Məhkəmə qərarları › İş №2(006)-4711/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4711/2024

23.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4711/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi, işdənçıxmaya görə kompensasiyanın (müavinətin) verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi, işdənçıxmaya görə kompensasiyanın (müavinətin) verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixdə 13-1-24/3-10-33001/2023 saylı əmrinin etibarsız hesab edilməsi və onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi və ya onun əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Azərbaycan Dəmir Yolçuların X2 arasında 2023-2025-ci il tarixli X7 4.6.2-ci yarımbəndinə əsasən müəssisə daxili qaydalara əsasən əmək haqqının 5 (beş) misli miqdarında və həmin Sazişin 4.8-ci yarımbəndinə əsasən tarif maaşının 1 misli miqdarında müavinətin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1977-ci ilin avqust ayında Azərbaycan Respublikası Dəmir Yolları İdarəsində (sonradan Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir) işə qəbul olunmuş və fasiləsiz olaraq 2023-cü ilin dekabr ayına kimi müxtəlif vəzifələrdə - fəhlə, briqadir, mühəndis, yol nizamlayıcısı (dispetçer) vəzifələrində çalışmış, işlədiyi müddətdə hər hansı bir nöqsanı olmamış, əksinə yaxşı işlədiyi üçün daim mükafatlandırılmışdır. Hazırda onun əmək qabiliyyətinin yüksək olmasına baxmayaraq, onunla əmək müqaviləsinə xitam verilmiş və bildirilmişdir ki, onun yaşı 66-dan çoxdur. Qeyd edir ki, o, işlədiyi müəssisədə bir çox işçilərin yaşı 70-dən çox olmasına baxmayaraq, lakin onlarla əmək müqaviləsinə xitam verilmədiyi halda, onunla əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Nəzərə alınmalıdır ki, o, pensiyaya çıxmasına baxmayaraq, lakin aldığı pensiya onun təlabatını ödəmir və işlədiyi məssisədə aldığı əmək haqqı ilə dolanmışdır. Qeyd edir ki, Səhmdar Cəmiyyətin daxili qaydalarına əsasən yaşa görə işdən azad olunan işçilərə aylıq əmək haqqının beş misli miqdarında və həmin müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı isə işçiyə əmək haqqının iki misli miqdarında kompensasiya ödədiyi halda, lakin onun işdən azad olunması münasibəti ilə nə müəssisə, nə də Həmkar Komitəsi ona hər hansı bir formada kompensasiya ödəməmişdir. Sonradan məlum olmuşdur ki, cəmiyyət onu normal olaraq bir il işdə saxlamış və sonradan yaşının çox olması adı ilə, ona kompensasiya (müavinət) verilməsindən imtina etmişdir. Ona görə hesab edir ki, əvvəla onun fiziki və zehni fəaliyyətinin yüksək olmasına baxmayaraq, müəssisə daxili qaydalara əməl edilmədən və ona kompensasiya verilmədən işdən azad edilməyi əsassızdır. Bununla bağlı onun çoxsaylı müraciətlərinə və işə bərpa edilməsi barədə şikayətinə baxan olmamışdır. Hesab edir ki, cavabdeh "xxxx" QSC-nin onun işdən azad edilməsi barədə gətirilən dəlillər əsassız və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud pozuntusu ilə müşahidə olunduğundan cavabdehin xx.xx.2023-cü il tarixili 369/k nömrəli əmri etibarsız hesab edilməli, işə bərpa edilməlidir və məcburi boşdayanmaya görə ona əmək haqqının ödənilməsi və ya onun işdən azad olunması ilə əlaqədar daxili qaydalarla ona ödənilməli kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Əvvəla, onun əmək funksiyasını yerinə yetirməməsi və tutduğu vəzifəyə uyğun olmaması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndi ilə («b») əmək müqaviləsinin müddətinin qurtarması adı ilə işdən azad olunması əsassızdır. Cəmiyyətin rəhbərliyi onun işdən azad edilməsini, onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğu əsaslandırmalı idi. İşdən azad olunması barədə əmrin surətini tələb etməsinə baxmayaraq, lakin əmrin surəti ona təqdim edilməmişdir. Onun işdən azad edilməsinin əsaslandırılması ona aydın olmamışdır. Bu səbəbdən, onun işdən azad edilməsi barədə verilmiş əmr Əmək Məcəlləsinin tələbinin kobud şəkildə pozulması hesab olunur. İkincisi, Əmək Məcəlləsinə əsasən işçinin işdən azad edilməsi barədə məsələ müzakirə edilərkən bu barədə onu dəvət etməli olduğu halda, lakin onun işdən azad olunması ilə əlaqədar izahatı alınmamış və müqavilənin başa çatması ilə əlaqədar onun işdən azad olunması barədə heç bir bildiriş verilməmişdir. İşdən azad olunması barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Lakin, onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Azərbaycan Dəmiryolçuların X2 arasında 2023-2025-ci il tarixli X7 4.6.2ci yanmbəndinə əsasən o, yaşa görə işdən azad olunduğu halda əmək haqqının beş (5) misli miqdarında və həmin sazişin 4.8-ci yarımbəndinə əsasən X2 tarif (vəzifə) maaşının 1 misli miqdarında müavinət ödənilməli olduğu halda bu edilməmişdir. Onun işdən azad olunması üçün əsas olmuş təqdimatların hüququ əsası yoxdur. Belə ki, onun işdən azad olunması barədə təqdimatda göstərilən halların heç biri ona aid deyildir. O, müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməmişdir. O, işlədiyi 44 ildən çox müddətdə daimi Cəmiyyətdən mükafatlandırılmış və cəmiyyətin mənafeyinə zidd hər hansı bir qeyriqanuni hərəkət etməmişdir. Lakin onun işdən azad edilməsi barədə verilmiş və Əmək Kitabçasına yazılmış mətndən müəyyən etmək olur ki, Cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər-hansı bir sübutla əsaslandırmamış və bu barədə onun fikrini aydınlaşdırmamış və sadəcə müqavilənin müddətini bitməsini əsas götürmüşdür. «Cəmiyyət» onun işdən azad edilməsi ilə əlaqədar əmr verərkən, onun maddi vəziyyətini, işə ehtiyacının olmasını, heç bir nöqsanının olmamasını nəzərə almamışdır. O, işdən azad olunduğu halda onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etməmişlər. İşlədiyim Cəmiyyətdə çox saylı işçilər vardır ki, həmin şəxslərin yaş həddi ondan çoxdur. Ona görə hesab edir ki, onun işdən azad edilməsi konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərziəsinə əsasən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə xitam verilmişdir. Yəni, ADY-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmri tam qanuni və əsaslıdır. Həmçinin, iddiaçı qeyd edir ki, 2023-2025-ci illər üçün X4 4.6.2-ci bəndinə əsasən tarif maaşının 5 (beş) misli və 4.8-ci bəndinə əsasən tarif maaşının bir misli məbləğində ona ödəniş olunmalı idi. Qeyd olunmalıdır ki, 2023-2025-ci illər üçün X4 4.6-cı maddəsinə əsasən bağlanmış «əmək müqaviləsinin ləğv edilməsinə dair əlavə razılaşma»ya əsasən əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv edən işçilərə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinət qanunvericiliklə müəyyən edilən qaydada əmək pensiyası hüququ verən yaş həddinə çatan işçilərə pensiya yaşına çatdığı (əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edildiyi) tarixdən 30 iş günü müddətinə verilir. İddiaçı xx.xx.1955-ci il təvvəlüdlü olduğundan, pensiya yaşına xx.xx.2020-ci ildə çatmış, əmək müqaviləsinin öz təşəbbüsü ilə ləğv edilməsi barədə ərizəsini isə xx.xx.2023-cü il tarixdə yazmışdır. Bu səbəbdən Kollektiv sazişinin 4.6-cı maddəsi İddiaçı şamil edilməyib. Kollektiv Sazişinin 4.6-cı maddəsi İddiaçı şamil edilmədiyindən 4.8-ci maddə də şamil oluna bilməz. Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunsa da, məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda 1 ay ərzində qanunsuz hesab etdiyi əmrin ləğvi barədə məhkəməyə müraciət etməmişdir. Bununla da iddia müddətini ötürmüşdür. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin gündən işçi işə gəlməmiş, yəni əmək müqaviləsinə xitam verildiyi ona məlum olmuşdur. Eyni zamanda, İddiaçı hüquqlarının pozulması barədə 23.01,2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət etmişdir. ADYyə mediasiya təklifi yalnız xx.xx.2024-cü ildə göndərmiş, xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əldə etmiş, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Diqqət yetirildikdə və tarixlər hesablandıqda görünür ki, iddiaçı 1 ay iddia müddətini ötürmüşdür. Məhkəmədən, əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə işəgötürən "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 028 saylı əmək müqaviləsinə əsasən İddiaçı QSC-nin İnfrastruktur departamentinin Yol xidmətinin Texniki istehsalat şöbəsində yol dispetçeri işləmişdir. - 25 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı QSC-nin İnfrastruktur departamentinin Yol xidmətinin rəisi Ş.Talıbova müraciət edərək, öz xahişi ilə işdən azad olunmasını xahiş etmişdir. - Əmək müqaviləsinin ləğv edilməsinə dair 29 dekabr 2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş, onunla son haqq-hesabın aparılması İnsan resursları bölməsinə tapşırılmış, işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyət günlərinin sayının 47 gün olduğu qeyd edilmişdir. İşəgötürən tərəfindən iddiaçı ilə son haqq-hesab aparılaraq elə həmin tarixdə - 29 dekabr 2023-cü ildə sonuncuya 2.675 manat 60 qəpik ödəniş edilmişdir. - İddiaçının işəgötürənə, eləcə də, X5 Xidmətinə müraciətlərindən görünür ki, o, əmək hüquqlarının pozulduğunu bildirmiş, ona X4 4.6.2 və 4.8-ci bəndlərinə əsasən tarif (vəzifə) maaşının 5 (beş) misli və 4.8-ci yarımbəndinə əsasən tarif (vəzifə) maaşının 1 (bir) misli məbləğində birdəfəlik müavinətin verilmədiyindən şikayət etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 19 aprel 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 23 yanvar 2024-cü il tarixli müraciətinə baxılaraq, araşdırmanın nəticəsi barədə iddiaçıya ətraflı məlumat verilmiş, məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. - Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli MŞB/8/2024-01912 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixə saat 11:00-11:30-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə həmin sessiyaya gəlməmişdir. Bu səbəbdən, ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçtkargüzarlıq xərci ödənilmişdir. İddia tələbindən görünür ki, iddiaçı iki tələb irəli sürmüş və bu tələblərdən hər hansı birinin təmin edilməli olmasını məhkəmənin səlahiyyətinə buraxmışdır. Başqa sözlə, iddiaçı iki tələbdən hər hansı birinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, tələblərin bir-biri ilə hüquqi əlaqəsi olmamaqla hər biri ayrılıqda müstəqil nəticə yaradır. Yəni, birinci tələbində iddiaçı işdən azad edilməsi barədə əmrin etibarsız sayılmasını, bu mümkün olmadıqda isə əmək münasibətinə xitam verilməsi ilə əlaqədar ödənilməli olan müavinatın düzgün hesablanmamasını mübahisələndirir. İddiaçının iddia tələblərinin konkret olmalı olması nəzərinə çatlırılmaqla məhkəmə iclasında ona tələbini dəqiqləşdirilməsi təklif edilsə də, tələb dəqiqləşdirilmədiyindən məhkəmə prosessual qənaət prinsipini əsas tutmaqla hər iki tələbə ayrılıqda hüquqi qiymət verilməli olmasını hesab etmişdir. İddiaçı iddia tələbində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndi ilə («b») əmək müqaviləsinin müddətinin qurtarması adı ilə işdən azad olunmasının əsassızlığını və bu barədə olan əmrin etibarsız hesab edilməsini onunla əsaslandırmışdır ki, Cəmiyyətin rəhbərliyi onun işdən azad edilməsini, onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğunu əsaslandırmamış, işdən azad olunması barədə əmrin surətini tələb etməsinə baxmayaraq, əmrin surəti ona təqdim edilməmiş, onun işdən azad edilməsinin əsaslandırılması ona aydın olmamışdır. Bu səbəbdən, onun işdən azad edilməsi barədə verilmiş əmr Əmək Məcəlləsinin tələbinin kobud şəkildə pozulması hesab olunur. Onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Bu səbəbdən, onun işdən azad edilməsi barədə verilmiş əmr Əmək Məcəlləsinin tələbinin kobud şəkildə pozulması hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir - 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının əmrin etibarsızlığı ilə bağlı izahatı özüözlüyündə iddiasının bu hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tərəflərin izahatları və iş materiallarına əsasən iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz (etibarsız) olması və barəsində verilən əmrin əsaslandırılmadan işdən çıxarılmağı barədə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsi məhz özünün bu barədə xahişi əsasında olmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə imzaladığı ərizəsini cavabdehə təqdim edərək öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşəgötürən həmin ərizəni nəzərə alaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Yəni, iddiaçı ilə əmək müqaviləsinə iddia ərizəsində göstərdiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə, yəni, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin (69-cu maddəsinin) tələbləri pozulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı barəsində verilmiş əmrin etibarsızlığını xahiş etsə də, ərizəsinin məzmununda sadaladığı hallar əslində əmrin ləğvi ilə bağlı hallardır ki, buna dair tələb olmasa da araşdırma zamanı əmrin ləğv edilmə əsasları da müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, əmrin etibarsız sayılması üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar da hazırki işdə müəyyən edilməmişdir. Belə ki, əmrin etibarsız sayılmasının əsasları Əmək Məcəlləsinin 84-cü maddəsində sadalanmışdır. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilmişdir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən Əmək qanunvericiliyinə riayət etməklə, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Həmçinin iddiaçı tələbində həm də cavabdeh tərəfindən 2023-2025-ci illər üçün X4 4.6.2-ci və 4.8-ci yarımbəndlərinin tələblərinə əməl edilməməsini də göstərmidir. Məhkəməyə təqdim olunmuş 2023-2025-ci illər üçün X4 4.6-cı yarımbəndindən görünür ki, bağlanmış «əmək müqaviləsinin ləğv edilməsinə dair əlavə razılaşma»ya əsasən əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv edən işçilərə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinət qanunvericiliklə müəyyən edilən qaydada əmək pensiyası hüququ verən yaş həddinə çatan işçilərə pensiya yaşına çatdığı (əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edildiyi) tarixdən 30 iş günü müddətinə verilir. Sözügedən müqavilənin 4.8-ci yarımbənddən isə görünür ki, əmək pensiyası hüququ verən yaş həddinə çatması ilə əlaqədar öz təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilən Azərbaycan dəmir yollarında iş stajı 20 ildən artıq olan işçiyə bu Sazişin 4.6.2-ci yarmbəndində müəyyən edilən haldan əlavə Cəmiyyət tərəfindən onun tarif (vəzifə) maaşının bir misli məbləğində əlavə birdəfəlik müavinət verilir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı xx.xx.1955-ci il təvvəlüdlüdür, pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatmışdır. Öz xahişi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə işəgötürənə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, belə olduğu təqdirdə, həmin sazişin 4.6-cı bəndi, eləcə də 4.8-ci bəndi iddiaçıya şamil oluna bilməz. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən yaş həddi Sazişin qeyd olunan yarımbəndlərinin tələblərinə uyğun gəlməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2023-cü ildə 2675,60 manat son haqq-hesab ödənilmişdir. Məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı cavabdeh tərəfindən 2023-2025-ci illər üçün X4 4.6.2-ci və 4.8-ci yarımbəndlərinin tələblərinə əməl edilməməsini göstərməsi də onun işdən azad edilməsi ilə razılaşmasının göstəricisi hesab edilə bilər. Belə ki, sözügedən Sazişin qeyd edilən bəndlərində bağlanmış «əmək müqaviləsinin ləğv edilməsinə dair əlavə razılaşma»ya əsasən əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv edən işçilərə hansı məbləğdə birdəfəlik müavinət verilməsini tənzimləyir. Məhkəmə cavabdeh tərəfin Əmək Məcəllənin 296.2-ci maddəsinə əsasən iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Məhkəmə iddianın mübahisələndirilən əmrin etibarsız hesab edilməsi hissəsinin təmin edilməməsi nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsinin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi, işdənçıxmaya görə kompensasiyanın (müavinətin) verilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi, işdənçıxmaya görə kompensasiyanın (müavinətin) verilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar