Məhkəmə qərarları › İş №2(006)-4732/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4732/2020

16.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4732/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin azyaşlı övladları və əşyaları ilə birlikdə evdən məcburi çıxarılması tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 85A-dan bütün əşyaları və azyaşlı övladları xx xxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X3 ilə birlikdə məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur. Cavabdeh onunkeçmiş gəlinidir. Belə ki, cavabdehin onun oğlu X4 ilə cavabdehin arasında olan nikah xx xxxx 2019-cu il tarixdə pozulmuş, onların birgə nikahdan xx xxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Cavabdeh Nəsimi rayon Məhkəməsinə ona qarşı ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh azyaşlı övladları xx xxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə etməyə maneəçiliyin törədilməsi cavabdehə qadağan edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə aktlarından da göründüyü kimi cavabdehin mübahisəli ünvan 1 ünvanında yerləşən evə hüquqları tanınmamış və onun evə köçürülməsi barədə verdiyi iddia tələbi rədd edilmişdir. Belə ki, cavabdehlə oğlu Ələkbər Əliyev arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bölünərək hər birinə ikidə bir hissədə pay hüquqları tanınmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonra o, iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 978 saylı xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bərdə rayonu, Türkmən kəndində qeydiyyatda olmasına baxmayaraq, faktiki Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 85A-da qeydiyyatsız yaşayır. İş materiallarından görünür ki, Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)-5843/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı Cavabdeh azyaşlı övladları xx xxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxx 2015-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə etməyə maneçiliyin törədilməsi cavabdehə qadağan edilməsi qət edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-1179/20 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)-5843/2019 saylı qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-3843/2020 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-1179/20 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu mad) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı xüsusi mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin çıxarılmasın tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərara əsasən “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”. Göründüyü kimi, tərəflərin arasında olan mübahisə 2000-ci il sentyabr ayının 1-dən sonra yaranmış və bu səbəbdən də həmin mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair” xx xxx 2008-ci il tarixli qərarına əsasən, “MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Göründüyü kimi, cavabdehin iddiaçı ilə notarial qaydada təsdiq edilmiş və Dövlət Reyestr Xidmətindən qeydiyyatdan keçmiş razılaşması mövcud olmadığına görə, onun həmin yaşayış sahəsinə istifadə hüququ yaranmır. Tərəfin izahatından və işin faktiki hallarıdan aydın olur ki, cavabdehin yuxarıda qeyd olunan Qanunların və Beynəlxalq aktların tələblərini pozaraq, iddiaçının mülkiyyətində olan evdə qalması, iddiaçının öz əmlakından sərbəst surətdə istifadə etmək, əmlaka sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və bununla da onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Odur ki, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 85A-dan bütün əşyaları və azyaşlı övladları xx xxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X3 ilə birlikdə məcburi çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 85A-dan bütün əşyaları və azyaşlı övladları xx xxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X3 ilə birlikdə məcburi çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar