Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4814/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə onu mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, MH seriyalı 024191 nömrəli xx xxxxxxx 1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin tam mülkiyyətçisidir. 2017-ci ildə iddiaçı iş üzrə cavabdeh olan gəlinini, Cavabdeh, birinci nikahdan olan həddi-buluğa çatmamış uşağı ilə birgə yuxarıda göstərilən ünvanda yerləşən mülkiyyətində olan mənzilə qeydiyyata aldırmışdır. İddiaçının cavabdehin arasında heç vaxt mülkiyyətində olan mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən hər-hansı bir yazılı razılaşma olmayıb. Bu səbəbdən də cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Bir müddət iddiaçının mənzilində yaşadıqdan sonra, cavabdeh iddiaçıdan tələb etdi ki, iddiaçı mənzilini satsın, satışda əldə etdiyi pula isə, onun üçün başqa bir yaşayış sahəsi alsın. İddiaçı buna razı olmadı. Bu zəmində cavabdeh iddiaçının mənzilində yaşayan zaman dəfələrlə iddiaçıya qarşı kobudluq edərək, iddiaçını oğlunun və digər ailə üzvlərinin yanında alçaldaraq təhqir edib. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH 024491 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxxxx 1996-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin Maps şöbəsinin arayışında göstərilir ki, xx xxxxxx 1988-ci il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, mübahisəli mənzilə dair tərəflərin arasındaki münasibətlər həmin mənzilə köçürülmə ilə bağlı iddiaçıya 1996-cı ildə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH 024491 saylı qeydiyyat vəsiqəsinin verildiyi tarixindən yaranmağa başlamışdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair” xx xxx 2008-ci il tarixli qərarına əsasən, «2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Məhkəmə hesab edir ki, tərəflərin arasında yaranmış mübahisə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil məcəlləsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 123-cü maddəsinə əsasən, «yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır». Eyni Məcəllənin 60-cı maddəsinə əsasən, «kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir». Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə isə, «kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə; müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.» «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunur, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir». Bundan başqa, cavabdehin mübahisəli ünvanda bu günədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, cavabdeh artıq yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 111, 22 saylı mənzildə yaşamaması, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratması, onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə əsas verir. Odur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 111, 22 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 111, 22 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. İstifadə hüququnun itirilməsi Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 111, 22 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4814/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4814/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver