Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-445/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialına qarşı «istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialına qarşı «istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialından 114 günlük istifadə edilməmiş məzuniyyət üçün 7.437 manat 36 qəpik məbləğində kompensasiyanın və həmin kompensasiyanın gecikdirilməsinə görə hər gün üçün ümumi məbləğin 1 %-i həcmində olmaqla, cəmi 193 gün gecikdirmə üçün 14.353 manat 41 qəpik məbləğində əlavə ödəncin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01.03.2014-cü il tarixdən Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialında əmək müqaviləsi bağlanmaqla «Auditor asistenti» vəzifəsinə işə qəbul olunmuşdur. Əmək haqqı 400 manat müəyyən olunmuşdur. 2015-ci ilin yanvar ayının əmək haqqı 800 manat, 2016-cı ilin yanvar ayından 1.000 manat, 2017-ci ilin yanvar ayından 1.500 manat, 2018-ci ilin yanvar ayından 1.800 manat, 2019-cu ilin yanvar ayından isə 2.000 manat əmək haqqı almışdır. İşlədiyi dövrdə «auditor» və «aparıcı auditor» vəzifələrinə yüksəlmişdir. Eləcə də, bütün fəaliyyəti müddətində yalnız 2014-2015-ci iş ili üzrə 30 gün, 2015-2016-cı iş ili üzrə isə 29 gün əmək məzuniyyətində olmuşdur. Sonrakı iş illərində məzuniyyətlərdən istifadə etməmişdir. 12.12.2019-cu il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, onunla son haqqhesab olunmuş, lakin istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya verilməmişdir. Belə ki, o, 2016-2017, 2017-2018, 2018-2019-cu iş ili üçün hər il 30 gün olmaqla, ümumi 90 gün, 2019-2020-ci iş ili üzrə isə 9 ay 9 gün işləməklə 24 gün əmək məzuniyyətindən istifadə etməmişdir. Göründüyü kimi, o, ümumilikdə 114 gün əmək məzuniyyətindən istifadə etməmişdir. Əmək Məcəlləsinin 140-cı maddəsinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, həmin maddi hüquq normasının tələblərini nəzərə aldıqda, onun işdən çıxdığı 12.12.2019-cu il tarixdən əvvəlki 12 ay üzrə maaşı 2018-ci ilin dekabr ayında 1.800 manat, 2019-cu ilin yanvar ayından etibarən isə 2.000 manat olmuşdur. Son 12 ay üzrə ümumi aldığı əmək haqqı 23.800 manat olmuşdur. Buna əsasən orta aylıq əmək haqqı 23800 : 12 = 1983,33 manat edir. Eləcə də, bir günlük əmək haqqı məbləği 1983,33 : 30,4 = 65,24 manat edir. 114 günlük istifadə edilməmiş məzuniyyəti nəzərə aldıqda cavabdeh ona 114 * 65,24 = 7437,36 manat məbləğində kompensasiya verməli olmuşdur. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, kompensasiyanı verməkdən imtina etmişlər. Buna görə də, onun tərəfindən 31.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət olunmuşdur. Müfəttişliyin ona ünvanladığı 07 may 2020-ci il tarixli **********4 saylı məktubdan göründüyü kimi, müraciəti əsasında yoxlama zamanı qanun pozuntuları aşkar edilmiş və bunun əsasında cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. Eləcə də, ona ödənilməli olan son haqq-hesabın ən qısa zamanda ödənilməsinin təmin olunması üçün Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Lakin hazırkı vaxtadək cavabdeh kompensasiyanı ona ödəməmişdir. Göründüyü kimi, cavabdeh hüquqi şəxs istifadə olunmamış məzuniyyətə görə kompensasiyanı ona ödəməkdən qəsdən yayınmış və hazırda da yayınmaqda davam edir. Bu isə onu həmin kompensasiyadan istifadə etmək hüququndan uzun müddət məhrum etməklə ona maddi ziyan vurulmasına səbəb olmuşdur. Həmin kompensasiyanın gecikdirilməsinə görə hər gün üçün ümumi məbləğin 1 %-i həcmində, yəni 7437,36 : 100 = 74,37 manat ödənc verilməlidir. 12.12.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verildiyini nəzərə aldıqda, cavabdeh 22.06.2020-ci il tarixədək ümumilikdə 193 gün gecikdirmə etmişdir. Belə olduqda isə cavabdeh ona 74,37 * 193 = 14353,41 manat məbləğində əlavə ödənc verməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkil) izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsi üzrə işəgötürən və işçi münasibətləri olmuş, işçi öz xahişi ilə işdən azad edilmiş, işçi ilə son haqq-hesab aparılmışdır. Tərəflər arasında mübahisəyə səbəb olan məsələ iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayı və həmin günlərin sayına görə ödənilməli olan kompensasiya məbləğidir. Digər tərəfdən, iddiaçı istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilməsinin cavabdeh tərəfindən qəsdən yubadılmasını əsas gətirməklə, cərimə pulu hesablanmasını xahiş edir. İş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX-nin Bakı şəhər idarəsinin 07 may 2020-ci il tarixli **********4 saylı məktubundan görünür ki, X3 Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialında əmək hüquqlarının pozulması barədə müraciət etmiş, müraciətə cavab olaraq isə Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialı barəsində iddiaçının əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində yol verilmiş pozuntuya görə İXM-in 192.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli 9/6047 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi təqdim edilmiş mövcud iş materiallarında iddiaçının qeyd etdiyi məzuniyyətlərdən istifadə edilib-edilməməsi ilə bağlı cavabdeh şirkətin daxili əmrləri, bununla bağlı mühasibat sənədləri öz əksini tapmamışdır. Eyni zamanda, Cavabdeh-nin etirazında göstərilən iddiaçı tərəfindən istifadə edilən və istifadə edilməmiş məzuniyyət günlərini əks etdirən daxili əmrlər, yaxud bununla bağlı mühasibat sənədləri öz əksini tapmamışdır. Lakin ekspert rəyin tədqiqi hissəsində göstərilənləri nəzərə alaraq qeyd edir ki, İddiaçı Cavabdeh-də işlədiyi müddət ərzində iddia tələbində qeyd etdiyi 114 günlük istifadə edilməmiş əmək məzuniyyətinin düzgünlüyü məhkəmə tərəfindən əsaslı hesab edildiyi halda, İddiaçı Cavabdeh-də işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ödənilməli olan kompensasiya məbləği 7.437 manat 36 qəpik məbləğində müəyyən edilir, o cümlədən: 23.800 manat (son 12 ay üzrə ümumi aldığı əmək haqqı), 23800 : 12 = 1983,33 manat (orta aylıq əmək haqqı) 1983,33 : 30,4 = 65,24 manat (bir günlük əmək haqqı məbləği), 114 (istifadə edilməmiş məzuniyyət günlərinin sayı) * 65,24 = 7437,36 manat. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə daxili inamına görə hesab edir ki, iddiaçının cavabdehlə əmək müqaviləsinin qüvvədə olduğu müddətdə istifadə etmədiyi məzuniyyət günlərinin sayı iddia ərizəsində qeyd etdiyi kimidir. Belə ki, cavabdeh etirazında iddiaçı tərəfindən 59 gün müddətində məzuniyyətin istifadə olunmasını qeyd etsə də, iş materiallarında olan təcrübə (stajkeçmə) müqaviləsi və tərəflərin izahatlarından görünür ki, etirazda qeyd olunan günlərdə iddiaçıya bağlanmış müqaviləyə əsasən imtahanlara hazırlaşmaq üçün icazə verilmişdir. Bundan başqa cavabdehin etirazında göstərilən iddiaçı tərəfindən istifadə edilən və istifadə edilməmiş məzuniyyət günlərini əks etdirən daxili əmrlər, yaxud bununla bağlı mühasibat sənədləri təqdim edilməmişdir. İddiaçı tərəfindən də bu cür sənədlər təqdim edilməsə də, bu, anlaşılandır. Lakin cavabdehə öz daxili sənədləşməsinə, arxiv sənədlərinə istinad edərək, bu cür sübutları məhkəməyə təqdim etməsinə heç bir maneə yoxdur. Cavabdeh isə məzuniyyət günləri ilə bağlı etirazda qeyd etdiyi hesabatı hər hansı sübutlarla təsdiq etməmişdir. İddiaçının bu cür sənədlərə çıxış imkanı yoxdur. Məhkəmə iddiaçının qeyd etdiyi hesabatı, istifadə etmədiyi məzuniyyət günlərinin sayı ilə bağlı göstərdiklərini əsaslı hesab edir. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 114 günlük istifadə edilməmiş məzuniyyət üçün 7.437 manat 36 qəpik məbləğində kompensasiya Cavabdehnin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsindən görünür ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, maddi hüquq norması əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi ilə bağlı mübahisələri tənzimləyir. İstifadə olunmamış məzuniyyət günlərinə görə pul vəsaitinin gecikdirilməsi ilə bağlı mübahisələrə qeyd olunan maddi hüquq normasının tətbiq edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 114 günlük istifadə edilməmiş məzuniyyət üçün 7.437 manat 36 qəpik məbləğində kompensasiya Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 114 günlük istifadə edilməmiş məzuniyyət üçün 7.437 manat 36 qəpik məbləğində kompensasiya Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-445/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-445/2021
10.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver