Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-465/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız silinmiş məbləğin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız silinmiş məbləğin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan XXXXXXXXXX378193 nömrəli ödəniş kartı üzrə 15 avqust 2020-ci il tarixindən 28 avqust 2020-ci il tarixədək və XXXXXXXXXX322201 nömrəli ödəniş kartı üzrə 16 iyun 2021-ci il tarixindən 28 avqust 2021-ci il tarixədək əsassız və onun sərəncamı olmadan apple.com şirkətinin adı qeyd edilərək, silinmiş məbləğlərin Cavabdeh ASC tərəfindən hesabına geri qaytarılması və hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, özünə məxsus olan XXXXXXXXXX378193 nömrəli Cavabdeh ASC-dən aldığı ödəniş kartı üzrə 15 avqust 2020-ci il tarixindən 28 avqust 2020-ci il tarixədək hesabından ona məlum olmayan artıq məbləğlər çıxılmışdır. Cavabdeh ASC-yə bu barədə müraciət edərək, əsassız olaraq hesabından silinmiş məbləğin hansı səbəbdən silinməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Həmin silinmiş vəsaitlərin ödəniş kart hesabına bərpa edilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsini Cavabdeh ASC-dən xahiş etmişdir. Cavabdeh ASC tərəfindən müraciətinə cavab olaraq bildirdilər ki, MasterCard beynəlxalq ödəniş sisteminin qaydalarına əsasən qeyd edilən ödənişlər üzrə tranzaksiyanın həyata keçirildiyi tarixdən 90 gün ərzində Chargeback xidməti istifadə edilə bilər. XXXXXXXXXX378193 nömrəli ödəniş kartı üzrə 15 avqust 2020-ci il tarixindən 28 avqust 2020-ci il tarixədək etibarən artıq məbləğin hesabından çıxılması əməliyyatının ətraflı araşdırılması Chargeback xidmətindən istifadə müddəti bitdiyindən, mümkün deyildir. Lakin XXXXXXXXXX322201 nömrəli ödəniş kartı üzrə 16 iyun 2021-ci il tarixindən 28 avqust 2021-ci il tarixədək həyata keçirilmiş əməliyyatlarının ətraflı araşdırılması cəhdi üçün Chargeback xidmətini rəsmiləşdirmək tələb olunur. Bankın müvafiq struktur bölməsinin rəyinə əsasən nəzərdə tutduğu məsələnin həyata keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavab məktubuna etiraz olaraq, bildirir ki, XXXXXXXXXX378193 nömrəli ödəniş kartı üzrə 15 avqust 2020-ci il tarixindən 28 avqust 2020-ci il tarixədək əsassız silinmiş məbləğin hansı məqsədlə və nə üçün silindiyi ona 13 sentyabr 2021-ci il tarixində məlum olmuşdur. O, daha əvvəl bu barədə məlumatlı olsaydı hər bir halda banka müraciət edərdi. Qeyd olunan hal ona həmin vaxt məlum olub ki, o, dərhal banka müraciət etmişdir. Lakin bu günə qədər ödəniş kartı hesabından əsassız silinmiş məbləğ geri qaytarılmamışdır. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını (charge-back) yazılı qaydada tələb etmək onun hüququdur. Chargeback müştərinin ərizəsi əsasında kart sahibinin ticarət nöqtəsində (internet-mağazada) apardığı kart əməliyyatının bank tərəfindən mübahisələndirilməsi prosesini özündə əks etdirir. Malların və ya xidmətlərin alınması ilə bağlı hər hansı bir əməliyyat qondarma və ya saxta ola bilər və heç kim bundan qorunmur. Üstəlik, bu, ödəmə kart vasitəsi ilə edildikdə baş verə bilər. Əgər satıcı onu aldadırsa və ya ödəniş onun xəbəri olmadan edilirsə, buna bank cavabdehlik daşımalıdır. Bu vəziyyətdə pul vəsaitini geri ala bilmək onun hüququdur və bunu etmək bankın borcudur. Qeyd etdiyi qanunvericilik aktlarına əsasən hesab edir ki, hesabından silinmiş məbləğlər əsassız olaraq və eyni zamanda onun xəbəri olmadan silinmiş və bank tərəfindən heç bir araşdırılma aparılmamışdır. Ona görədə həmin məbləğlər bank tərəfindən onun kart hesabına geri qaytarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ilə bank arasında 29 may 2019-cu il və 20 sentyabr 2019-cu il tarixlərində bank hesabı müqaviləsi bağlanılmışdır. İddiaçı bank əməliyyatlarında yaranmış problemlərlə əlaqədar 40 gün ərzində banka müraciət etməli idi. Lakin o, həmin müddəti ötürmüşdür. İddiaçının kart hesabından silinmələr isə Bank tərəfindən deyil, apple.com tərəfindən həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 29.05.2019-cu il tarixli, CP_SAL_COMP-266509-01 saylı bank hesabı müqaviləsinə əsasən müqaviləyə uyğun olaraq hesabın açılması üçün tələb olunan sənədlər əsasında Bank Müştərinin kart vasitəsilə aparılan əməliyyatlarını həyata keçirmək üçün müştəriyə AZ22VTBA**********6509AZN001 hesab açmağı, hesab üzrə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, həmçinin PİN kodu olan qapalı zərfi (Müştərinin özü tərəfindən PİN kodun seçilməsi halları istisna olmaqla (PİN SET xidmət) və ödəniş kartı təqdim etmək öhdəliyini. Müştəri isə hesab vasitəsilə əməliyyatların aparılması üzrə Bank xidmətlərinin haqqını əməliyyat aparıldığı ana qüvvədə olan tariflərə uyğun ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 20.09.2019cu il tarixli, CP_SAL_COMP-266509-02 saylı bank hesabı müqaviləsinə əsasən müqaviləyə uyğun olaraq hesabın açılması üçün tələb olunan sənədlər əsasında Bank Müştərinin kart vasitəsilə aparılan əməliyyatlarını həyata keçirmək üçün müştəriyə AZ92VTBA**********6509AZN002 hesab açmağı, hesab üzrə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, həmçinin PİN kodu olan qapalı zərfi (Müştərinin özü tərəfindən PİN kodun seçilməsi halları istisna olmaqla (PİN SET xidmət) və ödəniş kartı təqdim etmək öhdəliyini. Müştəri isə hesab vasitəsilə əməliyyatların aparılması üzrə Bank xidmətlərinin haqqını əməliyyat aparıldığı ana qüvvədə olan tariflərə uyğun ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 17.09.2021-ci il tarixli cavab məktubda qeyd edilmişdir ki, Mastercard beynəlxalq ödəniş sisteminin qaydalarına əsasən qeyd edilən ödənişlər üzrə tranzaksiyanın həyata keçirildiyi tarixdən 90 gün ərzində Chargeback xidməti istifadə edilə bilər. XXXXXXXXXX378193 nömrəli ödəniş kartı üzrə 15 avqust 2020-ci il tarixindən 28 avqust 2020-ci il tarixədək etibarən artıq məbləğin İddiaçı hesabından çıxılması əməliyyatının ətraflı araşdırılması Chargeback xidmətindən istifadə müddəti bitdiyindən, mümkün deyildir. Lakin XXXXXXXXXX322201 nömrəli ödəniş kartı üzrə 16 iyun 2021-ci il tarixindən 28 avqust 2021-ci il tarixədək həyata keçirilmiş əməliyyatlarının ətraflı araşdırılması cəhdi üçün İddiaçı tərəfindən Chargeback xidmətini rəsmiləşdirmək tələb olunur. Bankın müvafiq struktur bölməsinin rəyinə əsasən nəzərdə tutulan məsələnin həyata keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı bank hesabı müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamışlar. Tərəflər arasında bağlanılmış 29.05.2019-cu il tarixli, CP_SAL_COMP-266509-01 saylı və 20.09.2019-cu il tarixli, CP_SAL_COMP-266509-02 saylı bank hesabı müqavilələrinin 4.3.8-ci bəndinə əsasən, müştərinin hüquq və vəzifələrinə həyata keçirilmiş kart əməliyyatına dair etirazlar mövcud olarsa, kart əməliyyatının aparıldığı gündən etibarən 40 təqvim günü müddətində təsdiqedici sənədləri əlavə etməklə (sliplər/ticarət çekləri, vəziyyətin ingilis dilində yazılı izahatı və s.) Banka pretenziya təqdim etmək aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı 15 avqust 2020-ci il tarixindən etibarən artıq məbləğin hesabdan çıxılmasından xəbərdar olmasına baxmayaraq, müqavilədə nəzərdə tutulmuş 40 gün müddəti ötürməklə, yəni 13.09.2021-ci il tarixdə Banka müraciət etmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından (hesabdan çıxarış məlumatlarından) göründüyü kimi, iddiaçının kart hesabından pul vəsaitləri cavabdeh Bank tərəfindən deyil, apple.com tərəfindən həyata keçirilmişdir və Bank buna görə məsuliyyət daşıya bilməz. Belə ki, qeyd olunan vəsaitlərin silinməsi iddiaçının hərəkətləri ilə bağlı olub, vəsaitlərin silinməsində cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (hüquqlarının cavabdeh tərəfindən pozulmasına) dair mötəbər sübutlar təqdim etməmişdir. Bu səbəbdən iddiasının təmin edilməsi mümkün deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının silinmiş məbləğin qaytarılmasına dair tələb qanuni əsasının olmaması səbəbilə rədd olunduğundan, bu tələbdən irəli gələn iddianın digər (Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin ödənilməsi) hissəsinə də, hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, iddia bu hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız silinmiş məbləğin qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız silinmiş məbləğin qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-465/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-465/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver