Məhkəmə qərarları › İş №2(006)-4670/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4670/2024

14.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4670/2024 14.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, Ərizəçi Bakı 1 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə “doğum, ölüm faktının müəyyən edilməsi və vərəsə hesab olunma” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Bakı 1 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə “doğum, ölüm faktının müəyyən edilməsi və vərəsə hesab olunma” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 xx.xx.1942-ci il tarixində Ermənistan SSR, Spitak rayonu, Saral kəndində anadan olması və babası Mustafayev Bəkirin 1902-ci ildə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində anadan olub, 1941-ci ildə X3 həlak olması, nənəsi X2 1910-cu ildə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində anadan olması və 1981-ci ildə Bakı şəhərində dünyasını dəyişməsi faktının müəyyən edilərək, Ərizəçi X1 vərəsəsi hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi bir-biri ilə aidiyyəti olmayan bir neçə tələbi birləşdirərək bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin nəticə hissəsində ərizəçi həm müxtəlif şəxslərin doğum və ölüm faktlarının müəyyən edilməsini, həm də özünün atasının vərəsəsi hesab olunmasını tələb edir. Lakin göründüyü kimi, doğum və ölüm faktlarının müəyyən edilməsi, habelə vərəsə hesab olunmaya dair tələblər bir-biri ilə aidiyyəti olmayan bir neçə tələbdir. Deməli, ərizə mülki prosessual qanunvericiliyin normalarının pozulması ilə məhkəməyə təqdim edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, tələbin “ölüm faktının müəyyən edilməsi” hissəsi ilə əlaqədar ərizəçi 2 nəfərin: babası Mustafayev Bəkirin 1941-ci ildə X3 və nənəsi X2 1981-ci ildə ölmələri faktlarının müəyyən edilməsini məhkəmədən xahiş edir. Lakin ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutları ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1, 152.1.7-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2, 307.2.3, 307.2.8-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarının 9.2-ci bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPMnin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndindəki məsələlərin ayırd edilməsinin vacibliyini ərizəçinin diqqətinə çatdırır (ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur). Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 manat rüsum ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər, həmçinin, ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Bakı 1 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə “doğum, ölüm faktının müəyyən edilməsi və vərəsə hesab olunma” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Ərizəçi geri qaytarılsın (qəbz №: **********5). Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar