Məhkəmə qərarları › İş №2(006)-4475/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4475/2021

15.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4475/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi Paşayev Etibar İbad oğlunun iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-yə qarşı “kirayə haqqının ödənilməsi və s.” tələbinə dair ilkin iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “ödənilmiş kirayə haqqının qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının əvəzi olaraq, aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MTK-dan tutularaq ona ödənilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində maddi və mənəvi zərərin ödənilməsinə dair tələbi üzrə məhkəmə İşi yekunlaşıb məhkəmə qərarı ilə təyin edilmiş kompensasiyanın "xxxx" MTK tərəfindən ona ödənilməsi təmin edilənədək, "Pilot İnşaat- A” MTK tərəfindən ona, kirayə haqqının ödənilməsinin davam etdirlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi 2009-cu ildən onun xüsusi mülkiyyətində və 0,1844 ha həyətyanı torpaq sahəsi isə istifadəsindədir. 2017-ci ilin mayiyun aylarında "xxxx" MMC ilə evinin və istifadəsində olan torpaq sahəsinin alınması müqabilində ona ödəniləcək kompensasiyanın məbləği ilə bağlı danışıqlar oldu. "xxxx" MMC-nin təklifi ilə razı olmadığından, MMC onu evindən çıxmağa məcbur etmək üçün ilk öncə evinin kommunal təchizat xətlərini kəsərək, evinə su, qaz və elektrik enerjisinin verilməsinə imkan vermədi. Bundan başqa, ətrafda yerləşən evləri sökərək, qazıntı işləri apardı və evinə gediş-gəliş yolunu bağladı. Evində yaşamaq artıq mümkünsüz olmağına belə ki, qaz, işıq, su xətləri kəsilməyinə baxmayaraq ailəsi ilə birlikdə evdə yaşamağa davam etmişlər. Mülkiyyətdən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması üçün 2017-ci ilin iyununda "Pilot İnşaat-A” MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi və iddianın təmini tədbiri qismində fərdi yaşayış evindən istifadə hüququna qəsdən yaradılan maneələrin dərhal aradan qaldırılması, evin ətrafındakı xarabazarlığın dərhal təmizlənməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasını, habelə cavabdehə, eləcə də digər şəxslərə əmlakı barədə hər hansı hərəkətlərin edilməsinə qadağan qoyulması barədə qərardad çıxarılmasını xahiş etdi. Nəsimi Rayon Məhkəməsi 07 iyui 2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsini təmin etmədi. Bu qərardaddan verdiyi şikayətə baxılmamış, yəni 24 iyul 2017-ci il tarixdə onun və ailəsimin qohumugildə olmağından istifadə edərək, gecə evimin bir hissəni uçurdular. Bundan sonra o, "xxxx" MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə "Əmlaka vurulmuş maddi» ziyanın bərpa edilməsi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi" təqdim edərək, mülkiyyətində olan evin bir hissəsinin məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bu iddia ərizəsilə yanaşı iddianın təmini tədbiri qismində mülkiyyətində olan fərdi yaşayış evinin ətrafında aparılan, sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyan hər hansı qazıntı-tikinti və sair işlərin apanlmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Lakin Nəsimi Rayon Məhkəməsi 11 avqust 2017-ci il tarixli qərardadı ilə iddiamın təmini tədbiri barədə ərizəni rədd etdi. Bundan sonra o, bu qərardaddan şikayət verdi. Məhkəmədə hər İki iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyi müddətdə, Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qərardadından şikayət verdiyi halda, evi "xxxx" MMC tərəfindən tamamilə uçurularaq, yerlə yeksan edildi. Bakı Apellyasiya Məhkəməsi 08 sentyabr 2017-ci il tarixli qərardadı ilə birinci məhkəmə işi üzrə Nəsimi teyon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qərardadını ləğv etdi və iddianın təmini barədə ərizəni qismən təmin edərək, evdən istifadə hüquqlarına cavabdeh tərəfindən qəsdən yaradılan maneələrin aradan qaldırılmasına qərar verdi. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı qüvvəyə minsə də, evi artıq mövcud olmadığından, yəni qanunsuz olaraq şirkət tərəfindən məhv edildiyindən, qərardadı icra etmək mümkün olmadı. Bundan sonra Nəsimi Rayon Məhkəməsində iddia tələbinin həcminin artırılmasına dair arzə ilə müraciət edərək, aşağıdakıları tələb etmişdir: 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq, torpağın dəyəri olaraq 490.000 manatın, evn dəyəri olaraq 336.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manatın yəni, ümumilikdə 912.090 (doqquz yüz on iki min doxsan) manatın, Mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində vəsaitin, 2) Hüquqi xidmət üçün ödənilməli olan 2.500 (iki min beş yüz) manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, mənə ödənilməsi barədə qətnamə çıxarılsın. Nəsimi Rayon Məhkəməsi 13 iyun 2018-cİ il tarixli qətnaməsi ilə İddia tələblərini qismən təmin edərək, evinin sökülməsi müqabilində 288.000 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınarq, ona verilməsini qət edib. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi iddia tələblərimin təmin edilməməsi hissəsində əsassız olduğu üçün, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" MMC-də apellyasiya şikayəti verərək, qeyd edilən qətnamənin ləğv edilməsini və onun iddia tələblərinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş edib. Apelyasiya şikayətlərinə baxan Bakı Apelyasiya Məhkəməsi 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə mənim apelyasiya şikayətimi təmin etməyib və "xxxx" MMC-nin apelyasiya şikayətini qismən təmin edərək, Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2018-cİ il tarixli qətnaməsini dəyişdirib və "xxxx" MMC-dən onun xeyrinə tutulmalı olan məbləği 229.000 manat müəyyən edib. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin edilməməsi və "xxxx" MMC-nin Apelyasiya şikayətinin qismən təmin hissəsində əsassız olduğundan və maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarıldığından, həmin qətnamədən Ali Məhkəməyə şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərimi təmin edən yeni qərarın çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmə 13 yanvar 2020-ci İl tarixli qərarı ilə şikayətini qismən təmin edərək, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini ləğv edib və işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıb. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi 01.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərini qismən təmin edib və ona dağıdılmış evi ilə yanaşı, torpaq sahəsinə görə də kompensasiya verilməli olduğunu müəyyən edib. Lakin qeyd edilən qərar hələ qüvvəyə minməyib. Belə ki, qeyd edilən qətnamədən də kassasiya şikayəti vermişdir və iş hazırda Ali Məhkəmənin icraatındadır. Məhkəmə proseslərində və məhkəmə qərarlarında "xxxx" MMC tərəfindən evimin söküntüsünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı əsasında keçirildiyi təsdiq edilib. NK-nin bu qərarının tələbinə müvafiq olaraq, "xxxx" MMC tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evinin söküldüyü 24 iyu! 2017-ci İl tarixdən hesablanaraq, ona aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Bu kirayə haqqının ödənilməsi 2020-ci İlin iyul ayının 24-dək davam edib. Lakin 2018- ci ilin 24 iyul tarixdən bu günə kimi, "xxxx" MMC tərəfindən ona kirayə haqqının ödənilməsi təmin edilmir. Buna səbəb kimi isə evinin sökülməsinə maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılıb. Məhkəmə qərarının hələ qüvvəyə minmədiyini və icra edilmədiyini bildirsə də, bu günədək ona kirayə haqqının ödənilməsi təmin edilməyib. Ona kirayə haqqı ödəmək əvəzinə, "xxxx" MMC tərəfindən 28 oktyabr 2020-ci il tarixli, 427 saylı pretenziya məktubu göndərilərək, kirayə haqqının "xxxx" MMC ilə şifahi razılaşması əsasında ödənildiyi və bu şifahi razılaşmanı pozaraq ev əvəzinə, kompensasiyanın ödənilməsini tələb etdiyi üçün indiyədək ona ödənilmiş kirayə haqqını geri qaytarmalı olduğu tələb edilib. Yekun məhkəmə qərarı qüvvəyə minməmiş üç ildən artıqdır ki, evi sökülüb və o ailəsilə birlikdə çöldə qalmalı olmuşdur. "xxxx" MMC qanunsuz olaraq məhkəmə qərarı olmadan evini sökməklə onu və ailəmi evsiz qoymaqla yanaşı, üstəlik 2020-ci ilin avqust ayından etibarən ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinin tələbini pozmaqla yanaşı, ailənin vəziyyətini daha da ağırlaşdırıraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyub. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, 2020-ci ilin avqust ayından etibarən bu günədək aylıq 500 1 beş yüz) manat olmaqla ödənilməyən kirayə haqqı üzrə borc məbləği 5500 (beş min beş yüz) manatın təcili otaraq ona ödənilməsinin təmin edilməsi və eyni zamanda, evin sökülməsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi üzrə məhkəmə qərarı icra edilənədək "xxxx" MMC tərəfindən kirayə haqqlarının ödənilməsinin davam etdirilməsi təmin edilməlidir. NK-nin bu qərarının tələbinə müvafiq olaraq, "xxxx" MMC tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evin söküldüyü 24 iyul 2017-ci il tarixdən hesablanaraq, ona aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Lakin 2020-ci ilin avqust ayından isə bu kirayə haqqının ona ödənilməsi dayandırılıb. Səbəb kimi MMC bunu belə əsaslandırıb ki, məhkəmə qərarı ilə ona kompensasiya verilməli olduğundan, kirayə haqqı verilməyəcək. Maddi və mənəvi zərərin ödənilməsinə dair tələbi üzrə hələ məhkəmə işi yekunlaşmayıb, yekun məhkəmə qərarı qüvvəyə minməyib və məhkəmə işinin yekunlaşması və yekun qərarın qüvvəyə minməsi ən azı daha bir il çəkəcək. Hazırda qeyd edilən iş Ali Məhkəmənin icraatındadır. Bunu təsdiq edən elektron məhkəmə sistemindən müvafiq çıxarış ərizəyə əlavə edilir. Onun isə yekun məhkəmə qərarı qüvvəyə minməmiş üç ildən artıqdır ki, evi sökülüb və o, ailəsilə birlikdə çöldə qalmalı olmuşdur. Üstəlik, bu problemlərə dözə bilməyən və evi uçurulan vaxt insult keçirən atası, evsiz qaldıqlarını görüb mart ayında ikinci dəfə insult keçirərək vəfat edib. "xxxx" MMC qanunsuz olaraq məhkəmə qərarı olmadan evini sökməklə onu və ailəsini evsiz qoymaqla, atasının ölümünə səbəb olmaqla yanaşı, üstəlik ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinin tələbini pozmaqla yanaşı, ailənin vəziyyətini daha da ağırlaşdırıraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyub. 2020-ci İlin avqust ayından bu günədək ona ödənilməmiş aylıq kirayə haqqı ayda 500 manat olmaqla, ümumilikdə 5000 manat təşkil edir. Buraya 2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, ayları və 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayı daxildir. 'Pilot İnşaat-A" MMC-yə də kifayət qədər aydındır ki, onunla "xxxx" MMC indiyədək heç bir şifahi və ya yazılı anlaşma olmayıb. Kirayə haqqı da yuxarıda qeyd etdiyim kimi, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinə əsasən ödənilib. Belə ki, qərarın qeyd edilən bəndinə əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binəsi tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi tapşırılıb. Onun evi qanunsuz olaraq, "xxxx" MMC tərəfindən sökülüb və indiyədək ona nə ev, nə də hər hansı bir kompensasiya təqdim edilib. Odur ki, 'Pilot İnşaat-A" MMC tərəfindən ona ödənilməmiş kirayə haqqı borcu ödənilməklə yanaşı, qanuni qüvvəyə minəcək məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya "xxxx" MMC tərəfindən ona ödənilənədək "xxxx" MMC tərəfindən kirayə haqqının ödənilməsi təmin edilməlidir. Çünki, bu qanunun tələbidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı kirayə pulu adı ilə əsassız yerə Cavabdeh MTK-dan aldığı 19500 manat məbləğində pulun Cavabdeh MTK-ya geri qaytarılması və vurduğu 500.000 manat məbləğində mənəvi ziyanın Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbaİl, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq İşlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Cavabdeh MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nin istifadəsinə verilmişdir. Eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi Cavabdeh MTK-ya həvalə edilmişdir. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə əşyaların daşınması xərcləri ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələri sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisi həyata keçirilmişdir. Belə ki, sökülən əraziyə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evdə düşmüşdür. Həmin evin ½ hissəsi paylı mülkiyyət hüququ ilə cavabdehin, digər ½ hissəsi isə X1 mülkiyyətində olmuşdur. O cümlədən, hazırki iş üzrə cavabdeh və onun əmisi oğlu olan X4 (fərdi yaşayış evin digər ½ hissəsi payının mülkiyyətçisi) ilə qarşılıqlı razılıq əldə edilmiş, onlara kirayə haqları ödənilməsi və tikiləcək yeni hündürmərtəbəli binada mənzillərin verilməsi şərtilə evlərindən köçmələri qərara alınmışdır. Ondan sonra, mübahisəli fərdi evin mülkiyyətçiləri bütün əşyaları daşımışlar və aylıq kirayə haqları qabaqcadan almaqla kirayə evlərə köçmüşlər, o cümlədən fərdi evlərini sökmüşlər. Mübahisəli evin ½ hissəsi payının mülkiyyətçisi olan X4 Cavabdeh MTK ilə yeni mənzil üçün müqavilə imzalamış, lakin İddiaçı aylıq kirayə haqqını almasına baxmayaraq, şifahi razılaşmanın şərtlərini qismən pozaraq, heç bir məntiqə sığmayan tələblər irəli sürərək, yeni mənzil üçün Cavabdeh MTK-lə müqavilə bağlamaqdan faktiki imtina etmişdir. İddiaçı Cavabdeh MTK-ya qarşı məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evinə görə 912 090 manat maddi ziyan, 50 000 manat mənəvi zərər, 2500 manat hüquqi xidmət və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onu ilə əsaslandırmışdır ki, Cavabdeh MTK, onu, mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum etmişdir və bu səbəbdən ona maddi və mənəvi zərər vurulmuşdur. Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK -yə qarşı “mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq torpağın dəyəri olaraq 490.000 manatın, evin dəyəri olaraq 336.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.000 manatın, ümumilikdə 912.000 manatın, mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində vəsaitin, hüquqi xidmət üçün ödənilməli olan 2.500 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub ona ödənilməsi” tələbinə dair iddiasını qismən təmin etmiş, vurulmuş maddi ziyana görə 288.000 manat məbləğində pul və 15 manat dövlət rüsumu Cavabdeh MMC-dən alımıraq İddiaçı ödənilməsi, iddia digər hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3809/2020 saylı, 01.09.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-dan 448 552.50 manat dəymiş maddi və 500 manat mənəvi ziyanın əvəzi olaraq tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.04.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdiyimiz kimi, İddiaçı ilə Cavabdeh MTK arasında şifahi razılaşmaya əsasən, mülkiyyətinizdə olmuş ünvan 4 ünvanında yerləşmiş fərdi yaşayış evinin əvəzinə ərazidə yeni tikilən hündürmərtəbəli binada mənzillə təmin olunan tarixə qədər AR Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli qərarına uyğun olaraq, 05.08.2017-ci il tarixdən etibarən hər üç aydan bir, hər ay üçün 500 manat kirayə pulu ödənilmiş, cəmi 19 500 manat kirayə pulu verilmişdir.İddiaçı artıq fərdi yaşayış evinin əvəzinə yeni tikilən binada mənzil tələb etmədiyi üçün, fərdi yaşayış evi və torpaq sahəsinə görə, ona dəymiş ziyanı tələb etdiyinə görə, hesab edirik ki, İddiaçı ödədiyimiz kirayə pulları geri qaytarılmalıdır. AR Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli qərarının 1.3-cü bəndinin tələblərinə görə də, köçürülən sakinə yeni tikiləcək yaşayış binasında müvafiq mənzillə təmin olunana qədər onlar üçün kirayə edilmiş mənzillərin kirayə pulları ödənilir. Beləliklə, İddiaçı şifahi razılaşmanın şərtlərini pozaraq fərdi evinin əvəzinə mənzil yox, məhkəməyə Cavabdeh MTK-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbləri üzrə iddia qaldırmış, hazırda iddiası təmin edilmişdir. Ona görə də, hazırkı dövrə qədər Cavabdeh MTK tərəfindən İddiaçı kirayə haqqı kimi verilmiş cəmi 19 500 manat kirayə pulu geri qaytarılmalıdır. O cümlədən, Cavabdeh MTK-nı aldadaraq, müqavilə bağlayacağına dair vəd vermiş, fərdi yaşayış evini söküb mal-materiallarını, ev əşyalarını daşıdıqdan sonra hər ay kirayə pulları almasına baxmayaraq əsassız tələblər İrəli sürmüş, Cavabdeh MTK-dan dövlət, icra, məhkəmə orqanlarına çoxsaylı şikayətlər etmiş, şər və böhtanlar atmış, güya onun yaşayış evi tərəfimizdən sökülmüş və ev əşyaları məhv edilmişdir, lakin bu iddiaları təsdiqini tapmamış, qanuni qüvvəsini almış məhkəmə aktları ilə rədd edilmişdir. Cavabdeh MTK-nın işgüzar nüfuzuna ciddi ziyan dəymiş, MTKnın bazardakı mövqeyinə, yaşayış və qeyri-yaşayış sahələrinin satışına və s. fəaliyyətinə mənfi təsirlər elmiş, Cavabdeh MTK-nın rəhbərliyi və kollektivi ağır psixoloji-mənəvi sarsıntılar keçirmişlər. Beləliklə, ümumilikdə 500 000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X3 ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia rədd edilməlidir. Qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2016-cı il tarixli 208 nömrəli Sərəncamının surətindən görünür ki, Cavabdehnə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çıxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilməsi barədə sərəncam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli, 2(006)-380/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 288.000 manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-70/2020 saylı, 13.01.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli 2(103)-1369/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1676/2021 saylı, 06.04.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsinin kasassiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli icra vərəqəsindən görünür ki, vurulmuş maddi ziyana görə Cavabdeh MTK -dən 283000 manat alınaraq İddiaçı ödənilməlidir. İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manat, mənəvi zərərin əvəzi qismində 500 manat Cavabdeh MTK -dən alınaraq İddiaçı ödənilməlidir. Cavabdeh MTK tərəfindən məhkəmə təqdim edilmiş məxaric kassa orderlərinin surətlərindən görünür ki, MTK tərəfindən İddiaçı 05.08.2017-ci il tarixdən 23.09.2020-ci il tarixədək hər üç aydan bir 1500 manat olmaqla, cəmi 19.500 manat ödəniş edilmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən 22 iyun 2021-ci il tarixdə qəbul edilmiş qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət təqibinin başlanmasının rədd edilməsi, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmələrinin izah olunması qərara alınmışdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, uzun sürən məhkəmə çəkişmələri nəticəsində ilkin iddia üzrə iddiaçıya sökülmüş fərdi yaşayış evinin, evin yerləşdiyi və həyətyanı torpaq sahəsinin əvəzinə cavabdeh tərəfindən maddi zərər olaraq evə görə 283000 manat, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinə görə 165.322,5 manat və mənəvi zərərin əvəzi qismində 500 manat məbləğində pulun ödənilməsi qərara alınmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia ilə müraciət edərək, "xxxx" MTK tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının əvəzi olaraq, aylıq 500 manat olmaqla, ümumilikdə 5500 manat məbləğində pulun "xxxx" MTK-dan tutularaq ona ödənilməsi, həmçinin tərəf olduğu digər mülki iş yekun məhkəmə aktı icra edilənədək "Pilot İnşaat- A” MTK tərəfindən ona, kirayə haqqının ödənilməsinin davam etdirlməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK qarşılıqlı iddia ilə müraciət edərək, cavabdeh İddiaçı kirayə pulu adı ilə əsassız yerə Cavabdeh MTK-dan aldığı 19500 manat məbləğində pulun Cavabdeh MTK-ya geri qaytarılması və vurduğu 500.000 manat məbləğində mənəvi ziyanın Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İlkin iddia üzrə iddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını, tərəflər arasında müqavilə münasibətləri yaranmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,1096, 1097-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərərçəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İddiaçının dəlillərinə dair məhkəmə qeyd edir ki, həqiqətən də, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun sürən məhkəmə çəkişmələrinə məruz qalmış, bunun müqabilində ona müvafiq məhkəmə aktlarına əsasən dəymiş maddi və mənəvi zərərin ödənilməsi qərara alınmışdır. Lakin hazırkı işdə zərərin mövcud olması halı müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona real zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən sübutları (iddia ərizəsində göstərilən müddət üçün bağladığı kirayə müqaviləsi və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə iddiaçıya real olaraq zərərin dəyməsi halı müəyyən edilmədiyindən məhkəmə hazırki iddianın rədd edilməsi qənaətinə gəlir. İddianın “"xxxx" MTK tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının ödənilməsi” hissəsində rədd olunması ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Hazırda ödədiyi pulun qaytarılmasını istəyən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-nın tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələri təşkil edir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı təşəbüssü ilə başlanan məhkəmə mübahisələrindən göründüyü kimi, tərəflər arasında kirayə haqqının ödənilməsini özündə ehtiva edən hər hansı müqavilə bağlanmamış, İddiaçı ümumiyyətlə yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və köhnə tikilinin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzilin ayrılması barədə tikinti şirkəti ilə müqavilə bağlamaq niyyətində olmamışdır. Məhkəmə qaytarılması tələb edilən pul vəsaitinin "xxxx" MTK tərəfindən İddiaçı hər hansı öhdəliyin icrası müqabilində deyil, könüllü qaydada verildiyini və "xxxx" MTK-nın qarşı tərəfin bunun hesabına varlanması üçün heç bir qanuni əsas və ya müqavilənin mövcud olmadığından məlumatlı olduğunu nəzərə alaraq hesab edir ki, belə olan halda qarşılıqlı iddia üzə cavabdeh əldə etdiklərini qaytarmaq üzrə vəzifəsini daşımır. Məhkəmə eyni zamanda hesab edir ki, qarşılıqlı iddia üzrə pulun qaytarılmasına dair tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-yə qarşı “kirayə haqqının ödənilməsi və s.” tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “ödənilmiş kirayə haqqının qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar