Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-480/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini cəlb etməklə Cavabdeh MTK-ya qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, əmlakın təhvil verilməsi və icarə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini cəlb etməklə Cavabdeh MTK-ya qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, əmlakın təhvil verilməsi və icarə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-ci il tarixli 86 saylı qərarının icrası olaraq Bakı şəhəri Nəsimi rayon lcra Hakimiyyətinin xx xxxxxxxx 2017-ci il tarixli 248 saylı sərəncamına və İcra Hakimiyyəti ilə "Cavabdeh" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqaviləyə uyğun olaraq cavabdeh ilə iddiaçı arasında Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixli Köçürülmə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən 74.2 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini MTK-nın sərəncamına vermiş, MTK isə əvəzində həmin ərazidə tikiləcək binanın birinci mərtəbəsində giriş hissəsi 4.20 metr olmaqla 50.0 kv.m, həmin sahənin üstünə düşməklə ikinci mərtəbədə 100 kv.m qeyri-yaşayış sahəsini müqavilə bağlandığı tarixdən maksimum 24 ay ərzində iddiaçıya təhvil verməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Lakin hal-hazırda cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər, o cümlədən həmin müqavilədə istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-ci il tarixli 86 saylı qərarının tələbləri yerinə yetirilməməkdədir. İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 74.2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixli texniki Pasportda da əks olunduğu kimi xidməti sahəsi 59,7 kv.m., dəhliz 7 kv.m., sanitar qovşaq 7.5 kv.m olmaqla qeyri-yaşayış üçün tam əlverişli geniş şəraitdə olmuşdur. O cümlədən kv.m-lərdə heç bir itkilər mövcud olamışdır. Həmin qeyriyaşayış sahəsinin ümumi giriş hissəsi heç bir maneə ilə məhdudlaşdırılmamışdır. Bu öz əksini iddia ərizəsinə əlavə olunan fotoşokillərdə də tapmışdır. İddiaçı tərəfindən həmin əmlak miixtəlif vaxtlarda müxtəlif şəxslərə icarəyə verilmişdir. İcarə obyekti əlverişli olmadığı hallarda həmin obyektin icarəyə götürülməsindən söhbət gedə bilməzdi. Cavabdeh iddiaçı ilə notarial qaydada müqavilə bağlayarkən ona tikiləcək binada əvvəlki yerində, giriş hissəsi məhdudlaşdırılmayan, mövcud vəziyyətdən daha yaxşı şəraitli və əlverişli yeni qeyri-yaşayış sahəsinin verəcəyi barədə məlumat vermiş, bu əsasla müqavilə bağlanmışdır. Hal-hazırda, bina tikildikdən sonra cavabdeh iddiaçının 1-ci qrup gözdən əlil olmasından istifadə edərək ona əvvəlki yerində, əlverişli və giriş hissəsi məhdudlaşdırılmayan qeyri-yaşayış sahəsi vermək niyyəti əvəzinə, digər tərəfdə yerləşən və tam əlverişsiz şəraitli qeyri-yaşayış sahəsi təklif etmişdir. Göründüyü kimi cavabdeh ilk əvvəldən iddiaçının 1-ci qrup gözdən əlil və yaşlı olduğuna görə aldatmaq və ilk başdan müqavilə üzrə öhdəliyi tam şəkildə deyil, digər qeyri-yaşayış sahəsinin verilməsi ilə yerinə yetirmək niyyətində olmuşdur. Cavabdeh ilə iddiaçı arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 1.1.-ci bəndində qeyd edilir ki, eyni zamanda "Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulan mülkiyyətində 74.2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinin əvəzində tikiləcək binanın 1-ci mərtəbəsində, giriş hissəsi 4.20 metr olan 50 kv.metr təmirsiz qeyri-yaşayış sahəsini və həmin sahənin üstünə düşməklə 2-ci mərtəbədən 100 kv.metr təmirsiz qeyri-yaşayış sahəsini “Mülkiyyətçi"-nin sərəncamına verməyi öhdəsinə götürür." İddiaçı tərəfindən cavabdehə pretenziya məktubları göndərilməsinə baxmayaraq, bugünə kimi müvafıq tədbirlər görülməmişdir. Göstərilənlərə əsasən, cavabdeh ilə iddiaçı arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli köçürülmə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi, ünvan 1 ünvanında cavabdeh tərəfındən tikilmiş yeni binada iddiaçının 74.2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə və həmin qeyri-yaşayış sahəsi kimi əlverişli (sütünlar və kv.metrlərində itkilər olmayan) olan birinci mərtəbəsində giriş hissəsi heç bir maneə ilə məhdudlaşmayan 4,20 metr olmaqla 50.0 kv.m, həmin sahənin üstünə düşməklə ayrıca girişi olan ikinci mərtəbədə 100 kv.m qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi, xx.xx.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhvil-təslim aktı imzalana qədər aylıq 1250 manat icarə haqqının ödənilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat daxil olmamışdır. Odur ki, məhləmə qeyd olunan mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaya uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə prosesində iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 izahat verərək mülki işin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Köçürülmə müqaviləsindən görünür ki, cavabdeh iddiaçının söküntüsü nəzərdə tutulan mülkiyyətində 74,2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinin əvəzində tikiləcək binanın 1-ci mərtəbəsində, giriş hissəsi 4,20 metr olan 50,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsini və həmin sahənin üstünə düşməklə 2-ci mərtəbədən 100,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsini iddiaçının sərəncamına verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.7-ci bəndinə əsasən yeni binanın tikintisi 24 ay müddətindən keçərsə hər gecikən ay üçün cavabdeh tərəfindən iddiaçıya hər ay 1250 manat icarə haqqı ödənilir. Beləliklə, iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018ci il tarixli Köçürülmə müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçının söküntüsü nəzərdə tutulan mülkiyyətində 74,2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinin əvəzində tikiləcək binanın 1-ci mərtəbəsində, giriş hissəsi 4,20 metr olan 50,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsini və həmin sahənin üstünə düşməklə 2-ci mərtəbədən 100,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsini iddiaçının sərəncamına verməyi, eyni zamanda yeni binanın tikintisi 24 ay müddətindən keçərsə hər gecikən ay üçün iddiaçıya hər ay 1250 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İşin hallarından göründüyü kimi cavabdeh xx.xx.2018-ci il tarixli Köçürülmə müqaviləsi ilə tikiləcək binanın 1-ci mərtəbəsində, giriş hissəsi 4,20 metr olan 50,0 kv.metr və həmin sahənin üstünə düşməklə 2-ci mərtəbədən 100,0 kv.metr təmirsiz qeyri-yaşayış sahələrini iddiaçının sərəncamına verməyi öhdəsinə götürmüşdür. Yəni iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsi kimi əlverişli (sütünlar və kv.metrlərində itkilər olmayan) olan birinci mərtəbəsində giriş hissəsi heç bir maneə ilə məhdudlaşmayan qeyri-yaşayış sahəsini onun sərəncamına verməyi cavabdeh öhdəlik götürməmişdir ki, bu halda iddia göstərilən hissədə təmin oluna bilməz. Məhkəmə icarə haqqına münasibətdə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, müqavilənin bağlandığı tarixdən 3 ildən, yəni 36 aydan artıq müddət keçməsinə baxmayaraq qeyri-yaşayış sahələri iddiaçıya təhvil verilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış köçürülmə müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən iddiaçının söküntüsü nəzərdə tutulan mülkiyyətində 74,2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin əvəzində cavabdeh tərəfindən tikiləcək yeni binanın 1-ci mərtəbəsində, giriş hissəsi 4,20 metr olan 50,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsi və həmin sahənin üstünə düşməklə 2-ci mərtəbədən 100,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməli, xx.xx.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhvil-təslim aktı imzalanana qədər aylıq 1250 manat icarə haqqının ödənilməsi cavabdehin üzərinə öhdəlik kimi qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış köçürülmə müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən İddiaçı söküntüsü nəzərdə tutulan mülkiyyətində 74,2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin əvəzində Cavabdeh MTK tərəfindən tikiləcək yeni binanın 1-ci mərtəbəsində, giriş hissəsi 4,20 metr olan 50,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsi və həmin sahənin üstünə düşməklə 2-ci mərtəbədən 100,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin, xx.xx.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhvil-təslim aktı imzalanana qədər aylıq 1250 manat icarə haqqının ödənilməsi Cavabdeh MTK-nın üzərinə öhdəlik kimi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-480/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-480/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver