Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4823/2024 23.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin 24 iyul 2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci ildə cavabdeh "xxxx" ASC-nin X9 Təchizatı və Satış İdarəsinin X3 ESS-nin balans şöbəsində 2 (iki) ay sınaq müddəti ilə nəzarətçi mühəndis vəzifəsinə təyin edilmişdir. 01 aprel 2017-ci il tarixində X2 həmin vəzifədə saxlanılmaqla Şirvan RETSİ-nin tabeliyinə keçirilmiş, 24 may 2019-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin 6-cı bəndinə əsasən öz xahişi ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 21 iyun 2019-cu il tarixində "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin X2 fəhlə peşəsinə işə qəbul edilmiş, 02 noyabr 2020-ci il tarixində X3 Enerji satışı şöbəsinə, 14 iyun 2022-ci il tarixində Şirvan RETSİ X5 Enerji satışı şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə keçirilmişdir. "xxxx" ASC-nin 24 iyul 2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi müddət ərzində əmək müqaviləsi üzrə üzərinə düşən bütün vəzifə və öhdəliklərini layiqincə yerinə yetirmiş, işəgötürənlə aralarında heç bir anlaşılmazlıq, narazılıq və işində qüsur olmamış, işəgötürən tərəfindən irad, xəbərdarlıq, cəza almamışdır. Ərizə iddiaçıya məcbur yazdırılmışdır. "xxxx" ASC-nin 24 iyul 2024-cü il tarixli əmri qanunsuzdur. Əvvəlki işinə qayıtmaq istədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh "xxxx" ASC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələb üzrə iddia müddəti keçdiyindən, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı Şirvan RETSİ X4 fəhlə vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Şirvan RETSİ-nin X4 nəzarətçi mühəndis vəzifəsinə, xx.xx.2022-ci il tarixdə Şirvan RETSİnin X5 Enerji Satış şöbəsində nəzarətçi mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı şəxsi ərizəsi ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. Şirvan RETSİ-nin X5 Enerji Satış şöbəsində nəzarətçi mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2024cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2024-cü il tarixdə Bakı 10 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçıya ilkin mediasiya sessiyasında "xxxx" ASC-nin iştirak etməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/10-00507 nömrəli arayış verilmişdir. İddia ərizəsinin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qeydiyyata alındığı nəzərə alınsa, 1 (bir) aylıq iddia müddətinin ötürüldüyü məlum olur. Buna görə də hazırkı iddia tələbinə iddia müddəti şamil edilməlidir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməyib, iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. ******* nömrəli əmək kitabçasında edilmiş 7-10 nömrəli qeydlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci və xx.xx.2022-ci il tarixlərdə müxtəlif şöbələrdə nəzarətçi mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2024cü il tarixli, K/24-03506 №-li əmr əsasında AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.
9. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, KM/19-00300 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı həmin tarixdən X8 Təchizatı və Satışı İdarəsinin struktur tabeçiliyində olan X2 fəhlə vəzifəsinə təyin edilmiş, əmək haqqı 225 manat təşkil etmişdir.
10. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilmiş, o, fəhlə vəzifəsindən nəzarətçi mühəndis vəzifəsinə keçirilmiş, aylıq əmək haqqı 270 manatdan 520 manata artırılmışdır ("xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli əmri iş materiallarına əlavə edilmişdir).
11. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişi və "xxxx" ASC-nin həmin tarixli əmri də iş materiallarına əlavə edilmişdir.
12. İddiaçı tərəfindən "xxxx" ASC-nin sədri Vüqar Əhmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, o, xx.xx.2024-cü il tarixdən ərazinin yaşadığı yerdən uzaq olduğu üçün tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşdən azad olunmaq ilə bağlı etirazı yoxdur.
13. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, k/24-03506 nömrəli əmrindən görünür ki, Şirvan RETSİ Salyan EŞ-nin Enerji Satış şöbəsinə nəzarətçi mühəndisi İddiaçı əmək müqaviləsinə öz xahişi ilə həmin tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmrə əsas şəxsi ərizə olmuşdur.
14. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə k/24- 03506 nömrəli həmin tarixli əmrə əsasən “68.2.a, tərəflərdən birinin təşəbbüsü” əsası ilə xitam verilmişdir.
15. "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 01/05-93 nömrəli bildirişdən görünür ki, əmək müqaviləsinə xitam verilməsini nəzərə alaraq əmək kitabçasını almaq üçün Şirvan RETSİ-nin kadr üzrə mütəxəssisinə müraciət etməsi xahiş olunmuşdur.
16. Bakı 10 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/10-00507 nömrəli arayışından görünür ki, mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2024-cü il olmuşdur. Arayışdan, həmçinin, müəyyən edilir ki, "xxxx" ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci + 10 manat poçt ödənilmişdir (xx.xx.2024-cü il tarixli qəbz iş materiallarına əlavə edilmişdir).
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh "xxxx" ASC-də fəhlə vəzifəsinə işə qəbul edilmiş, bununla da iddiaçı ilə cavabdeh işçi və işəgötürən kimi əmək münasibətlərinə daxil olmuşlar.
18. xx.xx.2020-ci və xx.xx.2022-ci il tarixlərdə iddiaçı müxtəlif şöbələrdə nəzarətçi mühəndis vəzifəsinə keçirilmişdir.
19. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizələrlə cavabdehə müraciət edərək, xx.xx.2024-cü il tarixdən ərazinin yaşadığı yerdən uzaq olduğu üçün tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, işdən azad olunmaq ilə bağlı etirazının olmadığını qeyd etmiş və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, k/24-03506 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun öz xahişi ilə həmin tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həmçinin, həmin tarixdə cavabdeh tərəfindən iddiaçıya bildiriş verilərək, əmək kitabçasını almaq üçün müraciət etməli olduğu şöbə ona bildirilmişdir.
20. İddiaçı xx.xx.2024-cü il tarixdə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi ilə bağlı mediasiya prosesinin tətbiq edilməsi üçün cavabdehə təklif göndərsə də, xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir.
21. İddiaçı xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin 24 iyul 2024-cü il tarixli əmrinin ləğv edilməsi, özünün əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddətində əmək haqqının ona ödənilməsini; cavabdeh isə iddia müddətinin ötürüldüyünü bildirərək və əmrə əsas olmuş ərizənin iddiaçının özü tərəfindən yazıldığını mübahisələndirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmənin mövqeyi:
22. İlk öncə qeyd edilməlidir ki, iddiaçı işdən çıxarılması barədə əmrə əsas olmuş ərizəni şəxsən özünün yazdığını və imzaladığını inkar etmədiyindən, bu hal hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hal kimi qiymətləndirilir.
23. Lakin qeyd edilməlidir ki, iddiaçı ərizəni yazmağa məcbur edildiyini, rəisin bu ərizəni yazmaqla bağlı onu hədələdiyini bildirmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, iddiasını əsaslandırdığını halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərində olsa da, o, ərizəni yazmaqla bağlı məcbur etmə faktının mövcud olduğunu, ərizənin öz iradə ifadəsi olmadığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddiasının əsasını təşkil edən həmin halı məhkəmədə sübuta yetirməmişdir.
24. Belə olan halda məhkəmə hazırkı iddia tələbini əsassız hesab edir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, mübahisələndirilən əmr məhz iddiaçının özü tərəfindən yazıldığı və imzalandığı mübahisəsiz olan ərizəyə əsasən verilmiş, yəni iddiaçının işdən azad olunmasına səbəb məhz onun öz təşəbbüsü olmuşdur.
25. Əmək qanunvericiliyinin tələbinə görə, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. Hazırkı işdə də iddiaçı öz təşəbbüsü ilə işdən azad olunmaq üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə öz növbəsində, onun bu təşəbbüsünü nəzərə alaraq, aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Göstərilən hərəkətlər qanunvericiliyin tələbləri çərçivəsində baş vermişdir.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan və iddiaçı iddiasını əsaslandırdığı halları sübuta yetirmədiyindən, hazırkı iddia tələbi təmin edilməməlidir.
27. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı isə qeyd edilməlidir ki, cavabdeh iddiaçı tərəfindən 1 aylıq iddia müddətinin ötürüldüyünü mübahisələndirsə də, iş materialları əsasında hazırkı iş üzrə iddia müddətinin ötürülmədiyi, iddia ərizəsinin iddia müddətinin axımı davam etdiyi dövrdə məhkəməyə verildiyi müəyyən edilmişdir.
28. Belə ki, xx.xx.2024-cü il tarixdə işdən azad olunan iddiaçı xx.xx.2024-cü il tarixdə müvafiq mediasiya təşkilatına müraciət edərək, cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, bununla da xx.xx.2024-cü il tarixdən başlanan iddia müddətinin axımı 5 gün sonra – xx.xx.2024-cü il tarixdə dayanmış, xx.xx.2024-cü il tarixdə iddiaçı ilkin mediasiya sessiyasında cavabdehin iştirak etməməsi barədə arayışı alandan sonra iddia müddətinin axımı davam etmiş və iddia müddətinin 18-ci günündə - xx.xx.2024-cü il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, hazırkı iddia ərizəsi üzrə iddiaçı tərəfindən qanunvericilikdə bu cür tələblər üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Buna görə də cavabdehin bu dəlili məhkəmə tərəfindən əsassız hesab edilir.
29. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
30. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
32. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 11, 1-ci hissə, b bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: - bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək. Maddə 68, 2-ci hissə, a bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: - tərəflərdən birinin təşəbbüsü. Maddə 69, 3-4, 7-ci hissə. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 83, 1-2, 4-cü hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 296, 2-3, 7-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
33. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 32.1, 32.1.9. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: - bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. Maddə 32.4, 32.4.2. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: - bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 35. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən və onun tələbinin hüquqi əsası olmadığından, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
36. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə məhkəmə xərci kimi ödənilmiş 60 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir.
Nəticə:
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova