Məhkəmə qərarları › İş №2(006)-4816/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4816/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4816/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında birgə nikahdan xx.xx.2009-cu il tarixdə doğulmuş X6 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 adlı uşaqları ilə birlikdə cavabdehlə birgə nikah dövründə Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda inşa edilmiş evə (özbaşına tikiliyə) köçürülməsi, iddiaçı ilə cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş və Cavabdeh adına qeydiyyatda olan «MERCEDES-BENZ C180» minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 2/3 hissədə iddiaçının, 1/3 hissədə Cavabdeh payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında birgə nikahdan xx.xx.2009-cu il tarixdə doğulmuş X6 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 adlı uşaqları ilə birlikdə cavabdehlə birgə nikah dövründə Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda inşa edilmiş evə (özbaşına tikiliyə) köçürülməsi, iddiaçı ilə cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş və Cavabdeh adına qeydiyyatda olan «MERCEDES-BENZ C180» minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 2/3 hissədə iddiaçının, 1/3 hissədə Cavabdeh payının müəyyən edilməsi, həmin avtomobilin hərracdan satılması və əldə olunmuş vəsaitin 2/3 hissəsinin iddiaçıya, 1/3 hissəsinin isə cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə nişan mərasimi olmuşdur. Nişan mərasimi zamanı iddiaçının atası cavabdehin atası X1 bildirmişdir ki, mənzil alınmayınca toy mərasimi olmayacaq. Cavabdehin atası Xeyirbala Nadirov isə bildirmişdir ki, onun Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda yerləşən evinin həyətində boş sahə var və orada iki ailə köməkləşib yeni evlənənlər üçün ev tikmək olar. Bundan sonra hər iki ailənin razılığı və birgə vəsait hesabına toy mərasiminə kimi, yəni xx.xx.2008-ci il tarixinə qədər ev inşa edilmiş və yaşayış üçün qismən hazır vəziyyətə gətirilmişdir. Evin inşasına xərclərin yarısından çoxunu iddiaçının həyat yoldaşı və qaynatası çəkmiş, ödənişin bir hissəsini iddiaçının atası təmin etmiş, ailə qurduqdan sonra isə təmir xərclərinin əksər hissəsini də iddiaçının atası çəkmişdir. Evin inşa edilməsinə başladıqdan sonra, yəni xx.xx.2008-ci il tarixdə tərəflər arasındakı rəsmi nikah 658 nömrə ilə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış, toy mərasiminə bir neçə gün qalmış iddiaçının cehiz əşyaları həmin yeni tikilmiş evə gətirilmiş və 02.11,2008-ci il tarixdə baş tutmuş toy mərasimindən sonra iddiaçı həmin evə gəlin köçmüşdür. Həmin tarixdən də həmin ünvanda yaşayır və bu gün də cehiz əşyaları həmin evdədir. Həmin ev özbaşına tikilidir, yəni müvafiq razılıq alınmadan tikilmiş, bu gün də heç bir sənədi yoxdur. Eyni zamanda qeyd edildiyi kimi, tərəflərin, yəni hər iki ailənin birgə vəsaiti hesabına, faktiki olaraq birgə nikah dövründə inşa və təmir edilmişdir. İddiaçı həmin ünvanda qeydiyyatsız, uşaqları və əri isə qeydiyyatda olmaqla yaşayır. Həmin evdə birgə nikahdan xx.xx.2009-cu il tarixdə X6 və xx.xx.2015-ci il tarixdə X4 adlı uşaqları olmuşdur. Rəsmi nikaha daxil olduqdan sonra tərəflər arasında bir müddət münasibətlər yaxşı olmuş, son vaxtlar isə münasibətlər pozulmuşdur. Nəticədə Nəsimi rayon Məhkəməsinin 2(006)-3240/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 658 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2009cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamənin “alimentin tutulması” hissəsində dərhal icra edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsinin “alimentin tutulması” hissəsində icra vərəqəsi ünvana daxil olan gün, yəni xx.xx.2020-ci il tarixdə iddiaçının qaynı, qaynının arvadı, qaynanası və qaynatası birləşərək iddiaçını yaşadığı həmin evdə dəhşətli dərəcədə döymüş, iddiaçının həmin şəxslər tərəfindən döyülməyinin qarşısını almaq istəyən azyaşlı uşaqlarını isə əri Cavabdeh tutub saxlayaraq, onları müdaxilə etməyə qoymamış, nəticədə iddiaçı azyaşlı uşaqlarının gözü qarşısında işgəncələrə məruz qalmış və min bir əziyyətlə qurub yaratdığı evdən qovulmuşdur. Bundan sonra iddiaçı polisə müraciət etmiş və hazırda Nəsimi RPİ-də araşdırma aparılır. Həmin hadisədən sonra iddiaçının əri Cavabdeh və qaynatası Xeyirbala Nadirov iddiaçını və azyaşlı uşaqlarını həmin evdə yaşamağa buraxmamışlar. İddiaçı dəfələrlə onların bu hərəkətləri barədə polisə müraciət etsə də, polis bir neçə dəfə onu mənzilə məskunlaşdırmış, lakin hər dəfə axşam işdən qayıdarkən cavabdehlərin evin giriş qapısının açarının dəyişdirməsi nəticəsində iddiaçı evə daxil ola bilməmişdir. Nəticədə müvəqqəti olaraq azyaşlı uşaqları ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün olan valideynlərinin yanında qalmaq məcburiyyətində qalmışdır. Halbuki azyaşlı uşaqları həmin evdə daimi qeydiyyatdadırlar. Özü isə məcburi köçkün kimi Cəbrayıl rayonu, Alıkeyxalı kəndində qeydiyyatda olsa da, rəsmi və yeganə yaşayış yeri ailə quraraq gəlin köçdüyü və qovulana, yəni 2020-ci ilin avqust ayının 7-nə qədər yaşadığı həmin evdir. İddiaçının və azyaşlı uşaqlarının digər yaşayış sahəsi yoxdur. İşə əlavə edilən Nəsimi rayonu MKTB 59 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, M18 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsində yerləşən 159 saylı evdə qeydiyyatsız yaşayır; Ailə tərkibi: həyat yoldaşı Cavabdeh, oğlu X7 -2009-cu il və oğlu X5 - 2015-ci il. İşə əlavə edilən Nəsimi rayonu MKTB 59 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, M19 saylı arayışından görünür ki, X7 - 2009-cu il, Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsində yerləşən 159 saylı evdə qeydiyyatdadır. İşə əlavə edilən Nəsimi rayonu MKTB 59 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, M20 saylı arayışından görünür ki, X5 - 2015-ci il, Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsində yerləşən 159 saylı evdə qeydiyyatdadır. Müvafiq sorğuya Nəsimi rayonu MKTB 59 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, T39 saylı arayışından görünür ki, Cavabdeh (1983-cü il) Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsində yerləşən 159 saylı evdə qeydiyyatdadır; yaşadıqları ev özbaşına tikilidir; Ailəsi də bu ünvanda yaşayır. Aşağıda göstərilən ailə tərkibi ilə: 1) həyat yoldaşı İddiaçı (1990-cı il), 2) oğlu X7 (2009-cu il), 3) oğlu X5 (2015-ci il). İşə əlavə edilən Cavabdeh, X7 və X2 şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətindən görünür ki, həmin şəxslər Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsində yerləşən 159 saylı evdə qeydiyyatdadır. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş və cavabdeh adına qeydiyyatda olan «MERCEDES-BENZ C180» minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin (həmin avtomobil barədə arayış təqdim ediləcəkdir) üzərində 2/3 hissədə iddiaçının, 1/3 hissədə Cavabdehin payının da müəyyən edilməsi, həmin avtomobilin hərracdan satılması və əldə olunmuş vəsaitin 2/3 hissəsinin iddiaçıya, 1/3 hissəsinin isə cavabdehə ödənilməsi və barədə qətnamə qəbul edilməlidir. Belə ki, həmin avtomobil ər-arvadın birgə nikah dövründə əldə edilmiş və həmin avtomobil bölünərkən yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində qalması və mənafeyi nəzərə alınmalı, bu səbəbdən tərəflərin birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölünməyə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3240/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 658 nömrə ilə qeyd edilmiş nikah pozulması, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 59 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, M18 №-li arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsində yerləşən 159 saylı evdə qeydiyyatsız yaşayır. Ailə tərkibi: həyat yoldaşı Cavabdeh, oğulları X7 və X5. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «MERCEDES-BENZ C180» minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. (şəhadnamə xx.xx.2016-cı il tarixdə verilmişdir). Məhkəmə iddia tələbinin iddiaçının uşaqları ilə birlikdə cavabdehlə birgə nikah dövründə Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda inşa edilmiş evə (özbaşına tikiliyə) köçürülməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Əmlak hüququ əmlakın mülkiyyətçisi olmayan şəxslərə də şamil edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və iddiaçı cavabdehlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda inşa edilmiş evdə (özbaşına tikilidə) yaşamağa başlamışdır. Onların birgə nikahından 2009-cu ildə Xalid, 2015-ci ildə isə Sübhan adlı övladları anadan olmuş və uşaqlar qeyd olunan evə pasport qeydiyyatına alınmışlar. Tərəflər arasında bağlanmış nikah xx.xx.2020-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra iddiaçı həmin evdə yaşamaqda davam etsə də, iddia dəlillərinə əsasən cavabdehin və onun ailəsinin hərəkətləri ucbatından iki uşağı ilə birlikdə həmin evdən çıxmağa məcbur olmuşdur. Buna ailədaxili münasibətlər səbəb olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda inşa edilmiş fərdi yaşayış evinin reyestrdə qeydə alınmamış əmlak (özbaşına tikili) olduğu da işin mübahisələndirilməyən halıdır. İddiaçının iddiasına görə həmin ev cavabdehlə nişanlı olduqları dövrdə həm öz atasının, həm da cavabdehin atasının maddi yardımı ilə tikilmişdir. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqi nəticəsində evdən çıxmaq məcburiyyətində qalmışdır. Ona görə də 3cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bundan başqa, məhkəmə iddiaçının iki uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçının özü mübahisəli mənzilə köçürüldüyündən uşaqların da orada yaşamasına qadağalar qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının yaşayış yeri sayıldığından və cavabdehin onu həmin evə buraxmaması səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olduğundan, bununla da o, yaşadığı evdən qanunsuz olaraq məhrum olunduğundan, iddia tələbi evə köçürülmə hissəsində təmin edilməli və iddiaçı iki uşağı ilə birlikdə mübahisəli evə köçürülməlidir. Məhkəmə iddia tələbinin tərəflərin birgə nikah dövründə əldə edilmiş və Cavabdeh adına qeydiyyatda olan «MERCEDES-BENZ C180» minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 2/3 hissədə iddiaçının, 1/3 hissədə cavabdehin payının müəyyən edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadin əldə etdikləri əmlak onlarin ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə:ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ərarvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Adı çəkilən Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Qeyd edilən Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflərin birgə nikahı dövründə «MERCEDES-BENZ C180» minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətinə keçmişdir. Məhkəmə, ilk növbədə iddiaçının mübahisəli əmlaka mülkiyyət hüququnun tanınması hissəsinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən əmlakın birgə nikah dövründə alındığı sübut olunduğundan iddiaçı həmin əmlak üzərində pay hüququnun tanınmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, sözügedən avtomobil üzərində payın hansı qaydada müəyyən edilməsi ilə bağlı qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Yəni qanunda tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmaması halında ümumi birgə mülkiyyətdə olan əmlak üzərində tərəflərin bərabər paylara məxsus olması prezumpsiyası müəyyən edilmişdir. Məhkəmə, qanuni prezumpsiyanı və tərəflər arasında hər hansı ayrı qaydanın olmadığını nəzərə alaraq hesab edir ki, «MERCEDES-BENZ C180» minik markalı, **-OK- *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə İddiaçı payları müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin avtomobilin hərracdan satılması və əldə olunmuş vəsaitin 2/3 hissəsinin iddiaçıya, 1/3 hissəsinin isə cavabdehə ödənilməsi hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5.). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014-ci il tarixli Qərarında göstərilmişdir ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onlarına paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilən hüquq normalarından habelə, Konstitusiya Məhkəməsinin Plenum qəraranın məzmunundan göründüyü kimi, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi pay əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Eyni zamanda paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Beləliklə, sadalanan maddi hüquq normalarının mənasından görünür ki, mübahisəli əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi üçün paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi, ondan payın ayrılması və ya payın naturada ayrılması mümkün olmadığı halda isə payın dəyərinin ödənilməsi üsulu və şərtləri haqqında razılığa gəlməyə cəhd göstərməli, bu kimi razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməli və bu zaman ümumi əmlakın bölünməsinin və ya ondan pay ayrılmasının açıqaşkar məqsədəuyğun olmaması müəyyən edilməlidir. Lakin işin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdehin paylı mülkiyyətində olan mübahisəli avtomobilin naturada bölünməsi qeyri-mümkün olsa da, mülkiyyətçilər Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində nəzərdə tutulmuş digər qaydalara və ardıcıllığa riayət etməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi avtomobilin hərracdan satılması və əldə olunmuş vəsaitin 2/3 hissəsinin iddiaçıya, 1/3 hissəsinin isə cavabdehə ödənilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda inşa edilmiş evə köçürülməli, «MERCEDES-BENZ C180» minik markalı, **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə İddiaçı payları müəyyən edilməli, iddia digər hissələrdə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda inşa edilmiş evə köçürülsün. «MERCEDES-BENZ C180» minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə İddiaçı payları müəyyən edilsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbu edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar