Məhkəmə qərarları › İş №2(006)-4789/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4789/2022

20.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4789/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qsimində cəlb edilməklə) «əmək müqaviləsinə xitam verilməsi bildirişinin göndərilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və əmək müqaviləsinin ləğv edilməsi haqqında məlumatın müvafiq elektron informasiya sistemində yerləşdirmək vəzifəsinin X3 Xidmətinə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə 26 noyabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlamış, müqaviləyə görə aylıq 250 (İki yüz əlli) manat əmək haqqı ilə Cəmiyyətdə xəzinədar vəzifəsinə qəbul edilmişdir. Bundan sonra cavabdeh fəaliyyətini dayandırmış, hazırda əmək haqqı da almır, əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də cavabdeh fəaliyyət göstərdiyi ünvanda olmadığı, həmçinin əlaqə saxlamaq mümkün olmadığı üçün əmək müqaviləsinə xitam verməyi mümkün olmamışdır. Hazırda, əmək müqavilələrinin qeydiyyata alındığı müvafiq elektron informasiya sistemində cavabdehlə olan əmək müqaviləsinin qüvvədə olduğu göstərilir. Həmin qeydiyyatın ləğv edilməsi üçün X3 Xidmətinə müraciət etsə də, dövlət orqanının 27 iyul 2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən, yəni hazırki işdə cavabdeh tərəfindən təmin edilməlidir. Bu səbəbdən də indiyədək sistemdən məlumatın silinməsinə nail ola bilməmişdir. Onda olan məlumata görə Cəmiyyətin səlahiyyətli şəxsləri ölkəni tərk etmiş, onlarla əlaqə saxlamağı mümkün deyil əmək müqaviləsinə xitam verilməsi üçün növbəti dəfə tərəfindən X3 Xidmətinə edilmiş müraciətə cavab olaraq ona ünvanlanan 04 avqust 2022-ci il tarixli məktubda məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Qeyd etdiyi kimi cavabdehlə əlaqə saxlaya bilmədiyi üçün əmək müqaviləsinə xitam verilməsini təmin edə bilmir, yaranmış hazırki vəziyyət onun əmək hüquqlarının pozulmasına səbəb olur, belə ki başqa yerdə işə düzəlməyiə çətinlik yaranır. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət olunmuş, lakin cavabdeh mediasıya prosesində iştirak etməmiş, bununla bağlı arayış iddia ərizəsinə əlavə olunmuşdur. Hazırda cavabdehlə əmək müqaviləsinə xitam verilməsini təmin edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilməsi ilə əlaqədar bildirişin “X1” sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 19/12 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-də “xəzinədar” vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin direktorun xx.xx.2019-cu il tarixli, 19/06 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən tamştat “Menecer” vəzifəsinə təyin edilməsi, əmək haqqının ştat cədvəli ilə müəyyən edilməsi əmr edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətli əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də “xəzinədar” məşğulluq təsnifatı üzrə 250 manat əmək haqqı ilə işə qəbul olunmuşdur. İşəgötürən – "xxxx" MMC-nin direktoru Adnan Yasirdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubların surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanması ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxıl etmək işəgötürənin əsas vəzifələrindən biridir Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar 6 iyun 2014cü ildə Nazirlər Kabinetinin Nli 183 qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ile bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış emək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı "Qaydalar” təsdiq edilmişdir Həmin qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elekiron informasiya sisteminə daxıl edilməsi “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxıl olunmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökümət" portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin edilməlidir. Həmçinin məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, dövlət reyestrində "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının ünvan 2. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən hal-hazıradək dayandırılması barədə qeyd aparılmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Yasir Adnanın dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumatlara əsasən xx.xx.2020-ci il tarixində çıxışı qeydiyyata alınmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı müddətli (xx.xx.2020-ci il tarixdək) əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-yə 250 manat əmək haqqı ilə işə qəbul olunmuşdur. İddiaçının tərəf olduğu əmək müqaviləsinə müddətin qurtarması ilə xitam verilmişdir. Hazırda iddiaçı onunla cavabdeh "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən rəsmi qaydada xitam verilməsi ilə əlaqədar bildirişin “X1” sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Bu Məcəllənin 12 maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Göründüyü kimi əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesb edir ki, tərəflər arasındakı əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən xitam verildiyindən və "xxxx" MMC-nin direktoru Adnan Yasirin xx.xx.2020-ci tarixdə ölkədən çıxışının qeydiyyata alındığından və beləliklə də həmin vəzifənin onun tərəfindən icra edilməsi mümkün olmadığından məhkəmə hesab edir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən xitam verilməsi ilə əlaqədar bildirişin “X1” sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən xitam verilməsi ilə əlaqədar bildirişin “X1” sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar