Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4623/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, iddiaçı «Messenat Holdinq» yeni tikili bina sakinlərinin cavabdeh X1 qarşı «rüşvət alınmaması və maliyyə arayışlarının verilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Messenat Holdinq» yeni tikili bina sakinləri cavabdeh X1 qarşı «rüşvət alınmaması və maliyyə arayışlarının verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. İddia ərizəsinin araşdırılması zamanı aydın olmuşdur ki, iddiaçılar yaşadıqları mənzillərə dair çıxarış almaq üçün «Messenat Holdinq» yeni tikili binanın hüquq şöbəsinə müraciət etmişlər, lakin onlardan maliyyə arayışlarının verilməsi qarşılığında pul tələb edilmişdir. Belə olan halda, iddia tələbinin mülki xarakterli olmadığı, cavabdeh tərəfin qanunsuz əməllərinin müvafiq hüquq mühafizə orqanlarına müraciət edilməsi üçün əsas olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı məqamda «Messenat Holdinq» yeni tikili bina sakinlərinin ərizəsi məhkəmə qaydasında baxılmalı tələblərə aid deyil. Bununla yanaşı, iş materiallarında cavabdehin şəxsiyyəti və qeydiyyatda olduğu ünvan barədə də məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılara mübahisəli məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədləin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2, 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı «Messenat Holdinq» yeni tikili bina sakinlərinin cavabdeh X1 qarşı «rüşvət alınmaması və maliyyə arayışlarının verilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər «Messenat Holdinq» yeni tikili bina sakinlərinə qaytarılsın. «Messenat Holdinq» yeni tikili bina sakinlərinə izah olunsun ki, xahiş etdikləri məsələyilə bağlı müvafiq hüquq mühafizə orqanına müraciət etmək hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4623/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4623/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver