Məhkəmə qərarları › İş №2(006)-4742/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4742/2020

16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4742/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2012-ci il tarixdə 1 saylı X3 adlı uşağını doğmuşdur. Uşaq nikahdan kənar doğulduğundan vaxtında doğum haqqında şəhadətnamə əldə edə bilməmişdir. Şəhadətnamə alınması üçün müraciət edən zaman ona bildirmişlər ki, Doğum Evi tərəfindən 103 saylı Forma arayışı təqdim olunmalıdır. Lakin, 1 saylı Doğum Evi söküldüyündən yalnı Səhiyyə Nazirliyindən arxiv arayışı əldə edə bilmişdir. Eyni zamanda, uşaq hazırda 34 saylı şəhər Poliklinikasında qeydiyyatdadır. Maraqlı şəxsə şəhadətnamə əldə etmək üçün müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Uşağın hazırda 8 yaşı olsa da sənədləri olmadığından məktəbə gedə bilmir. Göstərilənlərə əsasən Ərizəçi oğlu azyaşlı Ruslanın həqiqətən xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilərək vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin aparılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Ərizəçi xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsinin 9/53-01/12 №-li xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ləğv edilmiş M.Hacıqasımov adına 1 nömrəli Doğum Evinin arxiv sənədlərinə əsasən X1 xx.xx.2012-ci il tarixdə çəkisi 4500 qram, ölçüsü 62 sm olan diri oğlan diri oğlan uşağı doğmuşdur. İş materiallarında olan Bakı şəhəri 34 nömrəli şəhər Poliklinikasının 103 №-li xx.xx.2019-cu il tarixli Arayışından görünür ki, Ərizəçi xx.xx.2012-ci il tarixdə oğlan uşağı doğub. X4 hal-hazırda Səbail rayonu 34 saylı şəhər poliklinikasının uşaq şöbəsinin qeydiyyatındadır. İş materiallarında olan 1 saylı Bakı «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin ərizəçiyə ünvanladığı xx.xx.2020-cu il tarixli 05/Q-983/15 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 №-li Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndində qeyd olunan sənədlərdən biri təqdim olunmadığına görə ərizəçinin müraciəti təmin olunmamışdır. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.2012-ci il tarixdə 1 saylı Doğum Evində uşaq doğmuş və hazırda həmin uşaq 34 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Ərizəçi tərəfindən həmin uşağa dair doğum haqqında şəhadətnamənin alınması üçün müraciət olunsa da həmin faktın məhkəmə qaydasında tannıması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşliq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 №-li Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndində əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənədlər təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin qaydaların 2.5.3-cü bəndinə əsasən tibbi sənədin (tibbi şəhadətnamə) verilə bilməməsi, verilə bilməməsinə səbəb kimi doğum evinin artıq ləğv olunduğunu, yalnız arxiv sənədlərinə əsasən sadə məktubun tibbi şəhadətnaməni əvəz edə bilməməsini və bu səbəbdən qeydiyyat şöbəsinin verdiyi imtina məktubunun əsaslı olmasını nəzərə alaraq ərizə təmin edilməli, Ərizəçi oğlu azyaşlı Ruslanın həqiqətən xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilərək vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin aparılması Maraqlı şəxs üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 307-308, 311-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlu azyaşlı Ruslanın həqiqətən xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilərək vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin aparılması Maraqlı şəxs üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar