Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4695/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı «əmək müqaviləsinə xitam verilməsi və bu barədə əmrin hazırlanıb iddiaçıya verilməsi, bununla bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmək müqaviləsinə xitam verilməsi və bu barədə əmrin hazırlanıb iddiaçıya verilməsi, bununla bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin yanvar ayına qədər yaşa görə sosial müavinət alırdı. Lakin həmin tarixdən iddiaçıya həmin müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı bunun səbəbini araşdırdıqda ona məlum olmuşdur ki, onun adına əmək müqaviləsi bağlanmış, məhz bu səbəbdən müavinətin verilməsi dayandırılmışdır. Belə ki, bildirişdən görünür ki, 14.02.2018-ci il tarixdən iddiaçı əmək müqaviləsi əsasında Cavabdeh MMC-də işləyir. Həmin əmək müqaviləsinin bağlanmasından xəbəri olmayıb. Ümumiyyətlə, Cavabdeh MMC barəsində heç bir məlumatı yoxdur və cavabdehlə heç bir əlaqə olmayıb. İddiaçının xəbəri, razılığı və imzası olmadan onu necə işə götürmüşlər. İddiaçı heç bir əmək müqaviləsi imzalanmamışdır və heç kimlə işə götürmək barədə razılaşmamışdır. Məlum olmuşdur ki, Cavabdeh MMC rəhbərliyi onun adına saxta əmək müqaviləsi bağlamış, bunun nəticəsində də iddiaçı sosial müavinətini ala bilməmişdir. Həmçinin iddiaçının adına əmək müqaviləsi bağlanmasına baxmayaraq ona əmək haqqı veriləmişdir.İddiçı bununla bağlı Cavabdeh MMC ilə əlaqə saxlamış, onlar əmək müqaviləsinə xitam verməmişlər. İddiaçı bu halların araşdırılması, pozulmuş əmək hüquqlarının bərpası məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. DƏMX-nin 07.04.2021-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: «Sizin Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə X3 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh MMC-nin rəhbərliyinə tərəfimizdən 10.03.2021-ci il tarixli, **********2 saylı məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq tələb olunan tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildiririk ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətinizə yenidən baxılacaqdır. Qeyd olunanlarla razılaşmadığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır». Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göründüyü kimi, cavabdeh onun xəbəri və razılığı olmadan iddiaçının adına əmək müqaviləsi bağlanmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion hüquqları pozulmuşdur. Belə ki, iddiaçı rəsmi olaraq işləyən şəxs hesab olunduğuna görə ona sosial müavinətin verilməsi dayandırılmışdır. İddiaçı isə həmin müavinətin əsasında bir təhər öz dolanışığı təmin edirdi. Həmin müavinətin kəsilməsi iddiaçının maddi vəziyyətinə olduqca pis təsir etmişdir. Göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 14.02.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin hazırlanıb İddiaçı verilməsi və elektron informasiya sisteminə 14.02.2018-ci il tarixli əmək müqaviləsinə xitam veridməsinə dair bildirişin daxil edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı iş yerindən heç bir xəbəri yoxdur, müavinatı kəsiləndən sonra xəbər tutmuşdur. Odur ki, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan SCZGJHN000100 saylı, 22.09.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş 20.09.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, X.Asanova 14.02.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “X6» MMC-yə baş aşbaz vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 710 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.04.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, müraciətin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanunununtələblərinə uyğun olaraq araşdırılması ilə bağlı İddiaçı aid olan sənədlərin təqdim olunması məqsədilə Cavabdeh MMC-nin rəhbərliyinə 10.03.2021-ci il tarixli, **********2 saylı məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirirlər ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacaqdır. Qeyd olunanlarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının xəbəri və razılığı olmadan onunla Cavabdeh MMC arasında 14.02.2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “baş aşbaz” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmış və əmək haqqı 710 manat məbləğində müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, hazırki vaxtadək tərəflər arasında bağlanmüş əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin hazırlanıb iddiaçıya verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Odur ki, iddiaçı 14.02.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia verməkdə haqlı olmuş və iddiaçının iddia tələbi təmin edilərək onunla bağlanmış 14.02.2018-ci il tarixli müqaviləyə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işəgötürən iddiaçının xəbəri və razılığı olmadan onu qeyri-qanuni işə götürmüşdur. İddiaçı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İşəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin hazırlanıb iddiaçıya verilməsi tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə onuda qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14.02.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmr İddiaçı Cavabdeh MMC tərəfindən təqdim edilməli, 14.02.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə yerləşdirilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14.02.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. 14.02.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Cavabdeh MMC tərəfindən İddiaçı təqdim edilsin. 14.02.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə yerləşdirilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. Cavabdeh MMC qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4695/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-4695/2021
17.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver