Məhkəmə qərarları › İş №2(006)-4763/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4763/2022

20.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4763/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 30 iyun 2022-ci il tarixli, 462/22 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdən Cavabdehnə anbardar vəzifəsinə işə qəbul edilsə də, əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə sağ qasıq nahiyyəsində kəskin ağrılar səbəbindən həkimə müraciət etmişdir. Həmin günü, yəni xx.xx.2022-ci il tarixdə Milli Onkologiya Mərkəzində müalicəyə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə telefon vasitəsi ilə kadrlar şöbəsinin əməkdaşı Elşən Həsənova (***-***-**-**) və məsul şəxs Şəfiqə xanıma (***-***-**-**) məlumat verərək səhhətində yaranmış problemlər səbəbindən xəstəxanaya müalicəyə qəbul edildiyi üçün işə gələ bilməyəcəyini bildirmişdir. xx.xx.2022ci il tarixdə Milli Onkologiya Mərkəzində sağ qasıq nahiyyəsindən cərrahi əməliyyata məruz qalmışdır. xx.xx.2022-ci il tarixdə xəstəxanadan evə buraxılmışdır. Evə gələrkən ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanına Cavabdeh MMC-nin direktroru tərəfindən bildiriş göndərilmişdir. Bildirişdə qeyd olunmuşdur ki, «bildirişi aldığınız tarixdən etibarən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci ci tarixinədək işə gəlməmisiniz və işə gəlmədiyiniz haqqında heç bir məlumat verməmisiniz. İşə çıxmamağınızın səbəbləri haqqında (müvafiq arayış, əmək qabiliyyətini müvəqqəti itirmək vərəqəsi və ya hüquqverici sənədlər əlavə olunmaqla) rəsmi məlumat verməyinizi xahiş edirik». 05 iyul 2022-ci il tarixdə iş yeri ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq xəstəxanada olması barədə məlumat verdiyi halda nəyə görə ünvanına bildiriş göndərilməsi ilə maraqlanmışdır. Lakin heç bir əsaslı cavab ala bilməmişdir. Ona görə də, məcbur qalıb Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən sahəyə gedərək xəstəliyi ilə bağlı sənədləri təqdim etmişdir. Sənədlərlə tanış olanda əməkdaş artıq işdən azad edildiyini qeyd edərək, heç bir köməklik göstərə bilməyəcəyini bildirmişdir. Yuxarıda göstərilən üzrlü halın olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin bəndinə əsasən xitam verilməsi başa düşülən deyildir. Məcburiyyət qarşısında qalıb xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası X1 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, Cavabdeh MMC-də əmək hüququnun pozulması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Araşdırma zamanı Cavabdeh MMC tərəfindən təqdim edilən sənədlərdən görünür ki, onunla xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə uyğun olaraq (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qanunvericiliyin tələbləri pozularaq xitam verildiyi və son haqq-hesabının sonuncu iş günü ödənilmədiyi məlum olmuşdur. Bununla da müəssisə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulduğundan, barəsində inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edilmişdir. Hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinə xitam verilməsi tam qanunsuz və əsassız olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi nəzərdə tutulmuş hallardan biri də işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi hesab olunur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında barışıq əldə edilməsi məqsədilə danışıqlar aparılmışdır. Lakin indiyədək qarşı tərəfdən hər hansı bir rəsmi cavab ala bilməmişdir. Hesab edir ki, işə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində əməliyyat olunmuşdur. Guya bu barədə şirkətə rəsmi müraciət etmişdir. Bildirir ki, iddia ərizəsi üzrə tələbi qəti olaraq qəbul etmirlər. Belə ki, tərəflərindən 24 iyun 2022-ci il tarixində aidiyyəti üzrə İddiaçı yaşadığı ünvana onun işə gəlməməsi, işə gəlməməsinin səbəbləri barədə məlumat verməsi barədə bildiriş göndərilmiş, həmin bildiriş rəsmi qaydada şəxsin özü tərəfindən alınsa da yenə də şirkətə nə rəsmi, nə şifahi qaydada məlumat verilməmişdir. İddaçının işə gəlmədiyi günlər aktlaşdırılmışdır. Bundan başqa yalnızca bir neçə ay sonra əmək müfəttişliyinə onlardan şikayət vermiş, xəstəlik barədə arayışı müfəttişliyə təqdim etsə də, orada sənədi qəbul etməmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixində xəstəlik barədə arayışı onlara təqdim etmişdir. Əmək müfəttişliyi qanunsuz olaraq onların inzibati pozuntuya yol vermələrinə dair qərar qəbul etmişdir. Tərəflərindən həmin qərardan verilmiş şikayətləri təmin edilmiş, qərar ləğv edilmişdir. Bundan başqa əgər iddiaçının təqdim etdiyi xəstəlik haqqında arayışa diqqət yetirilsə orada xəstəlik müddətinin fasilələrlə müəyyən edildiyini görmək olar. Əgər şəxs istəsəydi həmin müddətlərdə şirkəti rəsmən xəbərdar edə bilərdi. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonrakı məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, tərəflərindən iddiaçının işə bərpa olunması barədə müvafiq tədbirlər görülür. Belə ki, şirkət tərəfindən iddiaçının işdən azad edilməsi barədə qəbul edilmiş əmrin ləğv edilməsi və sonuncunun işə bərpa olunması üçün aidiyyəti olaraq X1 Xidmətinə ərizə ilə müraciət edilmişdir. Hazırda isə onlar ərizənin icrasını gözləyirlər. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin «Xəstəlik tarixindən çıxarışdan (epikrizdən)» görünür ki, İddiaçı «sağ tərəfli çəp qasıq-xayalıq yırtığı» diaqnozu ilə xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuşdur. Xəstə üzərində xx.xx.2022-ci il tarixdə MOM-da sağ tərəfli çəp qasıq-xayalıq yırtığına görə «herniotomiya, herniorafiya» cərrahi əməliyyat icra edilmişdir. Xəstədə əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstəyə infuzion, antibakterial, analgetik, ümumi möhkəmləndirici terapiya aparılmışdır. Xəstə kafi vəziyyətdə evə yazılmışdır. Xəstə xx.xx.2022-ci il tarixdə evə buraxılmışdır. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, bildirişdə İddiaçı bu bildirişi aldığı tarixdən etibarən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək işə gəlmədiyi və işə gəlməməsi haqqında heç bir məlumat vermədiyi, onun işə çıxmamasının səbəbləri haqqında (müvafiq arayış, əmək qabiliyyətini müvəqqəti itirimək vərəqəsi və ya hüquqverici sənədlər əlavə olunmaqla) rəsmi məlumat verməsi xahiş edilmiş, əks təqdirdə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) ləğv ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, **********4 saylı İddiaçı xx.xx.2022ci il tarixli müraciətinə cavab məktubundan görünür ki, məktubda İddiaçı müraciətinə baxıldığı, araşdırma zamanı Cavabdeh MMC tərəfindən təqdim edilən sənədlərdən İddiaçıla xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə uyğun olaraq (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qanunvericiliyin tələbləri pozularaq xitam verildiyi və son haqq-hesabının sonuncu iş günü ödənilmədiyinin məlum olduğu, bununla da müəssisə rəhbərliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulduğundan, barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati təhbeh vermə haqqında şərti olaraq qərarın qəbul edildiyi bildirilmiş, qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 №li şəhər poliklinikasının tibbi arayışından görünür ki, bu arayış İddiaçı Cavabdeh MMC-yə təqdim edilməsi üçün verilmiş, arayışda İddiaçı səhhəti ilə bağlı məlumatlar müfəssəl şəkildə qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 №li şəhər poliklinikasının SN 00007 seriyalı, ******* saylı «Əmək qabiliyyətinin olmaması vərəqəsi»ndən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionarda olduğu, sonradan bu müddətin uzadıldığı (xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək), sonuncuya səhhətində yaranmış problemlərlə əlaqədar xx.xx.2022-ci il tarixdən işə başlamalı olduğu qeyd olunmuşdur. - İddiaçı tərəfindən tərtib edilərək, imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ərizədə İddiaçı xx.xx.2022-ci il tarixdə aldığı bülleteni kadrlar şöbəsinə təhvil verdiyi qeyd edilmişdir. - Cavabdeh MMC tərəfindən cəmiyyətdə anbardar vəzifəsində çalışan əməkdaş İddiaçı işə gəlməməsi barədə müxtəlif tarixlərdə aktlar tərtib olunmuşdur. - Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/8-00027 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2022ci il tarixə təyin olunmuş mediasiya iclasında iştirak etsə də, cavabdeh tərəf həmin tarixdə keçirilmiş mediasiya iclasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - Cavabdeh MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məktubda şirkətdə anbardar vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək heç bir məlumat vermədən işə gəlmədiyi, işdə olmamağı ilə bağlı aktın tutulduğu və qeydiyyat ünvanına davamiyyətsizliyi ilə bağlı məktub göndərildiyi, məktubu aldıqdan sonra işçinin rəsmi olaraq heç bir məlumat vermədiyi, qeyd olunanlara nəzərə alaraq, adı qeyd edilən əməkdaşın Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyi, lakin işçinin xx.xx.2022-ci il tarixdə şirkətə xəstəlik vərəqəsi təqdim etdiyi qeyd edilmiş və nəticə etibarı ilə İddiaçı xitam tarixindən (xx.xx.2022-ci il tarixdən) işə bərpa olunması üçün ƏMAS-də xitamın bəndinin ləğv olunmasında köməklik göstərilməsi xahiş edilmişdir. - Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə məkəməyə ünvanladığı xx.xx.2022-ci il ərizəsindən görünür ki, 2(006)-4763/2022 saylı iş üzrə məhkəmənin hazırlıq iclasının baxışa təyin edilməsi xahiş edilmiş, məhkəmə qətnaməsi çıxmadan iddiaçının işdən çıxarılmasına dair əmrin ləğv edilməsi və işə bərpası üçün xx.xx.2022-ci il tarixdə tərəflərindən aidiyyəti üzrə Əmək Müfəttişliyinə müraciət edildiyi, ərizələrinin icrasını gözlədikləri qeyd edilmişdir. Beləliklə işin faktiki hallarından göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixli, 5/22 saylı əmrlə Cavabdeh MMC-də anbardar vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 462/22 saylı əmrlə xitam verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə xitam verilərkən, xitamın əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi təşkil etmişdir. Lakin bununla razılaşmayan iddiaçı öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə, daha sonra isə məhkəməyə müraciət edərək, cavabdeh şirkət tərəfindən hüquqlarının pozulduğunu bildirmiş və bu səbəbdən barəsində çıxarılmış əmrin ləğv edilməklə, onun işə bərpa olunmasını və s. tələb etmişdir. Tələbini isə üzrlü səbəblərdən işə gəlməməsi, həmin ərəfədə xəstə olması və müalicə alması, xəstəxanda cərrahi əməliyyat keçirməsi və bununla bağlı xəstəlik vərəqəsi, digər tibbi sənədlərin olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, işə məhkəmədə baxılan dövrdə iddiaçı istinad etdiyi hallara dair məhkəməyə müvafiq sənədlər təqdim etmişdir. Həmin sənədlərlə həqiqətən də müəyyən olunur ki, iddiaçı «sağ tərəfli çəp qasıq-xayalıq yırtığı» diaqnozu ilə xx.xx.2022-ci il tarixində xəstəxanaya daxil olmuş, ona xx.xx.2022-ci il tarixdə MOM-da sağ tərəfli çəp qasıq-xayalıq yırtığına görə «herniotomiya, herniorafiya» cərrahi əməliyyat icra edilmiş və xx.xx.2022-ci il tarixdə evə buraxılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (a) bəndinin tələbinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin İ hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, iddiaçı üzrlü səbəblə (səhhətində yaranmış problemlə) əlaqədar işə çıxmasa da, onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, işə baxılan dövrdə cavabdeh tərəf ilk öncə iddia tələbinə etiraz etdiyi halda, sonradan iddiaçının işə bərpa olunması ilə bağlı aidiyyəti orqana müraciət etmiş, müraciətində işçi barəsində çıxarılmış əmrin ləğv edilməsini və onun öz işinə bərpa olunmasını xahiş etmiş, məhkəmədən barışıq üçün vaxt istəmiş və bu hərəkətləri ilə iddia tələbini faktiki olaraq qəbul etdiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında 30 iyun 2022-ci il tarixli 462/22 saylı əmr ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə anbardar vəzifəsinə bərpa edilməli və ona İddiaçı xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, İddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmiş 50 manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında 30 iyun 2022-ci il tarixli 462/22 saylı əmr ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə anbardar vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmiş 50 manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar