Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4633/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmamış uşağı 15.05.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Mircəfər Cəfərov küçəsində yerləşən 10 saylı evin 460 saylı mənzilinə köçürülməsi və həmin mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını və həmin qətnamənin onların pasport qeydiyyatına alınmaqları üçün əsas olmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 02 oktyabr 2009-cu ildə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra bütün cehiz əşyaları ilə birlikdə cavabdehin adına qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Gəlin köçdükdən sonra o, cavabdeh tərəfindən ailə üzvü kimi qəbul edilmiş və onunla həyat yoldaşına həmin evdə ailə üzvü kimi yaşamaq üçün otaq ayrılmışdır. Həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayarkən yoldaşı ilə birgə nikahlarından 15.05.2013-cü il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Bu illər ərzində bir ailə üzvü kimi yaşamalarına baxmayaraq, cavabdeh onun yaşadığı evə qeydiyyata alınmasına razılıq verməmiş və həmin evə istifadə hüququnu tanımaq istəməmişdir. Hazırda həyat yoldaşı ilə münasibətləri pisləşdiyi üçün o, Sabirabad şəhərində, valideynlərinin yanında yaşayır, lakin gəlin köçərkən gətirdiyi cehiz əşyaları hələ də cavabdehə məxsus mənzildə qalmaqdadır. O, mübahisə predmeti olan evə gəlin köçməklə cavabdehin ailə üzvü kimi həmin yaşayış sahəsindən onlarla bərabər istifadə etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, mübahisə predmeti olan mənzil ona məxsusdur. İddiaçının həmin mənzilə istifadə hüququnun tanınmasına dair iddiasını qəbul etmir. Lakin gəlininin və nəvəsinin onunla birgə ona məxsus mənzildə yaşamasına etirazı yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.02.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu 3006-cı məhəllə Məmmədcəfər Cəfərov küçəsi 10 saylı evin 460 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2273 nömrəli reyestr kitabının 211560 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 3006-cı məhəllə Məmmədcəfər Cəfərov küçəsi 10 saylı evin 460 saylı mənzili Cavabdeh mülkiyyətindədir. 02.10.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 521666 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 arasında nikah 02.10.2009-cu il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində 474 saylı akt qeydi ilə bağlanmış, nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı birgə nikahlarından doğulmuş 15.05.2013-cü il təvəllüdlü X7 adlı bir övladları var. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə X5 02 oktyabr 2009cu ildə nikah münasibətlərinə daxil olmuş və iddiaçı həmin tarixdə ünvan 2 ünvanda yerləşən mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından 15.05.2013-cü il təvəllüdlü X7 adlı övladları olmuşdur. Hazırda tərəflər ayrı yaşayırlar və iddiaçı gəlin köçdüyü ünvan 2 ünvanda yerləşən mənzilə özünün və birgə nikahdan olan övladının istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələrini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin Qərara əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri (iddiaçının cavabdehin oğlu ilə rəsmi nikah münasibətlərinə daxil olması) 02 oktyabr 2009cu il tarixdə yarandığından, mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Həmçinin, həmin qərarda Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Məhkəmə, İddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, iddiaçının həmin mənzilə ümumiyyətlə qeydiyyata alınmadığını, habelə cavabdehin məhkəmə iclasında verdiyi izahatına əsasən ona məxsus mənzildə iddiaçının yaşamasına hər hansı bir etirazının olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması üçün kifayət qədər əsaslar mövcud olmadığından, iddia bu hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli yaşayış sahəsinə iddiaçının istifadə hüququnun tanınmasına dair tələb qanuni əsasının olmaması səbəbilə rədd olunduğundan, bu tələbdən irəli gələn iddianın digər hissəsinə də, hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, iddia bu hissədə də rədd olunmalıdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4633/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4633/2021
24.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver