Məhkəmə qərarları › İş №2(006)-4581/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4581/2023

23.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4581/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh X4 Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «əmək mübahisələri» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 Operating Company Şirkətinə qarşı «əmək mübahisələri» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2002 - xx.xx.2009cu il tarixlərində Müvafiq sahələr üzrə vəzifəsinin Əmək kitabçasında "Quyuların kimyəvi emalı üzrə usta" qeyd olunması vəzifəsi üzrə öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 Operating Company Şirkəti əsl cavabdeh X4 Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ali təhsilli mühəndisdir. 1981-ci ildə Ali məktəbi bitirmiş, 1981-ci ilin avqust ayından əmək fəaliyyətinə başlamış, istehsalatda əmək pensiyasına çıxana qədər xx.xx.2023-cü il tarixə qədər, fasiləsiz 42 il çalışmışdır. Qarasu Əməliyyat Şirkətində xx.xx.2000-ci il tarixdən işləyir. Qarasu Əməliyyat Şirkətinin Sələfi olan "Azərpetoil"dəki iş stayı da (08 İyul 1994 cü ildən etibarən) daxil olmaqla Neft sənayesində ümumi stajı 30 ildir. İstehsalatda Rəhbər vəzifədən tutmuş, müxtəlif vəzifələrdə çalışmış, bu 42 ili Qüsursuz işləmiş, həmişə işlədiyi müəssisənin mənafeyini güdmüşdür. Ətrafındakıların iş təcrübəsindən yararlanmaqlarına şərait yaratmışdır. İstehsalatda 2013-cü ildə ağır əmək xəsarəti almışdır. Şirkətin Xidməti avtomobilinin qəzaya düşməsi nəticəsində 8 qabırğası sınmış, sol qolunun ikibaşlı bazu əzələsi cırılmışdır. Şirkətdə Rəhbərlikdən tutmuş bütün sıravi işçilərlə xoş münasibətdə olmuşdur. Qarasu Əməliyyat Şirkəti üzrə Neft hasilatının yüksəldilməsi məqsədilə tətbiq edilən Yeni Texnoloji proseslərdən biri də, Quyuların kimyəvi emalıdır ki, bu Texnoloji prosesi istehsalatda tətbiq etmək üçün Quyuların kimyəvi emalı sahəsinin yaradılması labüd idi ki, bu sahə 2001-ci ilin Noyabr ayında yaradılmaqla, Quyuların kimyəvi emalı üzrə briqada fəaliyyətə başlamışdır ki, bu sahədə xx.xx.2002-ci il tarixdən işləməyə başlamışdır. Lakin, struktur quruluş yaradılarkən Texniki xəta baş vermişdir. Bu xəta əsasən "Əmək haqqı və Əməyin təşkili" şöbəsinin olmaması səbəbindən baş vermişdir. Belə ki, Ştat cədvəli tərtib edilərkən Quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis və Quyuların kimyəvi üsulla işlənməsi üzrə usta vəzifəsi yaradılaraq təsdiq edilməli idi. Lakin Şirkətin İqtisadi mənafeyinin güdülməsi nökteyi nəzərindən yanaşılsa, Ştat cədvəlində Texnoloji prosesləri icra edən - Quyuların kimyəvi emalı üzrə usta vəzifəsi yazılmalı idi ki, müvəqqəti mühəndis olmadığı təqdirdə bu usta işlədiyi dövr ərzində Quyuların kimyəvi işlənməsi üzrə mühəndisin vəzifəsinin öhdəliklərini yerinə yetirməli idi. Texniki xətaların davamı olaraq bildirir ki, xx.xx.2009-cu ildə Mühəndis vəzifəsi ləğv olunmuş və səkkiz ildən sonra 2017-ci ildə yenidən yaradılmış və bu vəzifəyə yeni işçi götürülmüşdür. Bu səkkiz ildə də Quyuların kimyəvi emalı üzrə usta Quyuların kimyəvi işlənməsi üzrə mühəndisin vəzifəsinin öhdəliklərini yerinə yetirmişdir. Və hal - hazıra kimi Quyuların kimyəvi emalı üzrə usta bütün Texnoloji prosesləri icra etməkdədir. Bu xronologiyadan aydın olur ki, vəzifəsi usta olmalı idi və bu vəzifə ilə yanaşı mühəndisin də vəzifəsinin öhdəliklərini yerinə yetirmişdir. xx.xx.2002-ci il tarixdən İstismar sahəsi üzrə Mühəndis vəzifəsinə təyin olunsa da, xx.xx.2002-ci il tarixli Əmək Müqaviləsinə əlavəyə əsasən tutduğu vəzifə daha dəqiq əks olunaraq xx.xx.2002-ci il tarixdən etibarən Quyuların kimyəvi üsulla işlənməsi üzrə Mühəndis adlanmışdır. Və ilkin Texniki xəta odur ki, Əmək müqaviləsində vəzifəsi Quyuların kimyəvi üsulla işlənməsi üzrə Mühəndis kimi təsbit olunsa da, Əmək kitabçasında vəzifəsi xx.xx.2005-ci il tarixə kimi İstismar sahəsi üzrə Mühəndis adlanmışdır. xx.xx.2005-ci il tarixdən Şirkət üzrə aparıcı İstismar sahəsindən, İstismar sahəsinə köməkçi olan şöbələrindən birinə - Mexanikləşdirilmiş hasilat şöbəsinə Quyuların kimyəvi üsulla işlənməsi üzrə Mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixdə yenidən Hasilat şöbəsinə Quyuların kimyəvi emalı üzrə usta vəzifəsinə keçirilmişdir. Beləliklə Quyuların kimyəvi üsulla işlənməsi üzrə Mühəndis stajı 6 il 11 ay 15 gün təşkil etmişdir. İstismar sahəsi üzrə Quyuların kimyəvi üsulla emalı üzrə bütün Texnoloji proseslərin icra edilməsi bilavasitə Quyuların kimyəvi emalı üzrə ustanın vəzifə təlimatına daxildir. Texnoloji proseslərə rəhbərlik isə Mühəndisin vəzifə təlimatına daxildir. Onun 6 il 11 ay 15 günlük iş stajı sırf Quyuların kimyəvi emalı üzrə Texnoloji prosesləri icra etməkdən ibarət olmuş və əlavə olaraq Quyuların kimyəvi üsulla işləməsi üzrə mühəndisin vəzifəsinin öhdəliklərini də yerinə yetirmişdir. Lakin Texniki xəta olaraq vəzifəsi Quyuların kimyəvi üsulla işlənməsi üzrə Mühəndis qeyd olunmuşdur. İlkin texniki xəta olaraq, onun Əmək müqaviləsinə əlavədə vəzifə borcu xx.xx.2002 - xx.xx.2005-ci il tarixlərində Quyuların kimyəvi üsulla emalı üzrə Mühəndis kimi adlanmışdır. Lakin Əmək kitabçasında vəzifəsi İstismar sahəsi üzrə Mühəndis kimi işlənmişdir. Sonrakı xəta ondan ibarətdir ki, Quyların kimyəvi üsulla işlənməsi üzrə Mühəndisin Vəzifə təlimatı natamam hazırlanmışdır ki, bu vəzifənin təlimatının Təsvirində aydın görünür. Quyuların kimyəvi emalı üzrə ustanın Peşə təlimatının (Vəzifə təlimatının) Peşə Öhdəlikləri bölməsinin (Bölmə-3) müvafiq bəndində (Bənd-3.1.) Ustanın peşə öhdəliklərini icra etməsi belə təsbit olmuşdur: 3.1. - "Quyuların kimyəvi emalı üzrə briqadaya rəhbərliyi həyata keçirməli". Buradan da aydın görünür ki, xx.xx.2002 - xx.xx.2009-cu il tarixlərində Quyuların kimyəvi emalı üzrə briqadaya Usta rəhbərlik etməlidir. Və ağır Texniki xəta da buradan yaranmışdır ki, yəni vəzifəsi Mühəndis kimi deyil, Usta kimi adlanmalı idi. Əmək kitabçasında da bu tarixlərdə (xx.xx.2002 - xx.xx.2009) vəzifəsi Quyuların kimyəvi emalı üzrə usta qeyd olunmalı idi. Bütün bu Texniki xətalar haqqında Şirkət rəhbərliyinə 2 dəfə Müraciət etmiş: 1-ci müraciəti xx.xx.2022-ci il, 2-ci müraciəti xx.xx.2023-cü il tarixlərində olmuşdur. xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilir ki, əmək müqaviləsi sərbəst bağlanır, əmək müqaviləsinin məzmunu və quruluşu tərəflərin razılığı ilə müəyyən edilir və əmək müqaviləsi ilə müəyyən edilmiş qaydada əmək haqqı təyin edilir. Bu cavab da növbəti Texniki xətanın biridir. Çünki, usta işləyə - işləyə mühəndisin də vəzifəsinin öhdəliklərini yerinə yetirmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı qeyd etdikləri xx.xx.2002-xx.xx.2009-cu il tarixlərdə əmək kitabçasında “quyuların kimyəvi emalı üzrə usta “ kimi qeyd olunması ilə bağlı iddia ərizəsi əsassızdır. Belə ki, İddiaçı yuxarıda qeyd edilən illər ərzində usta yox, mühəndis vəzifəsində işləmişdir. İddiaçı ilə Şirkət arasında əmək müqaviləsi sərbəst bağlanmış və əmək müqaviləsinin məzmunu və quruluşu tərəflərin razılığı ilə müəyyən edilmişdir. İddiaçı 2002-2009-cu illər ərzində özünün də razılığı əsasında mühəndis vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində qeyd edilir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, İddiaçı özünün dediyinə görə guya xx.xx.2002-xx.xx.2009-cu il tarixlərdə “quyuların kimyəvi emalı üzrə usta” vəzifəsini icra etdiyini və buna görə hüququnun pozulduğunu bilə-bilə heç vaxt şikayətini bildirməmiş, nə də aidiyyəti üzrə məhkəməyə müraciət etməmişdir. 2022-ci ilin dekabr ayında ilk dəfə müraciət etmişdir ki, özünün dediyinə görə 2002-2009-cu illlərdə guya mühəndis kimi işləyə-işləyə “quyuların kimyəvi emalı üzrə usta” vəzifəsində işləmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və tələbin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.1981-ci il tarixli ИТ-İ seriyalı ******* saylı Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdə “Karasu" Əməliyyat Şirkətində Kəmaləddin neft və qazçıxarma sahəsinə əməyin normalaşdırılması üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə quyu ətrafının təmizlənməsi üzrə nəzarətçi keçirilmiş, xx.xx.2002-ci il tarixdə Mişovdağ neft-qaz çıxarma sahəsinə istismar sahəsi üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə X1 Quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə X3 sahəsində Quyuların kimyəvi emalı üzrə usta vəzifəsinə təyin edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 04-2/186 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən əmək müqaviləsi sərbəst bağlanır və əmək müqaviləsinin məzmunu və quruluşu tərəflərin razılığı ilə müəyyən edilir və əmək müqaviləsi ilə müəyyən edilmiş qaydada əmək haqqı təyin edilir. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Belə ki, əmək kitabçanızda Sizin “Karasu" Əməliyyat Şirkətində vəzifələriniz xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər “Mişovdağ neft-qaz çıxarma sahəsində istismar sahəsində mühəndis”, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixə qədər “X1 Quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis" kimi qeyd edilmiş və qeyd edilən vəzifələrin əvəzinə əmək kitabçasında vəzifənizin “quyuların kimyəvi emalı üzrə usta" kimi yazıla bilməz. xx.xx.2002-ci il tarixli, xx.xx.2002-ci il tarixli və xx.xx.2005-ci il tarixli Əmək müqaviləsinə Əlavələrdən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdə istismar sahəsi üzrə mühəndis keçirilmiş, xx.xx.2002-ci il tarixdən Quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis adlandırılmış və xx.xx.2005-ci il tarixdən X1 Quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Həmçinin məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı ilə cavabdeh arasında əmək müqavilələrinə əlavələr bağlandığı, həmin əlavələrdə onun vəzifəsinin mübahisələndirilən tarixlərdə mühəndis göstərilməsi, iddiaçının buna heç bir etirazının olmaması, həmin vəzifələrdə 2009-cu ilədək etiraz etmədən işləməsi onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində gətirdiyi dəlillər mülahizələrə əsaslanmaqla əsassızdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblərini irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki işin hallarından da göründüyü kimi, iddiaçı mübahisələndirdiyi vəzifə adı üzrə xx.xx.2002 - xx.xx.2009-cu il tarixlərində işləsə də, eyni zamanda həmin tarixlərdən hüququnun pozulduğunu bildiyi halda, həmin vəzifələrdə etiraz etmədən işləmiş və yalnız təqribən 21-14 ildən sonra ilkin mediasiya sessiyasına müraciət etməklə mübahisələndirmişdir. Bununla da iddiaçı əmək mübahisəsinin həll edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar