Məhkəmə qərarları › İş №2(006)-4728/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4728/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4728/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.900 manat maddi ziyanın cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, kəndlərinin əhalisi yarı işğal zonasında təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. O da, çətinliklə də olsa ailəsini kəndlərinin mal-qarasını otarmaqla dolandırır. Lakin, 2019-2020-ci illərdə dalbadal 2 il cavabdehin təqsiri ucbatından ona ayrı-ayrılıqda 1-ci dəfə 1.300 manat, 2-ci dəfə 1.600 manat, cəmi isə 2.900 manat ziyan dəymişdir ki, bunun da təmas xəttində çətinliklə dolanan ailəyə ciddi maddi ziyanı olmuşdur. Belə ki, o, kəndlərinin mal-qarasını otarmağa gedərkən 20.09.2019-cu il tarixdə, biri isə 24.08.2020-ci il tarixdə olmaqla, təxminən diri çəkisi 250 kq və 300 kq olmaqla qiymətləri müvafiq olaraq 1.300 manat və 1.600 manat olan iki inəyi elektrik cərəyanı vurub öldürmüşdür. Hesab edir ki, qüvvədə olan Əmək Mühafizəsi qaydalarına görə cavabdeh idarə kəndə qoyduğu elektrik transformatorunun ətrafına dəmir barmaqlıqdan ibarət qoruyucu zolağı çəkməli olduğu halda, çəkməmişdir. Ona görə də, yuxarıda göstərdiyi tarixlərdə, ayrı-ayrı vaxtda onun otardığı naxırdan 2 inəyi elektrik cərəyanı vuraraq öldürmüşdür. Birinci inək Elgün adlı dostunun idi və o, heyvanı cərəyan vurandan sonra, orada olmuş oğlu sağ qaldığı üçün dostluqları xatirinə və uşaq sağ qaldığına görə həmin inəyin pulunu ondan istəməmişdir. Lakin o, 1 il olar ki, dostunu görərkən utandığından nə edəcəyini bilmir. Elgünə dəyən zərərin ödənilməsini özünə borc bilir. Təəssüf ki, dostunun ölmüş inəyinin yerinə inək, yaxud pul verməyə maddi imkanı yoxdur. İkinci inək isə həmkəndlisi Misirov Yaşarın inəyi olmuşdur. O, bu barədə sahə polis müvəkkilinə şikayət etmişdir. Sahə polis müvəkkili Ramiq Babayev isə onun inəyini ölmüş inəyin əvəzinə ondan alaraq Yaşara vermişdir. Cavabdeh ona dəyən zərəri – 1.300 manat + 1.600 manat = 2.900 manat pulu ödəməyə borcludur. Sonradan, İddiaçı ərizəsinə əsasən əsl olmayan iddiaçı kimi o, əsl iddiaçı olan X6 ilə əvəz edilmişdir. İddiaçı X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır və mal-qaranın müvafiq ərazidə olması nəticəsində dəymiş zərər üçün "xxxx" ASC məsuliyyət daşımır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (24.08.2020-ci il tarixdə tərtib edilmiş akt, transformatorun yerləşdiyi və iribuynuzlu mal-qaranın elektrik cərəyanı vurduqdan sonra tələf olaraq qaldığı ərazinin fotogörüntüsü) görünür ki, aktı imzalayan şəxslər vətəndaş X4 məxsus bir baş qara-şabalıdı rəngli (boğaz) iribuynuzlu mal-qaranın Yuxarı Kürdmahmudlu kəndi ilə Haramı kəndi arasındakı örüş sahəsinin kənarında artezian quyusunun yanında olan transformatorda elektrik cərəyanı vurması nəticəsində tələf olmasına dair ətraflı akt tərtib etmişlər. Tələf olmuş mal-qara bilavasitə elektrik transformatorunun yaxınlığında olmaqla, onu elektrik cərəyanı vurmuşdur. Mal-qaranın elektrik transformatorunun yanında tələf olmasına gətirib çıxaracaq həmin transformatordan başqa digər yüksək təhlükə mənbəyi yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən ərazidə olan elektrik transformatoru saz vəziyyətdə saxlanmamış, təhlükəsizlik qaydalarına riayət edilməmiş və aidiyyatı qurğularla bağlı texniki istismar qaydalarının, aidiyyatı təlimatların tələbləri pozulmuşdur. Nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın həcminə gəldikdə, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyan 1.000 manat həddindədir. Belə ki, Beyləqan Rayon Mal Satışı Bazarının müdiri X1 tərəfindən verilmiş Məhkəmənin 2(006)-4728/2021-ci il tarixli sorğusuna cavab məktubundan göründüyü kimi, hazırda 6 yaşlı sağlam, diri çəkisi 250 kiloqram olan inəyin qiyməti (yerli cinsli) 900 (doqquz yüz) manat, yerli cinsli sağlam diri çəkisi 300 kiloqram olan inəyin qiyməti isə 1000 (min) manatdır (8 yaşında olan inək min manatdır). İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh aidiyyatı qurğuda təhlükəsizliyə riayət olunmasını təmin və buna nəzarət etməmiş, elektrik cərəyanı vurması nəticəsində mal-qara tələf olmuş və iddiaçıya 1.000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi 1.000 manat maddi ziyanın vurulmasına dair hissədə əsaslıdır və iddiaçıya vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 1.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı ona daha artıq maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəməyə Elgün adlı şəxsin soyadı, adı, atasının adı, qeydiyyatda olduğu (yaşadığı ünvan) bildirilməməklə yanaşı, həmin şəxsə mal-qarasının transformatorun yanında elektrik cərəyanı vurması nəticəsində tələf olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, həmin şəxs ikinci iddiaçı kimi hazırkı iş üzrə cəlb edilməmişdir. Məhkəmə izah edir ki, həmin şəxs müvafiq sübutları təqdim etməklə, pretenziya qaydasına riayət etdikdən sonra, aidiyyatı cavabdeh şəxsə qarşı müstəqil şəkildə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 1.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar