Məhkəmə qərarları › İş №2(006)-4795/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4795/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4795/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bəhram oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «müraciətə cavab verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəhram oğlu cavabdeh "xxxx" ASC-yə qarşı «müraciətə cavab verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə 19.04.2021-ci il tarixdə göndərdiyi müraciətin cavablandırılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bəhram oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21 sentyabr 2020-ci il tarixli 17/68 nömrəli 137042-4 saylı Binəqədi rayon İcra və Probasiya şöbəsi və Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən fevral ayında göndərilmiş, məhkəmə qərarı əsasında cavabdehdən tutulub ona verilməli olan pul bu günə kimi bank tərəfindən verilməmişdir. Bununla bağlı 19.04.2021-ci il tarixdə rəsmi müraciət etmişdir. Bu günə kimi müraciətinə cavab verilməmişdir. İddiaçı Bəhram oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaçıya təqdim edilməsi üçün iddiaçının 19 aprel 2021-ci il tarixli müraciətinə 13 avqust 2021-ci il tarixli 41-9914/2021 saylı cavab məktubu təqdim etdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Bəhram oğlu 19 aprel 2021-ci il tarixdə əl ilə yazılmış ərizə ilə "xxxx" ASC-yə müraciət edərək, iddiaçı ilə digər vətəndaş arasında olan mübahisə üzrə verilmiş icra vərəqəsinin icrası ilə bağlı onu narahat edən sualla bağlı araşdırma aparıb nəticəsi barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir (Binəqədi rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(001)-2754/2008 saylı icra vərəqəsi və icra işi ilə bağlı məktublardakı məlumatlara əsasən). Cavabdehin nümayəndəsi X3 həm məhkəməyə, həm də iddiaçıya təqdim edilməsi üçün iddiaçının 19 aprel 2021-ci il tarixli müraciətinə 13 avqust 2021-ci il tarixli 41- 9914/2021 saylı cavab məktubu təqdim etmişdir. "xxxx" ASC-nin 13 avqust 2021-ci il tarixli 41-9914/2021 saylı həmin cavab məktubundan görünür ki, iddiaçının müraciətinə "xxxx" ASC-də baxılmışdır. İddiaçının diqqətinə çatdırılmışdır ki, X1 (icra vərəqəsi üzrə borclu) pensiyasından tutmanın aparılmasına dair Binəqədi rayon İcra və Probasiya şöbəsinin 28.10.2020-ci il tarixli 17/68-137042-4 saylı məktubu ilə banka ünvanlanmış müraciəti "xxxx" ASC tərəfindən 06.11.2020-ci il tarixdə 41-6875/2020 saylı məktubla cavablandırılmış və pensiyaçıların adına həmin dövrdə bank hesablarının açılmaması və pensiyaçılara məxsus plastik kartlara pensiya məbləğinin birbaşa DSMF-ə məxsus bank hesabından köçürülməsi səbəbindən tutmanın aparılmasının mümkün olmaması barədə məlumat verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və "xxxx" ASC arasında pensiyadan tutmaların hansı qaydada aparılmasına dair görüş keçirilmiş və bank tərəfindən pensiyaçılara bank hesablarının açılması, İcra qurumları tərəfindən isə silinmələrin pensiya hesablarına inkasso sərəncamlarının qoyulması yolu ilə həyata keçirilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlara və hal-hazırda "xxxx" ASC vasitəsi ilə pensiya alan şəxslərə bank hesablarının açıldığını nəzərə alaraq bildirilmişdir ki, Binəqədi rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli 2(001)-2754/2008 saylı icra vərəqəsi əsasında Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən inkasso sərəncamları təqdim edildiyi təqdirdə, icra sənədində nəzərdə tutulmuş tələb bank tərəfindən icra ediləcəkdir. İddiaçıdan məktubda qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehə müraciət ünvanlamış və cavabdeh tərəfindən müraciət vaxtında cavablandırılmamışdır. Bunun səbəbi üzürlü olsa da belə, vətəndaşın müraciətinə qanunla müəyyən edilmiş qaydada və vaxtda cavab verilməlidir. Məhkəmə qeyd edir ki, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Qanunun 1.2-ci maddəsinə əsasən vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Qanunun 1.3-cü maddəsinə əsasən irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır. Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Qanunun 10.2-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən iddiaçının müraciəti vaxtında cavablandırılmalı idi. Lakin, obyektiv, yaxud subyektiv səbəblərdən asılı olmayaraq həmin müraciətə vaxtında cavab verilməməsi iddiaçının hüquqlarını pozur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bəhram oğlunun "xxxx" ASC-yə 19.04.2021-ci il tarixdə göndərdiyi müraciətin cavablandırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bəhram oğlunun "xxxx" ASC-yə 19.04.2021-ci il tarixdə göndərdiyi müraciətin cavablandırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar