstərilməsi” haqqında müqavilə bağlanmış, müqavilə şərtləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş, hər iki tərəf müqaviləni imzalamışdır. Müqavilənin bağlanması tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün əsas olmuşdur. Qanun müqavilə bağlandığı andan müqavilə şərtlərinə əməl etməyi vəzifə olaraq tərəflərin üzərinə qoyur. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərindən də məlum olur ki, cavabdeh təhsil alana təhsili təşkil etməli, təhsil alan isə təhsil haqqını Code Academy-yə ödəməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı təhsil xidmətləri üçün razılaşdırdıqları 4790 manatı cavabdehə ödəmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dərslərdə 85 faiz iştirak etmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh MMC tərəfindən müəyyən olunmuş şərtlər ödənildiyi təqdirdə cavabdeh təhsil alanı dimpomla təmin etməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə müqavilə tərəflərinin hüquq və vəzifələrinə dair müqavilə şərtlərinin tətbiqi ilə bağlı qeyd olunmalıdır ki, təcrübədə təhsilalanlarla təhsil müəssisələri arasında xidmətin göstərilməsinə dair bağlanan müqavilələr bir qayda olaraq təhsil müəssisələri tərəfindən təklif edilir, həmin müqavilələr özündə, eyni zamanda əvvəlcədən ifadə edilən və dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtləri də ehtiva edir. Mülki qanunvericiliyə görə müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Göründüyü kimi müqavilənin standart şərtləri qanunda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə uyğun olduğu halda da, həmin şərtlər etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıla bilər. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Hazırki halda təklif edənin (MMC-nin) əvvəldən tərtib etdiyi və hamıya eyni şəkildə təklif etdiyi müqavilə üzrə "xxxx"-nin vəzifəsi kimi göstərilmiş “təhsil alanı Code Academy tərəfindən müəyyən olunmuş şərtlər çərçivəsində diplomla təmin etmək” barədə müqavilə şərti standart şərtdir. Bununla əlaqədar qeyd edilməlidir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Hazırkı mübahisə üzrə məhkəmə tərəfindən müqavilə şərtləri təfsir edilərkən hər hansı etibarsızlıq halı və ya etimad və vicdanlılıq prinsiplərinə zidd hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa müqavilə şərtində cavabdeh tərəfindən hər hansı hüquqdan sui-istifadə halına yol verilməmiş, əksinə cavabdeh tərəfindən dürüstlük nümayiş etdirilib layiq olmayan tələbəyə müvafiq diplom verilməsindən çəkinilərək, yalnız müəyyən edilmiş şərtlər ödənildiyi təqdirdə təhsil alanın diplomla təmin edilməsi öhdəliyi nəzərdə tutulmuş, iddiaçı isə müvafiq şərtlərlə (qaydalarla) tanış olduğunu bildirməsinə baxmayaraq, diplom almaq üçün müəyyən edilən minimal standartları qarşılaya bilmədiyi halda, ona qarşı qərəzli münasibət bəslənildiyinə əsaslanaraq diplomun verilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulmasını tələb edir. Əksinə cavabdehin təqdim etdiyi etirazda, habelə məhkəmə iclasında verdiyi izahat əsasında cavabdeh tərəfindən İddiaçı obyektiv və ədalətli qiymətləndirmə sistemi tətbiq edildiyi, hətta iddiaçının ödənişsiz şəkildə tədris proqramını yenidən keçməsi və ya buraxılış layihəsini yenidən hazırlayaraq balını artırmaq üçün şərait yaradılması təklif olunsa da, iddiaçı ona təklif olunmuş imkanlardan imtina edərək israrlı şəkildə məhkəmə yolu ilə müvafiq diplomun əldə olunmasına çalışır ki, bu da cavabdehin iddiaçı barəsində “layihənin İddiaçı özü tərəfindən hazırlanma potensialının olmaması barədə” dəlilinin əsaslı olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə iclasında şahidlər dindirilərkən bu hallar onlar tərəfindən də təsdiq edilmiş və qiymətləndirmədə iddiaçıya qarşı qərəzin olması halı öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, tələbənin tədris olunan müvafiq istiqamət üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi üzrə cavabdeh MMC müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Başqa sözlə, iddiaçının bilik səviyyəsi cavabdeh tərəfindən müəyyən olunan obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, tələbənin biliyinin yoxlanılması tədris olunan proqramın nə dərəcədə mənimsənilməsinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Bundan başqa, həm də nəzərə almaq lazımdır ki, cavabdeh qiymətləndirmə azadlığına əsasən qərar qəbul etdiyi hallarda, məhkəmələr xüsusilə həmin qiymətləndirmənin aparılması qaydalarını, standartlarını, kriteriyalarını və bununla bağlı ümumi praktikanı yoxlamalı və bunun üzərindən qiymətləndirmə azadlığı əsasında qəbul edilmiş qərarlara qiymət verməlidirlər. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan tələblərin cavabdeh tərəfindən pozulduğu iş üzrə materiallardan görünmür. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı diplom verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4437/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4437/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver