Məhkəmə qərarları › İş №2(006)-4769/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4769/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4769/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili X1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, onun övladlarından biri anadan gəlmə fiziki (əqli) qüsurludur (balaca qızı xx.xx.1982-ci il təvəllüdlü X3) və övladı yetişmiş yaşlı olsa da, xəstə olduğuna görə onunla qalır və o, ona baxır, hər bir şeyini də o, təmin edir, ondan başqa da heç kəs baxmır və baxmağa da cəhd etmir. Böyük qızı Cavabdeh onunla yaşamır, qeyri-rəsmi nikaha daxil olaraq evdən çıxdı, oğlan övladı var və hal-hazırda başqa evdə qalır. O evində kirayə haqqını uşağının atası ödəyir və evi yaxınlıqda olsa da gəlib bir dəfə bacısına hər hansı işdə yardımçı olmayıb. Ona yardımçı olmağını istəməmişdir, öz bacısına yardımçı olmağını istəmiş, onu da etmir. Bir sözlə məqsədyönlü olaraq qeydiyyatda qalır, nə yaşamır evində, qonşuluqda kirayə qalır və kirayə pulunu uşağının atası ödəyir. Böyük qızının oğluna, yəni nəvəsinə bacardağı qədər maddi yardım edir bir ata, bir baba kimi, amma balaca qızına, yəni bacısına yardım etmir. Düzdür, bu işə bir başa aid deyil, amma bilavasitə aiddir. Balaca qızının əqli zəif olduğu üçün (baxmayaraq ki, ona o, baxır) onda istifadə edir ona qarşı yönləndirir məlumatçı kimi. Bir sözlə cavabdeh mülkə sahib olmaq üçün onun ölüməyini gözləyir, o, da balaca qızından narahat olduğu üçün ayrı həyat yaşayan böyük qızının evdən istifadə hüququna xitam verilməsini istəyir. Böyük qızını qeydiyyata o, salmamışdır, evi aldığı şəxsin rəhmətlik əri qeydiyyata salıb (o zaman əri mülkiyyətçisi olub, öləndən sonra vərəsə kimi arvadı uşaqlarının imtinası əsasında özəlləşdirib), onu və digər şəxsləri də salıb, çünki o, pulunu verib evi almışdır, lakin rəsmiləşdirilməmiş, sonrada rəsmiləşdirmək istəyəndə kişi dünyasını dəyişdi, ona görə alqı-satqını arvadı ilə rəsmiləşdirmiş və hazırda evin tam mülkiyyətçisidir. Göstərilənləri nəzərə alaraq xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh mülkiyyətində olan Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 35, mənzil 3 ünvanında yerləşən evindən (mənzilindən) istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh X4 qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 35, mənzil 3 ünvanda qeydiyyatda olmaqla həmişə orda yaşamışdır. Ondan başqa anadan gəlmə fiziki qüsurlu olan bir bacısı var. Həmişə bacısının, atasının və evin bütün qayğaları ilə o, məşğul olmuşdur. Son dövrlərdə cavabdeh onu o evdə yaşamağa imkan verməmiş və o, yaşadığı mənzildən zorla və heç bir səbəb olmadan çıxmağa məcbur qalaraq azyaşlı uşağı ilə kirayələrdə qalmağa məcbur qalmışdır. Hazırda eyni həyətdə müvəqqəti kirayə mənzil tutaraq uşağı ilə orada qalmağa məcbur olmuşdur. Hazırda da eyni həyətdə qaldığı üçün evin bütün işlərini və bacısının qayğısını çəkməkdə davam edir. O, həmişə bacısı və cavabdehlə birlikdə yaşayıb ümumi təsərrüfat aparmaqla cavabdehlə bərabər hüquqlar, yəni həmin yaşayış sahəsində yaşayaraq ondan istifadə etmək hüququnu əldə etmişdir. Lakin cavabdeh tərəfindən onun və uşağının hüquqlarını pozulmaqdadır. Belə ki, onun həmin mənzildən istifadə hüququ mövcud olsa da, lakin cavabdeh tərəfindən həmin mənzildə yaşamasına icazə verilmir. Yalnız o, evdən çıxdıqdan sonra mənzildə dail ola bilir, zəruri ev işlərini (evin təmizlənməsi, paltarların yuyulması və s) görür və cavabdeh olan atası mənzilə qayıdana qədər evdən çıxmaq məcburiyyətində qalır. Hazırda icarə haqqını ödəməkdə çəkir, maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq ilkin iddia tələbinin rədd edilməsi, onun Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət ünvanda yerləşən 3 saylı mənzilə uşağı ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehin evə gəlməsinə etiraz etmədiyini, evə köçməsinə etiraz etmədiyini lakin balaca qızına baxmadığını bildirərək ilkin iddia tələbini müdafiə edərək və ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X6 ilkin iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia ərizəsini müdafiə etdiyini bildirirmişdir. Eyni zamanda qeyd etmişdir ki, tərəflər ata və qızdır. İlkin iddia üzrə cavabdeh atasının evdə olmadığı zaman evı gələrək balaca bacısına baxdığını və atasının onu evə buraxmadığına görə məcbur kirayədə qaldığını bildirərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 35 saylı evin 3 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş pasport, qeydiyyat və miqrasiya idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş MAPS arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 35, mən 3 ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 35, mənzil 3 ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir, Cavabdeh isə uşağı ilə birlikdə həmin evdə qeydiyyatdadır. Tərəflər arasında olan mübahisə nəticəsində Cavabdeh uşağı ilə birlikdə mübahisəli mənzildən çıxmış və mübahisəli atası evə buraxmadığına görə evin həyətində kirayədə yaşamağa məcbur olmuşdur. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibətləri xx.xx.2000-ci il tarixdən sonra yaranmışdır. Ona görə də mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs olmuşdur. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunmur. Belə olan halda, göstərilənlərdən aydın olur ki, Cavabdeh uşağı ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 35 saylı evin 3 saylı mənzilinə istifadə hüququ əldə etmişdir və həmin mənzilə köçürülməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbi üzrə qeyd edir ki, həmin iddia qarşılıqlı tələb təmin olunduğu üçün rədd edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Cavabdeh mübahisəli mənzil üzrə istifadə hüquqlarının olması müəyyən olunmuşdur və onun həmin mənzilə köçürülmə barədə tələbi əsaslı hesab edilmişdir. Belə olan halda ilkin iddia tələbinin əsaslı hesab edilməsi üçün əsas yoxdur və bə bu hüquqa yalnız müvafiq kompensasiya verilməsi yolu ilə mümkündür. Hazırki tələbdə isə yalnız istifadə hüququnun itirilməsi qoyulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X2 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh uşağı ilə birlikdə Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 35, mənzil 3 ünvanına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X2 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh uşağı ilə birlikdə Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 35, mənzil 3 ünvanına köçürülsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar