Məhkəmə qərarları › İş №2(006)-4577/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4577/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4577/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səadət Sarayında (Bakı nikah evi) 17 yanvar 2020-ci il tarixdə 27 №si altında qeydiyyatdan keçmiş onunla Cavabdeh arasında bağlanmış nikah qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə 17 yanvar 2020-ci il tarixdə rəsmi nikaha girməsi barədə Bakı nikah evində akt qeydləri kitabının 27 №si ilə qeyd aparılmışdır. Cavabdehlə aralarında nikah bağlansa da, “COVİD – 19” virusu ilə əlaqədar və digər müəyyən səbəblərdən toyları baş tutmamışdır. Bu müddət ərzində o, cavabdehin xarakterində, ona qarşı olan münasibətində, gələcək ailə münasibətlərinə baxışında yanıldığını anlamışdır. Cavabdehlə ailə münasibətlərinə aid hər hansı bir əlaqədə olmamışdır (birgə təsərrüfat, birgə yaşamaq və s.). Beləliklə ailə qurmaq niyyəti ilə kağız üzərində girdikləri nikah faktiki olaraq baş tutmamış, bir-birilərinə qarşı hüquq və vəzifələri yaranmamışdır. İlkin olaraq ailə qurmaq niyyətləri olsa da, həmin nikah baş tutmamış, kağız üzərində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə 2018-ci ildə tanış olmuş və bir-birilərini sevərək nikah bağlamışlar. Lakin sonradan, xasiyyətləri uyğun gəlməmişdir. Biryerdə yaşamamış və təsərrüfat aparmamışlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Ötən ilin noyabr ayında birdəfəlik Azərbaycana qayıtmışdır. O, 15-20 nəfərdən ibarət yaxınları ilə toy etmək istəyirdi. Lakin iddiaçının ailəsi bununla razılaşmadı. Həmin dövrdə maddi imkanı yaxşı deyildi. İddiaçının atasının isə toy etmək niyyəti var idi. Həmin dövr pandemiya şəraitinə təsadüf etmişdir. O, şəraitdə isə böyük toy məclisi təşkil etmək qeyrimümkün idi. Düzdür iddiaçıyla birgə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Lakin İlahə ilə 3 il bir-birilərini sevmişlər. Könüllü olaraq da, nikah bağlamışlar. İddiaçının sonuncu ad gününü də, biryerdə qeyd etmişlər. Ona müxtəlif hədiyyələr almışdır. İddiaçının hər bir arzusunu gerçəkləşdirmək niyyətində olmuşdur. Belə ki, ona ev, avtomobil almaq istəmiş, iddiaçı istəsə xaricə köçməyə hazır olduğunu ona bildirmişdir. Toy mərasiminin təşkil edilməməsi və baş tutmaması nikahın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, 17 yanvar 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 372687 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında nikah 17 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında (Bakı nikah evi) 27 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Haşımova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.1-ci maddəsinə əsasən Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Həmin Məcəllənin 12.0-cı maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 17 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında (Bakı nikah evi) rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olarkən hər iki tərəf Azərbaycan Respublikasında müəyyən olunmuş nikah yaşına, yəni 18 yaşa çatmışlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh hər hansı bir ruhi xəstəliyi olmamış, kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməmişdir. Tərəflərin izahatlarından məlum olmuşdur ki, iddiaçı və cavabdeh biri digərinə münasibətdə valideyn, uşaq, baba-nənə və nəvə, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacı deyillər, yəni yaxın qohumluq münasibətləri yoxdur. Bununla yanaşı İddiaçı qeyd etmişdir ki, nikahın bağlanması istiqamətində ona hər hansı bir təyziq və ya hədə-qorxu tətbiq edilməmişdir. Bundan əlavə iddia ərizəsindən, habelə tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından məlum olmuşdur ki, onlar uzun müddət bir-birilərini tanımış, könüllü olaraq nikah bağlamışlar. Onların el adət-ənənəsi ilə toy mərasimlərinin həyata keçirilməməsi (baş tutmaması) və birgə yaşamamaları isə nikahın etibarsızlığı üçün əsas deyildir. Habelə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “CD” disklərdə mövcud olan videogörüntülərdən və fotoşəkillərdən görünür ki, tərəflər öncə nişan, sonra nikah mərasimi təşkil etmiş, həmin mərasimdə onların yaxın qohumları iştirak etmiş və onlar könüllü olaraq nikaha daxil olmuşlar. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, habelə iddiaçı nikahın etibarsız hesab edilməsinə əsas olan halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia ərizəsi rədd edilməldir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar