Məhkəmə qərarları › İş №2(006)-4522/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4522/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4522/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06.12.2013-cü ildə Bakı şəhəri 42 saylı notariat kontorunda 7E/1410588 № reyestri üzrə Cavabdeh mülkiyyətində olan 2013cü il buraxılış ili olan, qara rəngli, “KİA RİO” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili (sərəncam vermək səlahiyyətli) etibarnamə ilə vermişdir. İddiaçı həmin avtomobilə dair etibarnamə verdikdən sonra tərəflər arasında bir çox problemli məsələlər yaranmışdır. Belə ki, həmin nəqliyyat vasitəsi iddiaçının adına rəsmiləşdirilmiş, nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Qarşılıqlı razılaşmaya əsasən cavabdeh nəqliyyat vasitəsinin kredit borcunu ödəməli idi. Kreditor iddiaçının barəsində pul öhdəliyinin icrası ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi çıxardığı qətnamə ilə pul tələbinin yuxarıda göstərilən avtomobilə yönəldilməsi və nəqliyyat vasitəsinin açıq hərracdan satılmasına dair qətnamə çıxarmışdır. Bundan sonra iddiaçı notariat kontoruna müraciət etmiş və cavabdehə verdiyi yuxarıda göstərilən etibarnaməni 24.12.2018-ci ildə ləğv edilməsinə dair ərizə verərək həmin etibarnaməni ləğv etdirmişdir. İddiaçı dəfələrlə cavabdehə avtomobili qaytarmasına dair müraciət etmiş olsa da, ondan bir məlumat gəlməmişdir. Avtomobil daşınar əmlak olduğu üçün faktiki olaraq onun qanunsuz istifadəsindən dəyən zərər ödənilməlidir. Belə ki, avtomobilin yağ, təkər, avtomobilin qanunsuz istifadə vaxtında xarab olan hissələrinin təmirinə ehtiyac olacaqdır. Avtomobilin xarici ölkə istehsalı olduğunu nəzərə alaraq həmin məbləğin xeyli miqdar tutacağı məlumdur. Göstərilənlərə əsasən iddiaçının mülkiyyətində olan 2013-cü il buraxılış ili olan, qara rəngli, “KİA RİO” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 06.12.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə onun tərəfindən Cavabdeh 06.12.2018-ci il tarixədək daşınmaz əmlak istisna olmaqla, bütün əmlakı barəsində sərəncam hüququ verilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı tərəfindən verilmiş etibarnaməyə 02.06.2014-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Elektron Məhkəmə Sistemi portalından çıxarışdan görünür ki, 2013-cü il buraxılış ili olan, qara rəngli, “KİA RİO” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Eyni Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh daşınmaz əmlak istisna olmaqla, bütün əmlakı barəsində sərəncam vermə hüququnu nəzərdə tutan etibarnaməni ləğv etdirmişdir. Eyni zamanda, sözügedən əmlak hazırda İddiaçı mülkiyyətində olsa da, Cavabdeh qanunsuz istifadəsindədir. Məhkəmə qeyd edir ki, İddiaçı “KİA RİO” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olsa da, həmin avtomobildən mülkiyyətçi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan 2013-cü il buraxılış ili olan, qara rəngli, “KİA RİO” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz istifadəsindən alınıb İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan 2013-cü il buraxılış ili olan, qara rəngli, “KİA RİO” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz istifadəsindən alınıb İddiaçı qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar