Məhkəmə qərarları › İş №2(006)-479/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-479/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-479/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və Ləğv Prosesində olan QSC «xxxx» KB-yə qarşı «öhdəliyə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və Ləğv Prosesində olan QSC «xxxx» KB-yə qarşı «öhdəliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» KB QSC ilə aralarında bağlanmış xx xxxxxxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyə xitam verilməsi və həmin kreditə aid gecikmə qeydinin mərkəzləşdirilmiş kredit reyestrindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» KB QSC ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən onun adına 1.752 manat məbləğində kredit verilmişdir. Onun adına olsa da, kreditin real ödəyicisi hazırda vəfat etmiş tanışı idi. Pulun müəyyən hissəsi ödənilib. xx.xx.2010-cu il tarixdə kredit müqaviləsinin müddəti bitib. Artıq 10 ildən çox müddət keçməsinə baxmayaraq, bank tərəfindən ona qarşı heç bir tələb irəli sürülməmiş və ona qarşı olan öhdəliyə dair tələb öz qüvvəsini itirmişdir. Ona görə də, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və Ləğv Prosesində olan QSC «xxxx» KB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixli kredit üzrə 1752 manat kredit qalıq məbləği, 5389,12 manat faiz məbləği borcu mövcuddur. Əsas və faiz borcu üzrə gecikdirilən günlərin sayı 4298 gündür. Kreditin ilkin və son müqavilə üzrə bitmə tarixi xx.xx.2010-cu ildir. LPO QSC «xxxx» KB-nin xx xxxxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixə bank əməliyyat sisteminin məlumatlarına əsasən İddiaçı LPO QSC «xxxx» KB-yə xx.xx.2008-ci il tarixli KM FŞ 5162/T (**********) saylı kredit müqaviləsi üzrə 1.752 manat əsas borc və 5.389 manat 12 qəpik məbləğində faiz öhdəliyi mövcuddur. Habelə həmin cavaba xx xxxxxx 2008-ci il tarixli KM FŞ 5162/T saylı kredit müqaviləsinin surəti əlavə edilmişdir. Həmin müqavilədən görünür ki, QSC «xxxx» KB tərəfindən İddiaçı xx xxxxxx 2009-cu il tarixədək (18 ay müddətinə, illik 25 %) ödənilmək şərti ilə 2.076 manat kredit verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyə xitam verilməsi və həmin kreditə aid gecikmə qeydinin mərkəzləşdirilmiş kredit reyestrindən silinməsi xahiş edilsə də, LPO QSC «xxxx» KB-nin məhkəmənin sorğusuna cavab məktubunda isə xx.xx.2008-ci il tarixli kredit müqaviləsindən bəhs edilir. Yuxarıda qeyd edilən və iş materiallarına əlavə olunmuş Azərbaycan Kredit Bürosundan Çıxarışdan da görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixli kredit üzrə 1752 manat kredit qalıq məbləği, 5389,12 manat faiz məbləği borcu mövcuddur və həmin müqavilə üzrə əsas və faiz borcu üzrə gecikdirilən günlərin sayı 4298 gündür (4298 gün \ 365 gün = təxminən 11 il 7 ay). Cavabdeh tərəfindən iddiaçının iddia tələbində qeyd edilən müqavilə üzrə (xx.xx.2008-ci il tarixli) hər hansı sübut, habelə onun son ödəniş tarixi və məbləği barədə məhkəməyə məlumat təqdim olunmamışdır. Göründüyü kimi, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə icra müddətinin başa çatmasına görə xitam verilməlidir. Mübahisəyə tətbiq edilməli maddi hüquq normalarından göründüyü kimi; Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (Mülki Məcəllənin 527.1-ci maddəsi). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (Mülki Məcəllənin 551.2.1-ci maddəsi). Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. (Mülki Məcəllənin 551. 1-ci maddəsi) Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır (Mülki Məcəllənin 552.1-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, mübahisə predmeti olan xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə gecikdirilən günlərin sayı 4298 gündür (4298 gün \ 365 gün = təxminən 11 il 7 ay) və bu, o deməkdir ki, müqavilə üzrə öhdəliklərə müddətin keçməsinə görə xitam verilməlidir. Göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə LPO QSC «xxxx» KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliklərinə xitam verilməli, kredit müqaviləsi üzrə aktiv öhdəliklərin olmasına dair Azərbaycan Kredit Bürosunun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın həmin Reyestrə təqdim edilməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə LPO QSC «xxxx» KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliklərinə xitam verilsin. Kredit müqaviləsi üzrə aktiv öhdəliklərin olmasına dair Azərbaycan Kredit Bürosunun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın həmin Reyestrə təqdim edilməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar