Məhkəmə qərarları › İş №2(006)-4544/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4544/2024

06.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4544/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin vəsiyyətnamə üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbulundan imtina olunmalıdır. Belə ki, mülki prosessual qanunvericilik məhkəmə qaydasında müəyyən edilməli olan hüquqi əhəmiyyəti olan faktlar haqqında işlərin dairəsini müəyyən etmişdir. Həmin işlərin növləri MPM-nin 307-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən, məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: - 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; - 307.2.2. şəxsin öhdədə olması faktının; - 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; - 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; - 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; - 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; - 307.2.7. bədbəxt hadisə faktının; - 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; - 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; - 307.2.10. atalığın etiraf olunması faktının; - 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; - 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Göründüyü kimi, hazırda ərizəçi hüquqi əhəmiyyəti olan fakt qismində mənzilə vərəsəlik hüquqlarının tanınması və miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsini tələb edir. Tələbini sözügedən mənzilin anasının mülkiyyətində olması, anasının vəfat etməsi, mənzili ona vəsiyyət etməsi, lakin onun vərəsəlik şəhadətnaməsi ala bilməməsi və sair hallarla əsaslandırır. Məhkəmə qeyd edir ki, qanunvericilik məhkəmə qaydasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsini yol versə də, həmin faktın müəyyən edilməsindən ötrü kifayət qədər əsaslar olmalı və məhkəməyə müraciət edilmədən müəyyən qaydalara əməl olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına və sair aydınlıq gətirməlidir. Vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuş xüsusatlar hazırki ərizənin qəbulundan imtina üçün əsas yaradır. Əvvəla mirasın qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizəçinin ilkin olaraq notariat orqanına müraciət etməsi tələb olunur. Notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdikdə ərizə ilə məhkəməyə müraciət edilə bilər. Verilmiş olan ərizədə ərizəçi, notariat orqanının onun ərizəsinin qəbulundan imtina etdiyini qeyd etmiş olsa da, həmin orqanın imtina sənədi (məktubu və s.) təqdim edilmiş sənədlər sırasında aşkar edilməmişdir. Ərizəçinin bildirdiyi kimi, onun miras əmlakı qəbul etməsini təsdiqləyəcək mötəbər sübutların olmasına baxmayaraq, ərizəsinin qəbulundan imtina olunmuşdursa belə, sonuncuya hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququ üçün əsasdır. Digər bir hal isə bu növ faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün hüquqi əhəmiyyət kəsb edən halların araşdırılaraq ərizəçi ilə vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasının və digər halların müəyyən edilməsindən ibarətdir. Ərizəçi özünün vərəsə olmasına istinad etmiş olsa da, təqdim edilmiş sənədlər sırasında vəsiyyətnamə aşkar edilmişdir. Vəsiyyətnamədə əmlakın vəsiyyət edilməsindən başqa, vəsiyyət edənin digər vərəsələrin məcburi paydan məhrum edilməsinə dair vəsiyyət edənin iradəsi əks edilmişdir. Vərəsələrin məcburi paydan məhrum edilməsinə dair vəsiyyət edənin iradə ifadəsinin olması isə ərizəçinin yeganə vərəsə olmamasına, vərəsələr arasında mübahisənin olması ehtimalına dəlalət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının davamında qeyd edilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbinə mülki məhkəmədə baxılmalı olmaması ərizəçinin ərizəsinin icraata qəbul edilməsini yolverilməz edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Habelə, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar