Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4646/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvana dair istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun ailə üzvləri 1989-cu ildə məlum hadisələrlə bağlı Ermənistan SSR-dən Azərbaycan Respublikasına köçmüşlər. Bakı şəhəri Nəsimi rayonu M.Əlizadə küçəsində yerləşən 6 saylı evdə daha öncələr erməni əsilli ailə yaşamış və tərəflər notarial razılaşma əsasında mənzilləri dəyişmişlər. Bundan sonra, Nəsimi rayon XDŞ İK-nın 16.06.1989-cu il tarixli qərarı ilə X2 (iddiaçının atası), X5 (iddiaçının anası), X3 (iddiaçının bacısı) və Cavabdeh (iddiaçının bacısı oğlu cavabdeh) pasport qeydiyyatına alınmışlar, istifadə hüquqları tanınmışdır. Həmin vaxt iddiaçının özü Silahlı Qüvvələr sırasında xidmətdə olmuş, ona görə də, qərarda adı əks olunmamışdır. Hazırda iddiaçı (atasının və anasının vəfatından sonra) yaşadığı mənzili özəlləşdirmək niyyətindədir. Qeydiyyatda olan şəxslərin formal razılığı tələb olunur. Lakin burada iddiaçı maneə ilə qarşılaşmışdır. Belə ki, istifadə hüququ tanınmış və pasport qeydiyyatında olan Cavabdeh hazırda harada olması məlum deyil. Cavabdeh 1998-ci ildə hərbi xidmətə çağırılmış, daha sonra ordu sıralarından fərarilik etmişdir. Hazırkı gündə polis orqanlarının və Müdafiə Nazirliyinin axtarışındadır. Son 23 il ərzində həmin şəxsin harada «gizlənməsi» ailə üzvlərinə məlum deyildir. Ara-sıra müxtəlif qohumlar onu gördüklərini deyirlər, lakin axtarışda olduğu üçün yaşayış yerini daim dəyişir. Həmçinin, M.Əlizadə küçəsi ev 6 ünvanı bir neçə özbaşına tikintidən ibarət yaşayış məhəlləsidir. Faktiki olaraq bir neçə ev var, fərqli ailələr hərə öz evində yaşayır, lakin ünvan bir olduğu üçün 2 saylı forma arayışında (yaşayış yeri haqqında arayışda) həmin ünvana qeydiyyatda olan bütün məhəllə sakinlərinin adları çıxır. Digər qonşular da, bu cavabdehə görə öz evlərini özəlləşdirə bilmirlər, mülkiyyət hüquqları dövlət qeydiyyatına ala bilmirlər və bu məsələ qonşular arasında xüsusi gərginliyə səbəb olur. Bu iddia ilə 2020-ci il tarixdə məhkəməyə müraciət edilmiş, lakin sonradan iddiaçının iddia vermək subyektiv hüququnun olub-olmaması məsələsi ortaya çıxdıqdan sonra iddia ərizəsi xahişləri ilə baxılmamış saxlanılmışdır. Lakin sonradan vərəsəlik işinin mövcud olması barədə məlumat əldə etmişdir, iddiaçının atasının (mənzilin orderlə sahibinin) vərəsəsi qismində tanınması barədə şəhadətnaməni əldə etmişdir və hesab edir ki, işin baxılmasına mane olan hal aradan qaldırılmışdır. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - Nəsimi rayonu X6 İcraiyyə Komitəsinin 16 iyun 1989-cu il tarixli, 96/4 saylı qərarı ilə Bakı şəhəri X4 icraiyyə komitəsinin 3/92 saylı, 11 aprel 1989-cu il tarixli “Erm. SSR-dən gəlmiş azərbaycan əsilli (milliyətli) vətəndaşların qeydiyyatının qaydaya salınması üzrə əlavə tədbirlər haqqında” qərarının icraata qəbul olunması, DİŞ passport masasına və MİS – 59 vət. X1 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə M.Əlizadə küçəsi, ev 6 ünvanında daimi qeydiyyatlarının həyata keçirməyi həvalə etməyi,
1. X2 – özü - 1932-ci il,
2. X5 – arvadı – 1919-cu il,
3. X3 – qızı – 1955-ci il,
4. Cavabdeh – nəvəsi – 1980-ci il, rayon icraiyyə komitəsinin ümumi şöbəsinə vət. (Mirzoyev S.) həmin qərarın surətini MTİnə, RDİŞ, MİS-59 və ərizəçiyə yönləndirilməsi, qərarın icrasına nəzarətin RDİŞ rəisi yoldaş V.Adıgözəlova və MTİ-nin rəisi yoldaş K.K.Vəliyeva tapşırılması qərara alınmışdır. - 18.07.2000-ci il tarixdə Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 072619 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 12 iyul 2000-ci il tarixdə vəfat etmişdir. - 31 may 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 12 iyul 2000-ci ildə vəfat etmiş X1 əmlakının vərəsəsinin Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 6-da yaşayan oğlu İddiaçı olduğu və şəhadətnamə verilən miras əmlakın: Bakı şəhəri 7996/045 №li əmanət bankında olan 81782 №li hesabındakı, ******* №li hesabdakı (faizi ilə) məbləğdən ibarət olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №li arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı və Cavabdeh başqa həmin ünvanda 41 nəfər qeydiyyatdadır. Məhkəmə ilk əvvəl qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehdən istifadə hüququna xitam verilməsi tələb etdiyi ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş, bununla da hər hansı şəxsin mülkiyyətində deyildir (bu 16 iyun 1989-cu il tarixli 96/4 saylı qərarda da öz əksini tapmışdır). İddiaçının həmin mənzilə 1989-cu ildə qeydiyyata düşmüş mərhum atası X1 vərəsəsi olması onun həmin mənzilə miras əmlak kimi mülkiyyət hüququnun tanınması anlamına gəlmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi həmin əmlak özbaşına tikili olmaqla hər hansı bir şəxsə məxsus deyildir. Habelə iş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh həmin ünvanda digər şəxslərlə birlikdə (cəmi 43 nəfər) qeydiyyatdadırlar. Göründüyü kimi iddiaçı sözügedən əmlaka münasibətdə cavabdehdən hər hansı bir üstün hüquqa malik deyildir. Məhkəmə habelə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə özbaşına tikintiyə mülkiyyət hüququ Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən “tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olarsa” tanına bilər. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının həmin özbaşına tikilinin özəlləşdirilməsinə cavabdehin orada qeydiyyatda olmasının maneə yaratdığını bildirməsi, onun subyektiv mülahizələridir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə müraciət etmək hüququ mülkiyyətçiyə xas olduğundan iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (180.3.). Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev