Məhkəmə qərarları › İş №2(006)-4677/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4677/2022

30.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4677/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Ərizəçi Maraqlı şəxs MMC-də müddətli “qanuni təmsilçi və baş direktor” səlahiyyətlərinin icra müddətinin başa çatması faktının xüsusi icraat qaydasında müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs MMC-də müddətli “qanuni təmsilçi və baş direktor” səlahiyyətlərinin icra müddətinin başa çatması faktının xüsusi icraat qaydasında müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Ərizəçi onun həqiqətən Maraqlı şəxs MMC-yə müvəqqəti “qanuni təmsilçi” və “baş direktor” təyin edilməsi barədə qəbul olunmuş xx.xx.2017-ci il tarixli qərarın və bu səlahiyyətlərinin 3 il müddət ərzində icra etməsinə dair ona verilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin qüvvədən düşməsi, bununla bağlı bu MMC-də “qanuni təmsilçiliyinin” müddətinin başa çatması faktının müəyyən edilməsi (təsdiq edilməsi) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi müəyyən edilməsini tələb etdiyi faktlara dair zəruri sənədləri mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda qeyd edilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin təsdiqini tələb etdiyi sənədlər mövcud olduğundan, sonuncunun hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair tələbinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs MMC-də müddətli “qanuni təmsilçi və baş direktor” səlahiyyətlərinin icra müddətinin başa çatması faktının xüsusi icraat qaydasında müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs MMC-də müddətli “qanuni təmsilçi və baş direktor” səlahiyyətlərinin icra müddətinin başa çatması faktının xüsusi icraat qaydasında müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və ərizəçiyə qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar