Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4466/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Dəmir Yolları“ QSC Yük Daşımaları Departamenti Lokomotivlərin İstismarı Xidmətinin xx.xx.2025-ci il tarixli, 13-1-23/3-10-16980/2025 nömrəli əmrinin ləğv edilməsinə və işə bərpa edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı 1980-1989-cu illdərdə Gəncə şəhəri Dəmiryol tam orla məktəbində 9 illik təhsil almışdır. 1989-1991-ci illər ərzində Azərbaycan Respublikası Gəncə şəhəri 9 nömrəli Texniki peşə məktəbində elektrovoz, teklovoz maşinisti köməkçisi üçüncü dərəcəli çilingər ixtisası üzrə peşə təhsili almışdır. xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən xx.xx.1994-cü il tarixdə mina partlaması nəticəsində yaralanmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən ona sol baldır və kəllənin ənsə nahiyyəsinin kor qəlpə yarası diqanozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 316 saylı qərarında “HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" qeyd olunmuşdur. Ona xx.xx.2015-ci il tarixdə İİİ dərəcəli və xx.xx.2016-cı il tarixdə İİ dərəcəli əlillik qrupu verilmişdir. Hazırda əlillik qrupu qüvvədədir. xx.xx.1997-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi indiki adı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımaları Departamenti Lokomotivlərin İstismarı Xidməti X2 deposunda müxtəlif peşələrdə işləmiş və sonuncu vəzifəsi naryadçı vəzifəsi olmuşdur. İşlədiyi 30 ilə yaxın müddət ərzində nümunəvi işçi olmuşdur. Verilən bütün tapşırıqları yerinə yetirmiş və barəsində heç bir cəzalandırma tədbiri tətbiq edilməyib. Onu da qeyd edir ki, 2005-2010-cu illərdə keçirilən attestasiyalarda iştirak etmişdir. Lakin, 2015 və 2020-ci illərdə keçirilən attestasiyalarda Vətənin Müdafiəsi zamanı yaralandığına və əlilliyinə görə attestasiya imtahanlarından azad edilmişdir. Ona məlum olmayan səbəblərdən Əmək Məcəlləsinin 66-cı maddəsinin tələblərinə zidd olaraq xx.xx.2025-ci il tarixdə attestasiya imtahanına çağırılmış və qeyri-obyektiv keçirilən attestasiyanın nəticəsinə görə işdən azad edilmişdir. Hesab edir ki, ona yanaşma qərəzli olmuşdur. Attestasiya ilə bağlı keçirilən kursda iştirak etməmişdir. Attestasiya keçirilməmişdən əvvəl rəhbərlik tərəfindən ona bildirildi ki, "sən imtahandan azadsan, keçirilən attestasiyanın sənə heç bir adiyyatı yoxdur". Sonradan attestasiyaya cəlb olunmağı və işdən çıxarılmağı ona qarşı qeyri-qanuni və qərəzli mövqe tutulması nəticəsində olmuşdur. Hesab edir ki, işdən əsassız olaraq qeyri-qanuni çıxarılmışdır. İşə bərpa tələbi ilə əlaqədar Gəncə 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, qarşı tərəf mediasiya iclasında iştirak etməmişdir. Bu səbəbdən də, Gəncə 3 saylı X4 Mediasiya Sessiyasında (İMS) iştirak edilməməsi barədə müvafiq arayış alınmışdır. Bu səbəbdən işə bərpa ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin etirazı: Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsini qəbul etmirlər. Belə ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin Yük daşımaları departamentinin xx.xx.2025-ci il tarixli 13-1- 23/3-10-16980/2025 nömrəli əmri tam qanuni və əsaslıdır. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları departamentində çalışan bəzi işçilərin tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi, peşəkarlıq və işgüzarlıq səviyyələrinin yoxlanılması, potensial imkanlarının aşkara çıxarılması məqsədilə Yük daşımaları departamentinin xx.xx.2025-ci il tarixli 13-1-23/3-5-10763/2025 nömrəli əmri ilə Attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmişdir. Həmin qrafikə uyğun olaraq Departamentin Lokomotivlərin istismarı xidmətinin X2 deposu üzrə xx.xx.2025-ci il tarixində işçilərin attestasiyası keçirilmişdir. Həmin işçilər arasında İddiaçı da olmuşdur. Attestasiya komissiyasının üzvlərinin və iddiaçının imzaladığı xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsinə əsasən iddiaçıya yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlərə uyğun olaraq 13 sual verilmiş, iddaçı isə yalnız 2 suala tam, 3 suala qismən cavab vermiş, digər 8 suala isə cavab verməmişdir. Sözügedən attestasiya nəticələrinə görə Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin X2 deposunun Lokomotivlərin istismarı sahəsinin naryadçısı İddiaçı tutduğu vəzifəyə (peşəyə) uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixdə qərar qəbul edilmişdir. Bundan sonra, Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin rəisi Afiq Nəzərovun xx.xx.2025-ci il tarixli 13-1-23/3-10-16980/2025 nömrəli əmrinə əsasən işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin X2 deposunun Lokomotivlərin istismarı sahəsinin naryadçısı İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin, bildirilir ki, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Buna uyğun olaraq xx.xx.2025-ci il tarixli attestasiyanın keçirilməsi barədə bildirişə əsasən İddiaçı xx.xx.2025-ci il tarixində saat 11:30-da attestasiyanın keçirilməsi barədə məlumatlandırılmışdır. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, İİ qrup əlildir, bu səbəbdən də Əmək Məcəlləsinin 66-cı maddəsinə uyğun olaraq o attestasiyadan keçirilməməlidir. Bununla bağlı bildirmək istəyirik ki, AR ƏƏSMN yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan çıxarışa əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə sonuncu müayinədən keçmiş və əvvəllər ona təyin edilmiş “diaqnoz öz təsdiqini tapmır, diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Nəticədə, iddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsinin əhatə dairəsinə düşmədiyinə görə attestasiyadan keçirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin attestasiyası keçirilmiş, iddiaçı attestasiyanın keçirilməsi barədə əvvəldən məlumatlı olmuş, kifayət qədər hazırlaşması üçün vaxtının olmasına baxmayaraq attestasiya zamanı öz peşəsinə uyğun verilən suallara cavab verə bilmədiyi üçün tutduğu vəzifəyə uyğun olmaması barədə komissiya tərəfindən qərar qəbul edilmiş, işəgötürən tərəfindən isə işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən də işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmədən İddiaçı "xxxx" QSC-yə qarşı “işə bərpa tələbi”nin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahat verərək bildirdi ki, Əmək Məcəlləsinin 66-cı maddəsində deyilir ki, hərbi əməliyyatlar nəticəsində xəsarət almış və əlilliyi müəyyən edilmiş şəxslərlə bağlı attestasiya imtahanı keçirilmir. Bununla bağlı İnsan Resursları araşdırmalar aparmışdır və müəyyən edilmişdir ki, iddiaçının əlilliyi yoxdur. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı əmək kitabçasının surətindən görünür ki o, - "xxxx" QSC-nin xx.xx.1997-ci il tarixli 79 saylı əmrinə əsasən "xxxx" QSC-nin X8 texniki baxış məntəqəsinə 3-cü dərəcə ilə çilingər qəbul olunmuşdur. -"xxxx" QSC-nin xx.xx.1998-ci il tarixli 20 saylı əmək əmrinə əsasən elektrovoz üzrə maşinist köməkçisi keçirilmişdir. -"xxxx" QSC-nin xx.xx.2001-ci il tarixli 355 saylı əmək əmrinə əsasən elektrovoz maşinist keçirilmişdir. -"xxxx" QSC-nin xx.xx.2003-cü il tarixli 380 saylı əmək əmrinə əsasən 3-cü dərəcəli elektrovoz maşinist adı verilmişdir. -"xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli 314-k saylı əmək əmrinə əsasən elektrik maşinistləri sexinin kontoktor bölməsinə 3-cü dərəcə ilə çilingər keçirilmişdir. -"xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli 359-k saylı əmək əmrinə əsasən 4-cü dərəcə verilmişdir. -"xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli 359-k saylı əmək əmrinə əsasən 5-ci dərəcə verilmişdir. -"xxxx" QSC-nin xx.xx.2017-ci il tarixli 220-k saylı əmək əmrinə əsasən tormoz və pevmatik avadanlığın təmiri sexinə çilingər keçirilmişdir. -"xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 187-İR saylı əmək əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsi ləğv edilməsi əmr edilmişdir. -"xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli ******* saylı əmək əmrinə əsasən "xxxx" QSC-nin infrasturuktur Departamenti Qatarların idarə edilməsi xidməti Gəncə maqistral lokomotivlərinin idarə edilməsi sahəsi lokomotivlərin idarə edilməsi bölməsi naryadçı vəzifəsinə işə qəbul olunmuşdur. -"xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1-24/3-10-21795/2025 saylı əmək əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. -"xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1-2-3-8-20209/2023 saylı əmək əmrinə əsasən "xxxx" QSC Yük daşımaları departamentinin lokomotivlərin istismarı xidmətinin X2 deposunun lokomotivlərin istismarı sahəsinə naryadçı vəzifəsinə işə qəbul edilmişdir. -"xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-1-23/3-16980/2025 saylı əmək əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən peşəkarlıq səviyyəsinin ixtisasının (peşəsinin) kifayət dərəcəsində olmadığına görə) əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı NZ seriyalı ******* nömrəli hərbi biletinə əsasən o: - xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. - xx.xx.1994-cü ildə sol baldır və kəllənin ənsə nahiyəsindən qəlpə yarası almışdır. - xx.xx.1994-cü tarixdən xx.xx.1994-cü il tarixədək N saylı h/h-nin tərkibinə «Fizuli, Cəbrayıl, Murovdağ» istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı B466205 saylı diplomun surətinə əsasən o, Azərbaycan Respublikası Gəncə şəhəri 9 nömrəli Texniki peşə məktəbində elektrovoz, teklovoz maşinisti köməkçisi üçüncü dərəcəli çilingər ixtisası üzrə peşə təhsili almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 316 saylı xx.xx.2015-ci il tarixli qərarının surətinə əsasən İddiaçı sol baldır və kəllənin ənsə nahiyəsindən qəlpə yarası almışdır. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin xx.xx.2025-ci il tarixli, 13-1-23/2-5- 10763/2025 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”-nın tələblərinə uyğun olaraq Deparamentin xx.xx.2024-cü il tarixli “Yük daşımaları departamentinin struktur bölmələrində və tabeliyində olan müəssisələrdə çalışan bəzi işçilərin attestasiyasının keçirilməsi barədə” əmrinin icrasının təmin edilməsi məqsədilə Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin tabeliyində olan müəssisələrdə çalışan bəzi işçilərin bu Əmrin əlavəsində göstərilən qrafik üzrə attestasiyanın keçirilməsi əmr edilmişdir. Attesasiyanın keçirilməsi barədə xx.xx.2025-ci il tarixli bildirişə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə saat 11:30-da attesasiya keçirələcəyi ilə bağlı məlumat verilmişdir. xx.xx.2025 -ci il tarixli attesasiya vərəqəsinə əsasən İddiaçı ona verilən 13 sualdan 8-nə cavab verməməklə tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-1-23/3-10-16980/2025 saylı əmrinə əsasən Azərbaycan Dəmir Yolları'’ Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları departamentində çalışan bəzi işçilərin tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi, peşəkarlıq və işgüzarlıq səviyyələrinin yoxlanılması, potensial imkanlarının aşkara çıxarılması məqsədilə Yük daşımaları departamentinin (departament) xx.xx.2025-ci il tarixli 13-1-23/3-5- 10763/2025 nömrəli əmri ilə Attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmişdir. Həmin qrafikə uyğun olaraq Depərtamentin Lokomotivlərin istismarı xidmətinin X2 deposu üzrə xx.xx.2025-ci il tarixində işçilərin attestasiyası keçirilmişdir. Sözügedən attestasiya nəticələrinə görə Lokomotivlərin istismarı sahəsinin naryadçısı İddiaçı vəzifəyə (peşəyə) uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixdə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin X2 deposunun Lokomotivlərin istismarı sahəsinin naryadçısı İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Gəncə 3 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/MT053/2025-00042 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışına əsasən xx.xx.2025-ci il tarixdə saat 12:00-da keçirilmiş mediasiya sessiyasında yalnız İddiaçı iştirak etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3195/2024 nömrəli qərardadına əsasən İddiaçı tərəfindənn verilmiş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya Agentliyinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-87479/2025 saylı məktubuna əlavə edilmiş TSEK-in xx.xx.2016-cı il tarixli qərarına əsaən İddiaçı diaqnozu: Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalarda baldırın və kəllənin ənsə, sağ gicgah nahiyyəsinin km qəlpə yaralanmasından sonrakı vəziyyət. Keçirilmiş ağır kəllə beyin traırmasınm qalıq əlamətləri Sol gicgah nahiyyəsinin 0,6x0,4 sm ölçülü metalqəlpə.Serebrovaskutyar çatmamazlıq. Vegeto-damar paroksızmları ilə Servikalgiya, ənsə sinirin travmatik nevrologiyası, ağrı sindromu. Ürək çatmamazlığı, QDÇ İİ dərəcə. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefolopatiya İİ mərhələ. Kəllədaxili hipertenzirya. Ürəyin xroniki işemik xəstəliyi, ÜİXgərginlik stenokardiyası İİ fs.Nevrastenrya, asteno-nevrotik sindrom Əlilliyin müəyyən olunması meyarı: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları va ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri Əmak zamanəti barada: Əsəb gərginliyi olmayan işlərdə işləyə bilər. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı əlillin verilməsindən imtina edilmişdir. İmtina səbəbi göndərişin natamam doldurulması olmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı əlillin verilməsindən imtina edilmişdir. İmtina səbəbi diaqnozun əlillik əlaməti təyin etməməsi olmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı əlillin verilməsindən imtina edilmişdir. İmtina səbəbi diaqnozun öz təsdiqini tapmaması olmuşdur. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ADY-nin kemiş işçisi İddiaçı ilə keçirilmiş 2025-ci il 10 iyun tarixli attestasiyadan əvvəlki illərdə onun attestasiyadan keçməsi barədə arxiv məlumatı və təsdiqedici sənədlər aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
3. Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Maddə 66. Attestasiya olunmayan işçilər Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlə Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları: 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. 2.3. Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər. 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. 3.6. Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarına istinadən vurğulayır ki, İddiaçı xx.xx.1994-cü ildə sol baldır və kəllənin ənsə nahiyəsindən qəlpə yarası alaraq, Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. xx.xx.1994-cü tarixdən xx.xx.1994-cü il tarixədək N saylı h/hnin tərkibinə «Fizuli, Cəbrayıl, Murovdağ» istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı statusu almışdır. xx.xx.1997-ci il tarixindən "xxxx" QSCdə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC Yük daşımaları departamentinin lokomotivlərin istismarı xidmətinin X2 deposunun lokomotivlərin istismarı sahəsinə naryadçı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmrlə Attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmiş, keçirilən attestasiyada İddiaçı da iştirak etmiş, "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilərək işə bərpa olunmasını xahiş edir və iddiasını, uzun illər ərzində işlədiyi müddətdə nümunəvi işçi olması, müvafiq təşkilatda 2015 və 2020-ci illərdə keçirilmiş attestasiyalardan vətənin müdafiəsi zamanı xəsarət aldığına və əlilliyinə görə azad edilməsi, Əmək Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən vətənin müdafiəsi zamanı xəsarət alması və əlil olmasına baxmayaraq, qanunsuz olaraq attestasiyaya cəlb olunması, attestasiyada ona qarşı qərəzli mövqe tutulması əsaslandırır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək iddiaçı barəsində aparılmış araşdırmanın nəticəsində onun əlilliyinin olmaması təsdiq olunduğundan iddiaçının attestasiyada iştiraka cəlb edildiyini, attestasiyada iddiaçıya verilmiş on üç sualdan səkkizinə cavab verə bilmədiyini, buna görə iddiaçının tutduğu vəzifəyə uyğun olmaması ilə bağlı komissiyanın qərar qəbul etdiyini göstərərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə ilk növbədə İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə istinad edərək, “vətənin müdafiəsi uğrunda hərbi əməliyyatlarda xəsarət almasına və əlilliyinin müəyyən edilməsinə, buna görə attestasiyası keçirilməyən işçilər kateqoriyasına aid olmasına əsaslanıb, qanunsuz olaraq cavabdeh tərəfindən attestasiyaya cəlb edilməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 66-ci maddəsinin 1-ci bəndinə əsasən vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış VƏ əlilliyi müəyyən edilmiş işçilərin attestasiyası keçirilmir. Göründüyü kimi sözügedən maddədə “və ya”, “və yaxud” kimi bölüşdürmə bağlayıcılarından deyil, “və” birləşdirmə bağlayıcısından istifadə olunmuşdur ki, bu da iddiaçının həmin maddəsinin təsiri altına düşməsi üçün maddənin dispozisiyasında göstərilən hər iki tərələb cavab verməli olmasını şərtləndirir. İddiaçı iddia ərizəsində əlillik dərəcəsinin qüvvədə olmasını bildirsə də, iş materialları ilə bu hal təkzib olunur. Belə ki, məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial ekspert Komissiyasının sonuncu -xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı, diaqnozun öz təsdiqini tapmaması əsası ilə əlillik verilməsindən imtina edilmişdir. İddiaçı hətta müvafiq qərarı inzibati məhkəmə icraatı çərçivəsində münahisələndirmiş və iddiası mümkün sayılmamışdır. Belə olan halda məhkəmə ƏM-nin 66-cı maddəsinin 1-ci bəndinin dispozisiya şərlərinin ödənilməməsi qənətinə gəlir və iddiaçının həmin dəlilini əsassız sayır. Eyni zamadan iddiaçı məhkəmənin sualına cavab olaraq Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmədiyini də bildirmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində müvafiq təşkilatda çalışdığı 2015 və 2020-ci illərdə keçirilmiş attestasiyalardan vətənin müdafiəsi zamanı xəsarət aldığına və əlilliyinə görə azad edilməsini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda İddiaçı ilə keçirilmiş 2025-ci il 10 iyun tarixli attestasiyadan əvvəlki illərdə onun attestasiyadan keçməsi barədə arxiv məlumatı və təsdiqedici sənədlərin aşkar edilmədiyi bildirilmişdir. İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı, işəgötürən tərəfindən attestasiyanın keçirilməsi vaxtı barədə qabaqcadan xəbərdar edilmişdir. Bunu iş materiallarda olan “attesasiyanın keçirilməsi barədə bildiriş” təsdiq edir. İddiaçının imtahana hazırlaşması üçün kifayət qədər, bir aydan daha çox zamanı olmuşdur ki, bu da işçilərin attestasiyasının keçirilməsi qaydalarına tam uyğundur. xx.xx.2025-ci il tarixdə keçirilən attestasiyada İddiaçı da iştirak edərək, komissiya üzvlərinin ona ünvanladığı on üç sualdan səkkizinə cavab vermədiyindən onun vəzifəyə uyğun olmamasına dair qərar qəbul edilmişdir. “Attestasiyada iddiaçıya qarşı qərəzli mövqe tutulması” barədə iddianın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attesatasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır. Məhkəmə qeyd edir ki, bərabərlik prinsipi attestasiya zamanı bütün işçilərə eyni vəzifə üzrə eyni tələblər və meyarlar əsasında sualların verilməsini tələb edir. Əgər bir işçiyə digərlərindən daha çətin və ya daha çox suallar verilirsə, bu onun haqsız yerə uğursuz nəticə göstərməsinə səbəb ola bilər. Həmçinin suallar obyektiv və işçinin peşə bacarıqları ilə əlaqəli olmalı, bütün işçilər eyni tələblər və meyarlar əsasında qiymətləndirilməlidirlər. İşçilərə fərqli və qərəzli yanaşılıbsa, bu qərəzsizlik prinsipinin pozulması deməkdir. İddiaçı ümumi şəkildə ona qarşı qərəzin olduğunu bildirsə də, həmin qərəzə əsas verə biləcək səbəblərin nədən qaynaqlandığını açıqlaya bilməmişdir. Hər bir halda iddiaçının müvafiq dəlilinin araşdırılmasından ötrü onunla eyni vəzifədə çalışan digər işçilərin müvafiq attestasiyada iştirak etməsi ilə bağlı sənədlər və videogörüntülər cavabdehdən tələb edilmiş, cavabdehin təqdim etdiyi Lokomotivlərin istismarı sahəsinin nardayçısı vəzifəsində işləyən X6 və X5 videogörüntüləri və attestasiya vərəqələri iddiaçı ilə müqayisəli şəkildə tədqiq edilmiş, iddiaçının attestasiyanın qərəzli və qeyri-obyektiv keçirilməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının iştirakını özündə əks etdirən videogörüntülərdə onun həqiqətən də sualların əksəriyyətinə cavab verə bilmədiyi, verilən bəzi sualları natamam cavablandırdığı, attestasiyadan uğurla keçən digər yuxarıda adıçəkliən işçilərin isə suallara komissiya üzvlərini qane edən cavablar verdikləri açıq-aşkar sezilir. Beləliklə, məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın audio-video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi”, natamam cavblandırdığı suallar isə “qismən cavab verdi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların mütləq əksəriyyətinə ya cavab verə bilməmiş və ya natamam cavab vermişdir. O da qeyd olunmalıdır ki, iddiaçı attestasiyada ona verilən sualların onun vəzifəsinə və ya ixtisasına uyğun olub-olmamasını mübahisələndirməmiş, əksinə videogörüntüdə ona verilən sualların iş materiallarına əlavə edilmiş iddiaçının vəzifə təlimatında göstərilən əmək funksiyalarına uyğun olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən cavabdeh təşkilatda attestasiya keçirilərkən qanunvericiliyin tələblərinin, o cümlədən attestasiyanın keçirilməsi prosedurların pozulması müəyyən edilməmişdir. Həmçinin attestasiyanın nəticəsi olaraq iddiaçının barəsində mübahisələndirilən əmr qəbul olunarkən əmək qanunvericiliyin tələblərinin pozulması müəyyən olunmur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həbibə Miriyeva