Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-474/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19.05.2015-ci il tarixli, 148080-CNS-17382 saylı «Girovlu istehlak krediti müqaviləsi”nə əsasən Cavabdeh1 istehlak məqsədilə illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə, 13.500 (on üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış “19.05.2015-ci il tarixli, 148080-CNS-17382 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı Razılaşmaya əsasən Cavabdeh1 16 oktyabr 2018-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 15124,40 manat məbləğində olan borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 55 (əlli beş) ay müddətinə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,6 kv.m ümumi, 16,7 kv.m yaşayış, 11,9 kv.m köməkçi sahədən ibarət 86 nömrəli mənzil 19.05.2015-ci il tarixli 148080-NEDVİJ-3680 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin, “Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında “19.05.2015-ci il tarixli, 148080-NEDVİJ-3680 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə» 01 saylı 16.10.2018-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəlikləri 20 dekabr 2019-cu il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 12575,74 manat məbləğində əsas borc, 1.247,09 manat məbləğində faiz borcu, 228,29 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 14051,12 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19.05.2015-cü il tarixli, 148080-CNS-17382 saylı kredit müqaviləsinə əsasən 09 iyun 2020-ci il tarixə Banka borclu olduğu 12575,74 manat məbləğində əsas borc, 1.247,09 manat məbləğində faiz borcu, 228,29 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 14051,12 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 48.000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh1 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,6 kv.m ümumi, 16,7 kv.m yaşayış, 11,9 kv.m köməkçi sahədən ibarət 86 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və vəsaitdən qeyd edilən tutulmalı olan pul məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər və bildirmişlər ki, krediti götürəndən sonra bir müddət ödənişlər etmişlər, lakin sonra çətin maddi duruma düşdüyündən ödənişlər edə bilməmiş, Bank isə onlara heç bir güzəşt etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2015-ci il tarixli, 148080-CNS-17382 saylı girovlu istehlak kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 25% faiz ödəmək şərtilə 13500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarındakı İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2015-ci il tarixli “daşınmaz əmlak ipoteka müqaviləsi”ndən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,6 kv.m ümumi, 16,7 kv.m yaşayış, 11,9 kv.m köməkçi sahədən ibarət 86 nömrəli mənzil öhdəliklərin təminatı kimi İddiaçı ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmetinin qiyməti 57.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 18.10.2018-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1, mənzil 86 İddiaçı ASC-nin “Əcəmi” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan "Bank VTB (Azərbaycan)” ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan İddiaçı ASC -nin Cavabdeh1 ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 12.575,74 manat əsas kredit borcu, 1247,09 manat faiz borcu, 228,29 manat cərimə borcu, cəmi 14051,12 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 10.08.2021-ci il tarixli, H/01-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., 20 Yanvar küçəsi, ev 32, mənzil 86-nın likvid dəyəri 48.000 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3077 saylı, 14 iyun 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 19.05.2015-ci il tarixli, 1480**-CS-***82 saylı “Girovlu istehlak krediti müqaviləsi”ndə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 09 iyun 2020-ci il tarixinə (maliyyə arayışı tarixə) Banka olan borcu 13.817,50 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 12.561,36 manat, faiz borcu üzrə 1256,14 manat məbləğində olması müəyyən edilmişdir. 19.05.2015-ci il tarixli, 1480**-CS-***82 saylı “Girovlu istehlak krediti müqaviləsi” üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Ekspert tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqavilələrinin şərtlərinə müvafiq qaydada ipoteka predmetləri olan ünvan 1, mənzil 86-ya yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti "xxxx" MMC-nin 10.08.2021-ci il tarixli, H/01-PLS saylı qiymətləndirmə hesabatında göstərildiyi həcmdə - likvid dəyəri 48.000 manat müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 qaytarılmalıdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi ekspert rəyində Cavabdeh1 banka 12.561,36 manat əsas borcu qeyd olunduğu halda, iddia ərizəsində 12.575,74 əsas borc tələb edilir. Belə olan halda məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh1 12.561,36 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, ekspert rəyində Cavabdeh1 banka 1256,14 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 1247,09 faiz borcu tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh1 iddia ərizəsində göstərilən məbləğdə, yəni 1247,09 manat faiz borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 12.561,36 (on iki min beş yüz altmış bir manat, otuz altı qəpik) manat əsas, 1247,09 (bir min iki yüz qırx yeddi manat, doqquz qəpik) manat faiz borcu, 228,29 (iki yüz iyirmi səkkiz manat, iyirmi doqquz qəpik) manat cərimə borcu, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat və bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14.096,74 (on dörd min doxsan altı manat, yetmiş dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,6 kv.m ümumi, 16,7 kv.m yaşayış, 11,9 kv.m köməkçi sahədən ibarət 86 nömrəli mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 48.000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu ödənilməli, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onlar yaşayış sahələrindən məcburi çıxarılmalı və yaşayış sahələri boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat Cavabdeh1 tutulub “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 12.561,36 (on iki min beş yüz altmış bir manat, otuz altı qəpik) manat əsas, 1247,09 (bir min iki yüz qırx yeddi manat, doqquz qəpik) manat faiz borcu, 228,29 (iki yüz iyirmi səkkiz manat, iyirmi doqquz qəpik) manat cərimə borcu, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat və bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14.096,74 (on dörd min doxsan altı manat, yetmiş dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,6 kv.m ümumi, 16,7 kv.m yaşayış, 11,9 kv.m köməkçi sahədən ibarət 86 nömrəli mənzilə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 48.000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu ödənilsin. Əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh1 qaytarılsın. İpoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onlar yaşayış sahələrindən məcburi çıxarılsınlar və yaşayış sahələri boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat Cavabdeh1 tutulub “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-474/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-474/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver