Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-463/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh X1, onun vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər X2 və digərlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdehlər X2 və digərlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020- ci il tarixli, 51 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, H.Əliyev,Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-yə həvalə edilmişdir. Sərəncamın 1.1-ci bəndində göstərilir ki, tikintiyə icazə verilmiş ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi “PİLOT 16" MMC-yə həvalə edilsin. Eyni zamanda, sərəncamda ərazinin və obyektin şəhərsalma sənədlərinin hazırlanması və təqdim edilməsi göstərişi verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş, yaşayış evləri but daşlardan, mismarlanmış əhəng daşından, dam örtükləri, taxta konstruksiyadan inşa edilmiş, yaşayış evlərinin büt daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş, köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir, həmin evlərdə, binada təmir-bərpa, gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 70-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 1 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 103,712 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi X3 və istifadəçiləri Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 kirayə haqlarını "xxxx" MMC-dən almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək yaşayış binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişdilər. Tikilməsinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların f/y evləri MMC tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır, f/y evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində "xxxx" MMC öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin f/y evinin yanındakı ev sahibləri qeyd edilənləri nəzərə alaraq mənzillərinin sökülməsi barəsində MMC ilə razılığa gəlmişdirlər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanunazidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlər istismar müddəti bitmiş, şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanunazidd hərəkərlərini davam etdirməklə, faktiki olaraq MMC-ni şantaj edirlər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli, 51 nömrəli Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən, ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərin ödənilməsi “PİLOT 16" MMC-yə həvalə edilmişdir. "PİLOT-16” MMC sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi də vicdanla və ləyaqətlə yerinə yetirir. Bundan başqa, “PİLOT-16’' MMC Ali Dövlət orqanlarının Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki göstərişlərinə uyğun olaraq, çox sürətlə həmin tələblər yerinə yetirilir. Həmçinin, Bakı şəhərində olan, görünüşləri müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlərin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla Ali Dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda, yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlarla manat vergi ödənilməsi deməkdir. Göründüyü kimi, Ali dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərə cavab verən evlərlə təmin olunması və eyni zamanda da, şəhərin görkəminin də gözəlləşdirilməsi deməkdir. İddiaçı MMC cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzində müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. MMC-nin cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli və mülkünə görə münasib təklifdir. Lakin cavabdehlər fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasından sui-istifadə etməklə yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar. Göstərilənlərə əsasən ünvan 1-in sökülməsi, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 75 əvəzinə ünvan 1 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 124,50 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin X1 mülkiyyətinə verilməsi, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən X2 hər ay 500 manat kirayə haqqının ödənilməsi, cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 ünvan 1-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin nümayəndələri Nümayəndə və X4 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X3, onun vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Qarşı tərəfin təklifləri real deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarındakı Bakı şəhər İH Nəsimi rayon MKTB-nin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 242 №-li, xx.xx.2021-ci il tarixli arayışa əsasən cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 ünvan 1-də qeydiyyatdadırlar. Əsaslandırıcı hissə: Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi: İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. İİ. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi: İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ.Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Qeyd olunan təminatların mahiyyəti ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, heç kəs zorla mənzilindən (mülkiyyətində olan əmlakdan) məhrum edilə bilməz. Hazırki mübahisəyə “İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından nəzər saldıqda müəyyən olunur ki, 1 saylı Prokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı protokolun 1- ci maddəsinə görə mülkiyyətlə bağlı mübahisəyə baxılarkən 3 əsas elementə diqqət yetirilməlidir. 1.Müdaxilə üçün hüquqi zəmin olmalıdır. 2.O, ictimai maraqlara xidmət etməlidir. 3.O, mütanasiblik prinsipinə cavab verməlidir. Bu 3 element baxımından hazırki mübahisəyə nəzər salmaqla qeyd edilməlidir ki, iddiaçının iddia tələbinin qanuni əsasını (müdaxilə üçün hüquqi zəmini) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020- ci il tarixli, 51 nömrəli sərəncamı təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı MMC-nin iddia tələbinin dəlilləri qeyd edilən qərarın göstərişləri baxımından əsaslı deyildir. Çünki, işdən göründüyü qədərilə iddiaçı MMC mənzilin sahibləri olan cavabdehlərlə razılığa gələ bilməmiş, kompensasiya məbləği müəyyən edilərkən cavabdehin mülkiyyətində olan mənzil təftiş edilməmiş, mənzilin cari vəziyyəti və təmirin səviyyəsi, eləcə də diqqətəlayiq digər hallar nəzərə alınmamışdır. Bundan başqa, iddiaçının binanın qəzalı vəziyyətdə olmasına dəlalət edən sübutu binanın qəzalı vəziyyətdə olmaqla, dərhal sökülməli olmasını sübut edən müvafiq icra hakimiyyəti orqanının (Fövqəladə Hallar Nazirliyinin) hər hansı bir sənədini təqdim etməmişdir (ictimai maraqlara xidmət etmə). Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınmamalıdır. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı» işi üzrə qərarında göstərilmişdir ki, «1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz… Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bu ondan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır». Həmçinin, həmin qərarda göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; üçüncü qayda təsdiq edir ki, razılığa gələn yüksək tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilən Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X2 və digərlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər X2 və digərlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-463/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-463/2022
06.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver