Məhkəmə qərarları › İş №2(006)-4604/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4604/2020

13.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4604/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı «yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı «yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1-ü xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 almış və ona ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlərlə onun arasında olan razılıöa əsasən özü və ailə üzvləri ilə birlikdə həmin mənzili boşaldacaqlarını və ona təhvil verməyi öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlər ona məxsus olan mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehlərin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə ıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi cavabdehlərin qeydiyyatda olduğu ünvana göndərilmiş bildiriş cavabdehlər qeydiyyatda olduğu ünvanda yaşamadığından ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışa əsasən, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AN-İ № ******* alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı mübahisə predmeti olan mənzili X2 48.000 manata almışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətidir və cavabdehlər iddiaçının qohumu və ya ailə üzvü deyildir. Cavabdehlər iddiaçının ailə üzvləri olmadığından həmin mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, mövcud olmayan istifadə hüququn itirilməsi mülki məhkəmə icraatı qaydasında həyata keçirilə bilməz. Belə kİ, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət etməli və həmin müraciəti təmin olunmadığı təqdirdə, imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı «yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı «yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi» tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar