Məhkəmə qərarları › İş №2(006)-4765/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4765/2022

28.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4765/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, cavabdeh Vəkı̇ lov Orxan Səbuhi oğlunun iştirakları ilə İddiaçı Vəkilova Leyli Əjdər qızının cavabdeh Vəkı̇ lov Orxan Səbuhi oğluna qarşı “övladı ilə birlikdə mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Vəkilova Leyli Əjdər qızı cavabdeh Vəkı̇ lov Orxan Səbuhi oğluna qarşı “övladı ilə birlikdə mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Vəkilova Leyli Əjdər qızı cavabdeh Vəkı̇ lov Orxan Səbuhi oğlu ilə rəsmi olaraq xx.xx.2019-cu il tarixində ailə həyatı qurmuşdur. Həmin nikahdan Vəkilov Səbuhi Orxan oğlu adlı övladları dünyaya gəlmişdir. Ailə qurandan sonra münasibətləri yaxşı olmuş, lakin hazırda münasibətləri pozulmuşdur. Aralarında bir çox mübahisələr yaranmışdır. Ailənin dağılmasının əsas səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsidir. Hazırda Vəkilova Leyli Əjdər qızı uşaqla tək kirayədə yaşayır və başqa qalmağa yeri yoxdur. Övladı həmin ünvanda doğulmuş, cavabdehin ailə üzvü kimi yaşayaraq cavabdehlə birgə təsərrüfat aparmışdır. Onun uşaqla birgə evsiz qalmağı uşağın həm psixoloji, həm də təhsillə bağlı işlərində mənfi təsir göstərir. Göstərilənlərə əsasən, Vəkilova Leyli Əjdər qızının xx.xx.2020-ci il təvəllüdlü Vəkilov Səbuhi Orxan oğlu ilə birlikdə gəlin köçərək əvvəllər yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 5-ci mikrorayon, 1D saylı evin, 78 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək bildirimişdir ki, iddiaçı cavabdehlə nikah bağladıqdan sonra ünvan 1 ünvanında yerləşən qayınatasına məxsus evdə yaşamışdır, özü və uşağı da həmin evdə qeydiyyatdır. İddiaçının cehiz əşyaları da həmin evdə olmuşdur. Bir müddət həmin evdə yaşasalar da qayınanası və evin digər sakinləri onunla yola getməmiş, onu həmin evdən qovmuşlar. Bu səbəbdən iddiaçı cavabdeh Vəkı̇ lov Orxan Səbuhi oğlu ilə birlikdə kirayə mənzilə köçmüşdür. Bundan sonra həyat yoldaşı ilə münasibətləri pisləşməyə başlamış və ailəni davam etdirməyin mümkünsüz olduğunu görüb onunla boşanmaq qərarına gəlmişdir. Bununla bağlı olaraq Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Hazırda cavabdeh tərəfindən iddiaçıya hər-hansı maddi yardım göstərilmir. İddiaçı hamiləliyi ilə əlaqədar işləmir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh Vəkı̇ lov Orxan Səbuhi oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Vəkilova Leyli Əjdər qızı onun ailəsilə yola getməməsi səbəbindən 22 may 2022-ci il tarixində kirayə evə çıxmışlar. 18 avqust 2022-ci il tarixinə qədər kirayə tutduğu evdə yaşamışlar, lakin iddiaçı ilə yola getməmə səbəbindən münasibətləri pozulmuş və o, kirayə evi tərk edərək atasının mülkiyyətində olan evə qayıtmışdır. Bu müddətdə iddiaçı ilə birgə nikahdan olan övladının qaldığı kirayə evin kirayə haqqını da müntəzəm ödəmiş, sonradan ona məlum olmuşdu ki, iddiaçı həmin evdə yaşamır və Qazax rayonunda yaşayan ailəsinin yanına köçmüşdür. İddiaçı xarici ölkə vətəndaşıdır. Burada onun atasının mülkiyyətində olan evə müvəqqəti qeydiyyata düşmüş, həmin müvəqqəti qeydiyyat təxminən 2023-cü ildə bitəcəkdir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edtmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Mustafayev küçəsi, ev-1D, mənzil 78 Vəkilov Səbuhi Xaliddin oğlunun xüsusi mülkiyyətindədir.

7. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 iyun 2022-ci il tarixində verilmiş AZ-İİ № 287652 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Vəkı̇ lov Orxan Səbuhi oğlu ilə X3 21 iyun 2019-cu il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 71 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Vəkilova soyadı verilmişdir.

8. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Vəkı̇ lov Orxan Səbuhi oğlu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmış, lakin iştirak etməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçı Vəkilova Leyli Əjdər qızı cavabdeh Vəkı̇ lov Orxan Səbuhi oğlu ilə 2019-cu ildə ailə quraraq cavabdeh Vəkı̇ lov Orxan Səbuhi oğlunun atasının mülkiyyətində olan mənzilə gəlin köçmüş, orada 2022-ci ilin may ayına kimi yaşamış və orada onun 1 uşağı dünyaya gəlmişdir. Hazırda isə uşaqla məcburiyyət qarşısında qalaraq kirayə evdə yaşayır və vaxtı ilə gəlin kimi gəldiyi evə uşağı ilə birlikdə köçürülməsini xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

11. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

12. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

15. Mülki işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının müvəqqəti qeydiyyatda olduğu mənzil hazırki cavabdehin atasına məxsus olmaqla sonuncunun mülkiyyətindədir.

16. Hazırda məhkəmə tərəfindən müəyyən edilməli fakt həmin tarixdə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. Bunun üçün qanunvericilikdə istifadə hüququnun yaranması əsaslarına diqqət yetirilməlidir. Məlum olduğu kimi, şəxsin yaşayış sahəsinə qeydiyyata düşməsi özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını ehtiva etmir.

17. Hazırki məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tətbiq edərək bu qənaətə gəlmək olar ki, iddiaçı ilə mülkiyyətçi arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmadığından, yaşayış sahəsinə istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Onun istifadə hüququnun yaranması üçün əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsində, hazırkı Mənzil Məcəlləsinin 30-cu maddəsində, hazırkı Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir.

18. Digər bir yandan, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

19. Normanın məzmunundan aydın olduğu kimi, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması yalnız keçmiş ailə üzvlərinə münasibətdə tətbiq edilə bilər. Hazırki mülki işin halları və iddiaçının izahatı tərəflər arasında ailə-qohumluq münasibətlərinin mövcud olmadığını göstərir.

20. Odur ki, iddiaçının övladı ilə birlikdə həmin mənzilə köçürülməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir. Hazırda isə iddiaçının yaşayış sahəsinə olan qeydiyyatı formal xarakter daşıdığından onun həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.

21. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının və cavabdehin məhkəmə iclası zamanı vermiş olduğu izahata əsasən müəyyən edilmişdir ki, mənzil cavabdehin atasına məxsus olmaqla iddiaçı həmin mənzilə gəlin gləmişdir. Hazırda qeyd olunan mənzil cavabdehin atası Vəkilov Səbuhi Xaliddin oğlunun mülkiyyətində olması tərəflərin təsdiq etdikləri fakta əsaslanır.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzildən istifadə hüququnun olmadığı müəyyən olunduğundan mənzilə köçürülmə barədə iddiası rədd edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

25. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.

26. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı Vəkilova Leyli Əjdər qızının cavabdeh Vəkı̇ lov Orxan Səbuhi oğluna qarşı “övladı ilə birlikdə mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar