Məhkəmə qərarları › İş №2(006)-471/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-471/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-471/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X8 iştirakı ilə X1 Cavabdeh ASC-yə qarşı «ümumi borcun məbləğinin 112,12 manat məbləğində müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Cavabdeh ASC-yə qarşı «ümumi borcun məbləğinin 112,12 manat məbləğində müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC iddiaçıya qarşı əsas kredit borca görə 768 ABŞ dolları, hesablanmış faiz borcuna görə 374 ABŞ dolları məbləğində pul olmaqla, cəmi 1142 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 10 manat məbləğində pulun məcburi qaydada alınıb Cavabdeh ASC-nin hesabına ödənilməsi əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəyə minmiş Quba rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1644/2011 saylı məhkəmə əmri ilə iddiaçıdan əsas kredit borca görə 768 ABŞ dolları, hesablanmış faiz borcuna görə 374 ABŞ dolları məbləğində pul olmaqla, cəmi 1142 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 10 manat məbləğində pulun məcburi qaydada alınıb Cavabdeh ASC-nin hesabına ödənilməsi əmri verilmişdir. İddiaçı hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1644/2011 saylı məhkəmə əmri ilə ondan əsas kredit borca görə 768 ABŞ dolları, hesablanmış faiz borcuna görə 374 ABŞ dolları məbləğində pul olmaqla, cəmi 1142 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 10 manat məbləğində pulun məcburi qaydada alınıb Cavabdeh ASC-nin hesabına ödənilməsi dəyişdirilərək xx.xx.2019-cu il tarixə Cavabdeh ASC-nə onun borcunun 652,12 manat məbləğində təşkil etdiyi fakt müəyyən olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh ASC tərəfindən verilmiş elektron hesabat çıxarışına əsasən xx.xx.2019-cu il tarixə cavabdehə olan iddiaçının əsas borcu 383,60 ABŞ dolları və 790,13 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 1173,73 ABŞ dolları məbləğində borcu qalıb. İddia ərizəsinə əlavə edilmiş Maliyyə X13nın elektron portalından əldə edilmiş elektron hesabat məlumatından götürdüyü kimi, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı əsasında Maliyyə X13 tərəfindən hesablanmış və xx.xx.2019-cu il tarixə Cavabdeh ASCnə iddiaçının borcunun 652,12 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 12062020tl saylı ödəniş qəbzindən göründüyü kimi, iddiaçının anası X17 xx.xx.2020-ci il tarixdə iddiaçıya aid kredit müqaviləsi üzrə № **********840 saylı hesab nömrəsinə 50 manat (30,5 ABŞ dolları) məbləğində pul vəsaiti köçürmüşdür. Cavabdeh təşkilatın xx.xx.2020-ci il tarixli elektron çıxarışından göründüyü kimi, iddiaçının əmək haqqından 500 manat məbləğində pul tutularaq cavabdehin hesabına köçürülmüşdür.Həmin faktlardan göründüyü kimi, iddiaçının cavabdehə borcu ilə bağlı Azərbaycan Respublikasında Maliyyə X13 tərəfindən hesablanmış xx.xx.2019-cu il tarixə Cavabdeh ASC-nə olan 652,12 manat məbləğində iddiaçının borcunun 550 manat hissəsi cavabdehin hesabına köçürülmüşdür. Həmin əsasla iddiaçının cavabdehə olan borcu 102,12 manat təşkil edir.Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunun tələbinə əsasən iddiaçı 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. Göründüyü kimi, cavabdehin günahı səbəbindən ona 20,40 manat dəyərində zərər dəymişdir. Göstərilənlərə əsasən Quba rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1644/2011 saylı məhkəmə əmri ilə ondan əsas kredit borca görə 768 ABŞ dolları, hesablanmış faiz borcuna görə 374 ABŞ dolları məbləğində pul olmaqla, cəmi 1142 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 10 manat məbləğində pulun məcburi qaydada alınıb Cavabdeh ASC-nini hesabına ödənilməsi hissəsində, bu günə cəmi borcun 102,12 manat və 10 manat məbləğində dövlət rüsumuna görə 10 manat olmaqla ümumi borcun 112,12 manat məbləğində olduğu müəyyən edilməsi, 20,40 manat məbləğində zərərin əvəzinə 20,40 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X15 iddiaçının iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X15 hal hazırda iş üzrə iddiaçının banka heç bir borcunun olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1644/2011 saylı, xx.xx.2011-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclu X6 əsas kredit borcuna görə 768 ABŞ dolları, hesablanmış faiz borcuna görə 373 ABŞ dolları məbləğində pul olmaqla, cəmi 1142 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 10 manat məbləğində pul məcburi qaydada alınıb Cavabdeh ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, X18 tərəfindən X2 müqaviləsi üzrə 30,50 ABŞ dolları pul məbləği köçürülmüşdür. İş materiallarında olan Cavabdeh ASC-nin ödəniş qəbzindən görünür ki, X3 müqaviləsi üzrə 500 manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin hesabdan çıxarışından görünür ki, İddiaçı **********840 saylı hesab nömrəsilə bağlı son qalıq məbləği 0,00 azn təşkil edir. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışdan görünür ki, X11 Cavabdeh ASC ilə bağlanmış kredit müqaviləsi üzrə 652,12 manat kompensasiya məbləği hesablanmışdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən Quba rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, borclu X14 xx.xx.2011-ci il tarixli, 2(027)-1644/2011 saylı qətnaməsi üzrə borcunu tam yerinə yetirdiyinə görə «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə 20.1.5-ci maddəsinə əsasən işə xitam verilməsini (görülmüş məcburi icra tədbirlərinin ləğv olunmasını) xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə və iddiaçının nümayəndəsi Maral Nuriyevaya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ASC ilə vətəndaş X7 Nuriyeva arasında rəsmiləşdirilmiş xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 33% olmaqla, 24 ay müddətinə 845 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrası lazımınca yerinə yetirilmədiyindən bank tərəfindən Quba rayon Məhkəməsinə müraciət etmiş və müvafiq məhkəmə tərəfindən 768 ABŞ dolları məbləğində əsas borc və 374 ABŞ dolları məbləğində faiz borcu daxil olmaqla ümumilikdə 1142 ABŞ dolları məbləğində borcun və 10 manat məbləğində dövlət rüsumunun borcalan G.Nuriyevadan tutularaq bankın xeyrinə ödənilməsi ilə bağlı xx.xx.2011-ci il tarixli, 2(027)-1644/2011 saylı məhkəmə əmri verilmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli Fərmana əsasən vətəndaşın xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına 652.12 manat məbləğində kompensasiya ayrılmışdır. Hesablanmış kompensasiya məbləği bütünlükdə vətəndaşın banka 10 gündən artıq gecikməsi olan kredit borcunun azaldılmasına yönəldilmişdir.Bundan sonra onun xx.xx.2019-cu il tarixinə qalıq əsas kredit borcu 652,12 manat (xarici valyutada 383,60 ABŞ dolları) təşkil etmişdir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlara əsasən Fərman imzalandığı tarixə vətəndaş tərəfindən xx.xx.2011-ci il tarixli, 2(027)-1644/2011 saylı məhkəmə əmri üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası» təsdiq edilmişdir. Qaydanın 5.2.2-ci bəndinə əsasən əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borclarının kompensasiyanın əsas kredit borcu nisbətdə müvafiq olaraq, dəbbə pullarının isə tam məbləğdə silinməsi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq bank tərəfindən məhkəmə əmri üzrə müəyyən edilən 374 ABŞ dolları məbləğindəki faiz borcunun Qaydaya uyğun olaraq silinməsi aparıldıqdan sonra xx.xx.2019-cu il tarixinə faiz borc məbləği 187 ABŞ dolları təşkil etmişdir. Məhkəmə əmri üzrə müəyyən edilmiş borc məbləği Fərman tarixindən sonra vətəndaş tərəfindən xx.xx.2020-ci il tarixdə tam şəkildə icra edildiyindən bank tərəfindən məhkəmə işi üzrə icraata xitam verilməsi ilə bağlı Quba rayon İcra və Probasiya şöbəsinə xx.xx.2020-ci il tarixində məktub göndərilmişdir. Məhkəmə əmri üzrə artıq tutulmuş 191,92 ABŞ dolları məbləğindəki vəsait bank tərəfindən vətəndaş G.Nuriyevanın hesabına mədaxil edilmiş və məxaric edə biləcəyi barədə məlumat verilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh qarşısında heç bir öhdəliyi yoxdur. Həmçinin, iddiaçıya dövlət tərəfindən 652,12 manat kompensasiya məbləği hesablanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı borcun məbləğinin müəyyən edilməsi ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hazırki mülki işin gedişatı zamanı iddiaçı məhkəməyə iddiada göstərdiyi halları təsdiq edən heç bir mötəbər dəlil təqdim edə bilməmiş, mülki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədlər isə bu faktın əksini deməyə əsas vermişdir. X23 Məhkəməsi "X5rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, X1 Cavabdeh ASC-yə qarşı «ümumi borcun məbləğinin 112,12 manat məbləğində müəyyən edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdeh ASC-yə qarşı «ümumi borcun məbləğinin 112,12 manat məbləğində müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar