Məhkəmə qərarları › İş №2(006)-4479/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4479/2022

07.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4479/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) – Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “TRZ X4 Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialına qarşı «işə bərpa» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “TRZ X4 Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialına qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2021ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış xxxxxxx seriyalı 61 nömrəli əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi barədə əmrin, eləcə də həmin əmrə dair bütün hüquqi nəticələrin ləğv olunması, işə bərpa olunması və işləmədiyi dövr ərzində cavabdeh tərəfindən ödənilməmiş olan əmək haqqının (1 aylıq əmək haqqı-909 manat) ümumi məbləğinin iddiaçıya ödənilməsi, iddianın təmin olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin xitamının səbəbi hissəsində müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 12 iyul 2021-ci il tarixdə cavabdeh ilə aralarında xxxxxxx seriyalı 61 nömrəli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə işçi olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir. Həmin müqavilənin tələbinə görə işçi “Təmizlik Şefi” vəzifəsinə təyin olunmuş və müqavilə bir il müddətinə bağlanmışdır. Əmək müqaviləsinin 1 ili tamam olduqdan sonra işəgötürən onun əmək hüquqlarını kobud şəkildə pozmaqla onu xəbərdar etmədən işdən çıxarmışdır. Bundan başqa işəgötürən işçini işdən çıxardıqda maddi vəziyyəti ilə və digər maddi problemləri ilə maraqlanmamış,cavabdehə dəfələrlə müraciət etdikdən xeyli müddət keçdikdən sonra, əmək haqqı kartına müəyyən məbləğlər köçürülsə də qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Bundan başqa, işlədiyi müddətdə məzuniyyət hüququndan istifadə etməmiş və hesab edir ki, bu hissədə də əmək hüquqları ciddi şəkildə pozulmuşdur. Cavabdehə müraciət edərək cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin surətini istəsə də, cavabdeh 1 il müddətinə bağlanmış əmək müqaviləsinin əvəzinə yalnız sınaq müddəti üçün nəzərdə tulmuş müqavilənin surətini vermişdir. Bununla bağlı işəgötürən şirkətə rəsmi qaydada məktub göndərməyinə baxmayaraq bu günə qədər həmin müqaviləni təqdim etməkdən imtina etmişdir. 12 iyul 2021-ci il tarixdə imzalanmış əmək müqaviləsi 1 il müddətinə imzalanmışdır və müqaviləyə xitam verilməsi şərtləri müqavilədə birmənalı olaraq göstərilmişdir. Lakin buna baxmayaraq işəgötürən qanunvericiliyin tələblərini pozmaqla ona heç bir xəbərdarlıq etmədən, ərizəsini almadan və xəbəri olmadan qanunsuz olaraq işdən azad etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və Əmək Məcəlləsinin tələblərini də pozmaqla ciddi xəta törətmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli, xxxxxxx seriyalı, 61 nömrəli müddətli əmək müqaviləsi ilə 1 il müddətinə "təmizlik şefi” vəzifəsinə təyin olunaraq işə qəbul edilmiş, müqavilənin müddəti başa çatdıqdan sonra işçi ilə əmək münasibətlərinə son qoyulmuşdur. İddiaçı iddia edir ki, işəgötürən tərəfindən onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki qarşı tərəfin iddiasına görə, işəgötürən işçinin işinə son verdikdə onu azı bir ay əvvəl ya yazılı şəkildə məlumatlandırmalı, yaxud da müvafiq əmri (sərəncamı) ilə xəbərdar etməli idi. Bu tələbini əsaslandırarkən iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə istinad edir, halbuki həmin maddə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını tənzimləyərək bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə işçinin əmək müqaviləsini ləğv edə bilmə imkanını təsbit edir. Məlumdur ki, əmək müqaviləsi şəxsin maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə öz əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsini təmin etmək üçün əmək münasibətlərini rəsmiləşdirən yazılı sənəd, məzmunu barədə qarşılıqlı razılığa gəlməklə bağlanan tərəflərin iradə ifadəsi formasıdır. İddiaçı ilə bağlanan və etiraza əlavə etdiyi xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, tərəflər arasında əmək münasibətlərinin 1 (bir) il müddətinə olacağı barədə hər iki tərəfin iradə ifadəsi həmin müqavilə ilə təsbit edilmişdir. Belə halda Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinin və 73-cü maddəsinin tələbləri rəhbər tutulmalı idi ki, cavabdeh bu tələblərə əməl edərək hər hansı hüquq pozuntusuna yol verməmişdir. Çünki həmin maddələrin tələblərinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir və müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. İddiaçının iddia tələbi üzrə irəli sürdüyü əmək müqaviləsinə ona xəbərdarlıq edilmədən, hüquqlarını kobud şəkildə pozaraq xitam verilməsi mülahizəsi tamamilə əsassızdır. Bundan əlavə, iddia ərizəsində qeyd edilən bir digər məsələ - 909 (doqquz yüz doqquz) manat məbləğində olan və ödənilməmiş əmək haqqının ödənilməsi tələbidir. Halbuki iddiaçının xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli müraciətlərinə cavab olaraq göndərilən X2 Xidmətinin 22/303/2277 nömrəli məktubundan əmək münasibətlərinə qanunvericiliyin tələbləri gözlənilməklə son qoyulduğu, xx.xx.2022-ci il tarixində əmək haqqının bank hesabına köçürülməsi əsasında işçi ilə son haqq-hesabın həyata keçirildiyi məlum olur və təsbitini tapır. Həmçinin iddiaçı öz ərizəsində "Bundan başqa, işlədiyim müddətdə məzuniyyət hüququndan istifadə etməmişəm və hesab edirəm ki, bu hissədə də mənim əmək hüquqlarım ciddi şəkildə pozulmuşdur.” kimi qeyri-dəqiq məzmunlu mülahizələrə yol vermiş, tələbinin tam olaraq nədən ibarət olduğunu ifadə etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin (vəkili) izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 12 iyul 2021-ci il tarixli xxxxxxx seriyalı 61 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təmizlik şefi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli 64 nömrəli əmrdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə filiala təmizlik işçilərinin rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli 521 saylı əmrdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli **********7 saylı məktubundan görünür ki, İddiaçıla filialın rəhbəri arasında xx.xx.2021-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1ci hissəsinin tələbləri gözlənilməklə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi və son haqq-hesabının xx.xx.2022-ci il tarixində əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Filialın rəhbərliyi tərəfindən təqdim olunan sənədlərdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən, İddiaçı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi barədə müvafiq müqavilənin bağlanıldığı müəyyən olunmuşdur. Həmçinin, filial tərəfindən daxil olan sənədlərdən Azərbaycan Respublikasının Füzuli rayon icra və probasiya şöbəsi tərəfindən İddiaçı aylıq əmək haqqından 20% olmaqla tələbkar X1 xeyrinə tutulduğu məlum olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: d) əmək müqaviləsinin müddəti; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış 12 iyul 2021-ci il tarixli xxxxxxx seriyalı 61 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli 64 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təmizlik işçilərinin rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli 521 saylı əmri ilə iddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə 3 (üç) ay (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) müddətinə bağlanmaqla müddətli olmuş, əmək münasibətləri davam etdirilməklə hər dəfə müddət 3 (üç) ay uzadılmış və xx.xx.2022-ci il tarixdə növbəti müddət qurtardıqdan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, əmək müqaviləsinin müddəti qurtardığına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə istinad edilməklə xitam verilməsi qanuni və əsaslı olduğundan iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar