Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4525/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndələri Nümayəndə1 və X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin sökülməsi nəticəsində cavabdeh Pilot 16 Tikinti şirkəti tərəfindən ona vurulmuş 100000 manat vəsaitin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 40 kvm əraziyə məxsus mənzilini cavabdeh Pilot 16 tikinti şirkəti sökülməsi nəticəsində ona 100000 manat zərər vurmuşdur və hal hazırda 4 nəfərdən ibarət ailə üzvləri ilə birgə kirayədə qalır və sosial vəziyyətləri çox pisdir. Həmin mənzildə pasport qeydiyyatında olmaqlarına baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq mənzilləri sökülmüşdür. Qeyd edir ki, onlar xx.xx.2021-ci il tarixdə Pilot 16 Tikinti şirkətinə vəkil sorğusu verərək bildirmişlər ki, “Vəkil və vəkillik fəaliyyəti” haqqında qanunun 15-ci maddəsinə və Vəkil Bürosunda bağlanmış xx.xx.2021-ci il tarixli 259 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin sökülməsinə dair vəsait ödənilməsi barədə məlumat verilməsini xahiş etmişdilər. Lakin cavabdeh tərəfindən vəkil sorğusuna bu günə qədər lazım olan cavabı vermir. Cavabdeh bu hərəkəti ilə “Vəkil və vəkillik fəaliyyəti” haqqında qanunun 15-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 61, 71-ci və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tələblərini pozmuşdur. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək bildirmişdir ki, cavabdeh 2020-ci ilin dekabr ayından mənzilləri sökməyə başlamışdır. Həmin tarixdən o, ailə üzvləri ilə birlikdə Xətai rayonu M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsində 2944a məhəllə 5B\mən 23-də kirayədə yaşamağa məcbur olmuşdur və ümumilikdə 22 ay ərzində hər ay 450 manat olmaqla 9900 manat ona cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Sonda iddiaçı qətnamə qəbul edərkən əlavə olaraq cavabdehdən 9900 manat maddi zərərin də tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə1 və X4 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 11 №-li müqavilənin surətindən görünür ki, Cavabdeh MMC ilə X5 arasındakı razılaşmaya əsasən X5 ünvan 3 ünvanında yerləşən 125 kv.m (faktiki sahə - 125 kv.m) ibarət yaşayış sahəsi, sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkət” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC isə öz növbəsində ünvan 3 ünvanında yerləşən və X2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 125 kv.m olan hissədə nəzərdə tutulmuş 20% əlavə edilərək 150 kv.metr əvəzinə 175 kv.m (2 ədəd 51 kv.m, 1 ədəd 73 kv.m olmaq şərti ilə) təmirli mənzili X2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X3 məxsusdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qanunun bu müddəalarının dispozisiya şərtinə görə, mülkiyyətçi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququna malik olsa da, bu hüquqdan istifadə edilməsinə bir sira məhdudiyyətlər mövcuddur ki, onlardan biri də belə sərəncamın verilməsi nəticəsində üçüncü şəxslərin hüquqlarının pozulmasıdır. İddiaçı bildirir ki, ona məxsus mənzil cavabdeh “Pilot 16 MMC” tərəfindən sökülmüş və nəticədə ona maddi ziyan dəymişdir. Məhkəmə edir ki, iddiaçı həmin ünvanda ona məxsus mənzilin olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bu səbəbdən göstərilən hallar sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, həmin ünvanda iddiaçının anası X3 məxsus mənzil olmuşdur və həmin mənzilə dair Cavabdeh MMC ilə X5 arasındakı razılaşmaya əsasən X5 ünvan 3 ünvanında yerləşən 125 kv.m (faktiki sahə - 125 kv.m) ibarət yaşayış sahəsi, sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkət” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC isə öz növbəsində ünvan 3 ünvanında yerləşən və X2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 125 kv.m olan hissədə nəzərdə tutulmuş 20% əlavə edilərək 150 kv.metr əvəzinə 175 kv.m (2 ədəd 51 kv.m, 1 ədəd 73 kv.m olmaq şərti ilə) təmirli mənzili X2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin ünvanda yerlşən mənzilin mülkiyyətçisi X5 tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə xx.xx.2020-ci il tarixdə ərizə ünvanlanaraq bildirilmişdir ki, N.Qardaşları küç., ev 87 ünvanında yerləşən fərdi ev ona mülkiyyət hüququ ilə məxsusdur. Həmin mənzildə qeydiyyatda olan oğlu Tağıyev Nazim və gəlini Tağıyeva Gültəkin tərəfindən gələcəkdə bu mənzillə bağlı irəli sürəcəkləri istənilən iddia tələblərinin cavabdehliyi ona məxsusdur. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli ünvanda ona məxsus mənzilin olmasını iddia edir və həmin ünvanda iddiaçının anası X3 məxsus mənzil mənzilə dair Cavabdeh MMC arasında bağlanılmış müqaviləni mübahisələndirmir. Eyni zamanda həmin ünvanda qeydiyyatda olması və istifadə hüquqlarının yaranması ilə əlaqədar hər hansı kompensasiyanın verilməsi ilə bağlı tələbi də yoxdur. İddiaçının mübahisəli ünvanda qeydiyyatda olması ilə bağlı məhkəmə qeyd edir ki, şəxsin müəyyən ünvanda qeydiyyatda olması özü-özlüyündə, onun həmin ünvanda mülkiyyət və istifadə hüququnun olması anlamına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 395 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4525/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4525/2022
29.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver