Məhkəmə qərarları › İş №2(006)-4692/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4692/2024

14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4692/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdeh Aigun Abdullayevanın iştirakı ilə, İddiaçı cavabdeh Aigun Abdullayevaya qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının tələbi: İddiaçı cavabdeh Aigun Abdullayevaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı Asan Xidmət X3 xx.xx.2024-cü il tarixdə qeydə alınmış 657 saylı akt qeydləri ilə qeyd edilmiş onunla cavabdeh Abdullayeva Aigun arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Səlimov X1 Respublikasının vətəndaşı Abdullayeva Aigun ilə xx.xx.2024-cü il tarixində sənəd üzərində nikahlarını rəsmiləşdirmişlər. Ailə münasibətləri olmayıb. Toy günlərinin təyin olunması ərəfəsində xasiyyətlərinin uyğun gəlməməsini görərək toyu təxirə salmışlar. Beləliklə, onun cavabdehlə ailə münasibətləri olmamış, rəsmi ər-arvad kimi münasibətləri sadəcə 2 saylı Bakı “ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 657 nömrəli qeydlə rəsmiləşdirilən nikah haqqında şəhadətnamədə öz əksini tapmışdır. Həmçinin faktiki ər-arvad münasibətləri olmadığından həmin nikahın qüvvədə olması onun qanuni hüquqlarını və maraqlarını pozur və gələcəkdə də onun üçün bir sıra problemlər yarada bilər. Bununla bağlı o, qanunvericiliyin tələblərinə görə ilk öncə “Bakı 8 saylı Mediasiya təşkilatına" nikahın pozulması ilə bağlı müraciət etmişdir. Nəticədə xx.xx.2024-eü il tarixində “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli mənə izah edilmişdir. Nikahın pozulması ilə əlaqədar 4 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə nikahın pozulması ilə bağlı rəsmi qaydada müraciət etsə də, qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, AM-nin 17.1. Ər-arvadın yetkinlik yaşma çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər, həmin məcəllənin 19.1-ci maddəsinə əsasən, ərarvadm yetkinlik yaşma çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Cavabdehin (Abdullayeva Aigun) nikahın pozulması üçün qeydiyyat şöbəsinə müraciət etməməsi səbəbindən qeydiyyat şöbəsində nikahın pozulmasına imtina edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə şəhərdə tanış olmuşlar. 1 il dost münasibətləri olmuşdur, sonra isə sevgili olmuşlar. xx.xx.2024-cü il tarixdə nişan olmuşdur. xx.xx.2024-cü il tarixdə isə nikaha daxil olmuşlar. xx.xx.2024-cü il tarixdə qız, xx.xx.2024-cü il tarixə isə oğlan toyu planlaşdırılmışdır. Cavabdeh Abdullayeva Aigun məhkəmə iclasında iddianı qəbul edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, şəhərdə tanış olmuşlar. 1 il dost münasibətləri olmuşdur, sonra isə sevgili olmuşdurlar. xx.xx.2024-cü il tarixdə nişan olmuşdur. Məhərrəmlik ayı xx.xx.2024-cü il tarixində başladığı üçün toydan çox əvvəl - xx.xx.2024-cü il tarixdə nikaha daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş: X2 ifadəsində göstərmişdir ki, İddiaçı atasıdır. Cavabdehgilə elçi getmişdirlər, proses 5-6 ay çəkmişdir. Cavabdeh tərəf nikah bağlamağı tezləşdirmək istədi. Nikah bağlandıqdan sonra cavabdeh problem yaratmağa başladı. Demək olar ki, 1 ay nikahda oldular. Toy üçün şadlıq sarayı belə danışılmışdı. Faktiki nikah münasibətləri olmamışdır. X6 ifadəsində göstərmişdir ki, İddiaçı dostudur. Rəsulun cavabdehlə nişanları olmuşdur. Rəsmi nikaha daxil olduğunu bilirdi. Toy üçün şadlıq sarayı danışılmışdı. Faktiki nikah münasibətləri olmamışdır. X5 ifadəsində göstərmişdir ki, Abdullayeva Aigunun xalası nəvəsidir. Ailə arasında nişan olmuşdur. Məhərrəmlik ayına görə nikahı erkən bağladılar. Məhərrəmlik ayından sonra toy olacaqdı. Xasiyyətləri uyğun gəlmədikləri üçün ayrıldıqlarını bildirdi. X7 ifadəsində göstərmişdir ki, Abdullayeva Aigunun rəfiqəsidir. Nişan mərasimi oldu. Sonra məhərrəmlik ayı girəcəyi üçün nikah bağladılar. Məhərrəmlik ayından sonra isə toy olacaqdı. Xasiyyətləri uyğun gəlmədikləri üçün ayrılıblar. Nikah günü axşam keçirilən yığıncaqda iştirak etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 25 iyun 2024-cü il tarixdə verilmiş 657 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə Abdullayeva Aıgün xx.xx.2024-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 657 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Abdullayeva Səlimova soyadı verilmişdir. Bakı şəhəri 08 saylı Mediasiya Təşkilatının 04 sentyabr 2024-cü il tarixli arayışına əsasən, ailə mübahisəsi üzrə (nikahın pozulması) xx.xx.2024-cü il tarixdə saat 12.00-13:00də keçirilmiş ilkin mediasiya sessiyasında tərəflər iştirak etsə də, ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Abdullayeva Aıgün nikahın pozulmasından yayındığından nikahın pozulmasının məhkəmə qaydasında həyata keçirilməli olması izah edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir; 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir; 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır; 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır; 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi İddiaçı nikahın etibarsız sayılması barədə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə ailə qurmaq niyyəti ilə nikaha daxil olsalar da, toy günlərinin təyin olunması ərəfəsində xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən münasibətləri pozulmuşdur, faktiki ər-arvad münasibətləri olmadığından həmin nikahın qüvvədə olması onun qanuni hüquqlarını və maraqlarını pozur və gələcəkdə də onun üçün bir sıra problemlər yarada bilər. Cavabdeh Aigun Abdullayeva da iddianı qəbul edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış nikah tərəflərin könüllü ittifaqıdır və ailə qurmaq məqsədi ilə bağlanır. Ailə Məcəlləsində nikahın etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürmək hüququna malik olan şəxslərin dairəsi və nikahın etibarsızlığına əsas olan hallar aydın şəkildə göstərilmiş və könüllü razılıq olmadan, habelə ailə qurmaq məqsədi daşımayan nikahın etibarsız olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki işdə qanunvericliklə nikahın etibarsız hesab edilməsi üçün nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Hər iki tərəf nikah bağlayarkən tam fəaliyyət qabiliyyətli olmaqla yetkinlik yaşına çatmış, heç bir təzyiq altında qalmadan etibarsız hesab edilməsini qeyd etdikləri nikahı bağlamışlar. Bununla yanaşı nə iddiaçı tərəf, nə də iddianı etiraf edən cavabdeh tərəf qeyd edilən iddianın əsaslılığı barədə sübutu (ailə qurmaq niyyəti olmadan saxta nikah bağlanmasını təsdiq edən faktı) məhkəməyə təqdim edə bilməmişlər. Əksinə tərəflərin məhkəmə iclasında verdikləri izahatları və şahid ifadələri ilə müəyyən olunmuşdur ki, tərəflər tanış olduqdan sonra 1 il dostluq münasibətində, 5-6 ay müddətində sevgili münasibətində olmuşlar, bundan sonra xx.xx.2024-cü il tarixdə aralarında nişan baş tutmuş və xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Göründüyü kimi tərəflər gələcəkdə ailə ola biləcəklərinə ümid edərək bu addımı atmışlar, sonradan bu həyata keçməmişdir. Göstərilənlər, tərəflərin nikahı qeydə aldırarkən ailə qurmaq niyyətlərinin olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə cavabdehin iddia tələbini qəbul edərək etiraf etməsinə münasibətdə qeyd edir ki, hazırki işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi sübutetmə vəzifəsi ilə yüklü edir. Lakin hazırkı halda nə iddiaçı tərəfindən, nə də cavabdeh tərəfindən nikah bağlanarkən ailə qurmaq niyyətlərinin olmamasına dair heç bir mötəbər sübut təqdim edilməmiş, yalnız formal mülahizələrə əsaslanılmışdır. Məhkəmə MPM-in 52.5-ci maddəsinin tələbinə əsasən hesab edir ki, cavabdehin etirafı qanuna (Ailə Məcəlləsinin yuxarıda istinad olunan normalarına ) zidd olduğundan qəbul edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Aigun Abdullayevaya qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Aigun Abdullayevaya qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar