Məhkəmə qərarları › İş №2(006)-478/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-478/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-478/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və Məlikov X5 cavabdeh Həsənova (Məlikova) Amalya Natiq qızına qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Məlikov X12 cavabdeh Həsənova (Məlikova) Amalya Natiq qızına qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ ilə İddiaçı1, Məlikov X8 və Məlikov X9 məxsusdur. Cavabdeh Həsənova (Məlikova) Amalya Natiq qızı iddiaçı Məlikov X6 övladı X10 ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından övladları olmadığı üçün, onlar arasında olan nikah xx xxx 2019-cu il tarixində 1 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində pozulmuşdur. İş üzrə iddiaçılar İddiaçı1, X2 nənəsi, Məlikov X13 atası və Məlikov X14 əmisi olduğu üçün cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra cavabdeh hazırki mülkiyyətdə olan mənzilə gəlin köçərək elə 2014-cü ildə Qəbələ rayonu, Kürd kəndində valideynlərinə məxsus evdən qeydiyyatdan çıxmış mülkiyyətdə olan mənzilə şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmışdır. Amma buna baxmayaraq, xx xxx 2019-cu il tarixində cavabdeh Həsənova (Məlikova) Amalya Natiq qızı ilə X10 arasında 1 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində nikah pozulduğu gündən cavabdeh şəxsi və cehiz əşyalarını götürərək evdən çıxıb getmiş və onun hazırda harada yaşaması barədə iddiaçıların məlumatları yoxdur. İddiaçılar cavabdehin Qəbələ rayonu, Kürd kəndində yaşayan valideynlərinə bir neçə dəfə xəbər göndərərək cavabdehin onların mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmasını tələb etmişlər, lakin onlar bu barədə heç bir tədbir görməmişlər. Göstərilənlərə əsasən cavabdeh Həsənova (Məlikova) Amalya Natiq qızının ünvan 1 ünvanında yerləşən mənzildə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Həsənova (Məlikova) Amalya Natiq qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Belə ki, iş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, MH seriyalı, 156297 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 195 saylı reyestr kitabının 10345 nömrəli vərəqində, 30/6571 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən X3 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş AZ-İ № 309340 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X3 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 79 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Həsənova soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil iddiaçıların paylı mülkiyyətindədir, cavabdeh əvvəllər həmin mənzildə yaşamış, hazırda isə orada formal olaraq qeydiyyatdadır. Eyni zamanda müəyyən olundu ki, cavabdeh mübahisəli mənzildə uzun müddətdir ki, yaşamır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxxxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki işdən göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri 2014-cü ildə yarandığından Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ olmadığı mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıların paylı mülkiyyətində olan mənzilə dair istifadə hüququ yaranmadığı müəyyən olunduğuna görə, bu onun həmin mənzildəki formal qeydiyyatının müvafiq dövlət orqanı tərəfindən ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Məlikov X5 cavabdeh Həsənova (Məlikova) Amalya Natiq qızına qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Məlikov X5 cavabdeh Həsənova (Məlikova) Amalya Natiq qızına qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar