Məhkəmə qərarları › İş №2(006)-4438/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4438/2020

05.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4438/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi X3, vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh4 iddiaçı ilə heç bir qohumluq əlaqəsində olmamışlar və iddiaçının ailə üzvü deyillər. Lakin cavabdehlər iddiaçının xx.xx.2019-cu ildən ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında bu günə kimi qeydiyyatda qalmışlar. Cavabdehlər heç vaxt iddiaçının mənzilində yaşamamışlar. Onların iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının hüquqlarını məhdudlaşdırır. İddiaçının əmlakı üzərində sərəncam verə bilmək hüququ məhdudlaşmışdır. Cavabdehlər xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh4 iddiaçının mənzilində yaşamadığı halda iddiaçının mənzilində pasport qeydiyyatında qalması iddiaçının mülkiyyətçi kimi mülkiyyətindən sərbəst istifadə etmək, onun üzərində sərəncam vermək və sair kimi hüquqlarını həyata keçirməyinə mane olur. Göstərilənlərə əsasən cavabdehlər xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh4 xx.xx.2019-cu ildən ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşadıqları üçün onların istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh4 xx.xx.2019-cu ildən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 2 B, mənzil 35 ünvanında yerləşən yaşayış sahəsində yaşamadıqları üçün onların istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini, qətnamədə bu qətnamənin xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh4 ünvan 2 B, mənzil 35 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması üçün əsas olması barədə qeyd yazılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 və vəkili X5 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 B, mənzil 35 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 B, mənzil 35 ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarında olan notarial qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli ərizələrdən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus ünvan 2 B ünvanında yerləşən 35 saylı mənzilin satılmasına etiraz etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə dair cavabdehlərin istifadə hüquqlarının olmaması müəyyən olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 B, mənzil 35 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Hazırki qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 B, mənzil 35 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhk-əməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar